Gənc kinorejissorların filmləri niyə efir üzünə həsrət qalıb?
21:10 19.08.2021 (Yenilənib: 00:02 17.11.2021)
© Sputnik / Vladimir Pesnya
/ Abunə olmaq
Son dönəmlər gənc rejissorların filmləri televiziyalarda nümayiş olunmur. Bunun səbəbi nədir? Televiziyalar maraqlı deyil, yoxsa rejissorlar filmlərinin televiziyada yayımlanmasını istəmir. Sputnik Azərbaycan bu məsələni araşdırıb.
BAKI, 19 avqust — Sputnik. Azərbaycan kinosu, milli kinodan danışanda orta statistik azərbaycanlı Sovet dönəmində çəkilən filmlərdən nümunə gətirir. Halbuki müstəqillik dönəmində 100-lərlə film çəkilib, çəkilir. Onların içində xarici ölkələrdə nümayiş olunub mükafatlar alanları da var. Rüfət Həsənovun müəllifi və rejissoru olduğu "Daxildəki ada" tammetrajlı bədii filmi dünyanın ən məşhur festivalı olan Sarayevo Film Festivalında "Ən yaxşı rejissor" mükafatını qazanıb. Həmin festivalda rejissor Hilal Baydarovun "Ad günü" filmi də iştirak edib və "Docu Talent" mükafatını qazanıb. Bundan başqa, 2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya Beynəlxalq Film Festivalının "Qızıl Şir" mükafatına iddialı idi. Azərbaycan kino tarixində ilk dəfə “A” kateqoriyalı festivalın əsas müsabiqəsində yer aldı. Bundan başqa, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallara qatılıb. "Adsız yüksəkliklər" bədii filmi Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında, "Xurmalar yetişən vaxt" filmi 25-ci Sarayevo Kino Festivalında, "Ad günü" filmi Belçikanın “Bridges” Film Festivalında nümayiş olunub.
Amma nədənsə adı çəkilən rejissorların və onların digər həmkarlarının filmləri televiziyalarımızda demək olar ki, nümayiş olunmur. Səbəb nədir? Televiziyalar maraqlı deyil, yoxsa rejissorlar filmlərinin televiziyada yayımlanmasını istəmir. Sputnik Azərbaycan bu məsələni araşdırıb.
"Salaam Cinema Baku"nun həmtəsisçisi, gənc rejissor Leyli Qafarova bildirir ki, televiziyalar bununla bağlı açıq çağırış etməlidirlər:
"Sözün düzü, mən heç vaxt televiziyaya müraciət etməmişəm. Yəqin ki, açıq çağırış olsaydı, bu işlə məşğul olan insanlar filmlərini göndərə bilərdilər. Bu işlə ayrıca bir insan məşğul olmalıdır. Proqram kuratoru kimi filmləri axtarmalıdır. Bu da sistemli şəkildə olmalıdır. Yəqin ki, televiziyalar da maraqlıdırlar, sadəcə bilmirlər necə etsinlər".
Başqa bir sual da ortalığa çıxır ki, bütün filmləri göstərməyə hazır olacaqlarmı? Müxtəlif rejissorların çəkdikləri filmləri nümayiş etdirəcəklər, yoxsa senzura tətbiq olunacaq? Rejissorun sözlərinə görə, bu prosesə başlamaq üçün maddiyyat da əsasdır, yəni, dövlət tərəfindən maliyyələşdirilmiş proqramlar olmalıdır. Həmsöhbətimiz digər ölkələrin praktikasından yararlanmağı təklif edir:
"Digər ölkələrdə xüsusi proqramlar var və buna fokslanıblar. Həm fərqli film baxımından, həm qısametrajlı filmlər baxımından. Bizdə filmlər də çox az istehsal olunur, bu, özü də böyük problemdir. Çox güman ki, sistemin işləməməsi istehsalın az olması ilə bağlıdır. Proqramı dolduracaq istehsal baş vermirsə, bu addımı necə atsınlar? Başqa ölkələrə baxsaq, əslində televiziya karyerasının başlanğıcında olan gənc rejissorlara ödəniş edir. Bunları fərqləndirmək də lazımdır. Amma orada ədalətli davranacaqlarmı? Məsələn, böyük və ya kiçik festivallarda film nümayiş olunanda rejissora müəyyən məbləğ ödənilir. İncəsənəti dəstəkləyən qeyri-hökumət təşkilatları filmlərin istehsalı üçün maliyyə dəstəyi göstərməlidirlər".
Xanım rejissor əlavə edir ki, televiziyalar yerli festivallarla da işləyə bilərlər. Məsələn, televizayalar film festivallarına təklif irəli sürə bilərlər ki, film nümayiş olunsun, festivaldan 6 ay və ya 1 il sonra həmin filmlər bizim televiziyamızda nümayiş olunsun. Bununla həm festivalın reklamına, həm filmlərin daha geniş auditoriyaya çatdırılmasına nail olmaq olar.
Rejissor Elçin Elxanlı da məsələyə münasibətini bildirib. Rejissor təklif edir ki, yerli televiziyalar il boyu müəyyən müddət ərzində gənc rejissorların filmlərini nümayiş etdirsinlər:
"Bir dəfə EL TV-də gənc rejissor İslam Qasımov təşəbbüs irəli sürmüşdü ki, gənc rejissorların filmləri efirdə yayımlansın. Həmin televiziya gənc rejissorların filmlərini topladı. Mənim də filmimi götürdülər. Yaxşı filmləri seçib efirdə nümayiş etdirdilər. Bir müddət onlar efirdə gənc rejissorların filmlərini yayımladılar. Yaxşı olar ki, televiziyalar ildə bir neçə gün, həftə sonları və ya yay aylarında gənc rejissorların filmlərini nümayiş etdirsinlər. Adətən yay aylarında televiziya "setka"sında boşluq olur. Həmin vaxt gənc rejissorların çəkdiyi filmlər arasında yaxşılarını seçib nümayiş etdirmək olar".
Rejissor qeyd edir ki, bəzən müəyyən gənc rejissorlarda təkəbbür olur. "Biz "Youtube" üçün çəkirik", "Bizim öz tamaşaçımız var", "Biz efir istəmirik", "Biz heç televiziyaya baxmırıq" kimi fikirlər səsləndirirlər:
"Düşünürəm ki, hər bir halda film çəkilirsə, tamaşaçı üçün çəkilir. Tamaşaçının da böyük auditoriyası olan yer hələ ki, televiziyadır. Biz şəhərdə yaşayırıq, internet əlimizin altındadır. Amma nəzərə almaq lazımdır ki, ucqar kəndlərimizdə internet şəbəkəsinə qoşulma çox zəifdir. Ucqar kəndlərdə yaşayan insanların əksəriyyətinin internetə çıxışı yoxdur. Onlar yalnız televiziyaya baxırlar".
Rejissor Masər Həsənov bildirib ki, gənc rejissorlar öz filmlərini təqdim etsələr də, çox hallarda kanal qəbul etmir. Rejissor öz filmini müxtəlif televiziyalara təqdim etsə də, onlardan heç bir səs-soraq çıxmayıb: "Onlara reytinq lazımdır. Mənim "Yada sal məni" filmim bir neçə festivalda iştirak edib. Mən bir neçə televiziyaya bununla bağlı müraciət etdim. Söz verdilər, bununla bağlı dəfələrlə söhbətimiz də oldu. Amma nə film nümayiş olundu, nə də onlardan səs-səmir çıxdı".
Masər Həsənovun fikrincə, gənc rejissorların filmlərinin televiziyada yayımlanması orada rol alan aktyorların da tanınmasına kömək edəcək:
"Elə kanallar var ki, az da olsa, nümayiş edirlər. Amma bəzən film festival üçün çəkilir deyə göstərmirlər və ya rejissor daha çox öz filmini kinoteatrda görmək istəyir. Təəssüf ki, bir çox gənc rejissor öz filmini sanki qısqanır və göstərmək istəmir. Səbəblər fərqlidir. Amma inanıram ki, gələcəkdə gənc rejissorlarımızı daha yaxşı tanımaq üçün televiziyalarımız onların filmlərini göstərəcəklər".
M.Həsənovdan fərqli olaraq rejissor Amil Amalın filmi bir neçə dəfə televiziyada yayımlanıb. Bir çox beynəlxalq festivallarda mükafat qazanan rejissor Amil Amalın dediyinə görə, onun "Qara bağ" filmi televiziyada nümayiş olunsa da, müəllif bundan gəlir əldə etməyib: "Bu işlə rəsmi olaraq gənc rejissorlar özləri məşğul olmurlar. Ümumiyyətlə, dövlət sifarişi ilə çəkilən filmlərin TV-lərdə yayımı və onlardan gələn qəpik-quruş işi ilə Kinorejissorlar Gildiyasi məşğul olur. Özəl sektorun filmləri ilə isə həmin filmlərin prodüserləri məşğul olurlar. Deyərdim ki, özəl sektor bu baxımdan daha çox öndədir və daha çox qazanır. Məsələn, mənim "Qara bağ" filmim televiziyada 4 dəfə nümayiş olunub. Milli Kino Günündə “Space” TV-də də yayımlanıb. Filmə görə 1 qəpik də olsun, ödəmədilər. Bundan başqa, film nümayiş olunan vaxt onların sponsorlarının reklamı gedirdi, bu da filmin görüntüsünə xələl gətirirdi. Televiziyalar bundan daha çox pul qazanır. Bir sözlə, bu mexanizm işə düşsə, gənc rejissorlar üçün əslində yaxşı gəlir yeri ola bilər. Həm televiziya qazanar, həm də filmin müəllifi", - deyə A.Amal fikrini tamamlayıb.
Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov bildirir ki, Azərbaycan tamaşaçısı Sovet dönəmindən sonra çəkilən filmləri nədənsə qəbul etməməyə başladı. Onun sözlərinə görə, auditoriya və yeni çəkilmiş filmlər arasında ağır bir pərdə var: "ANS-in dönəmində biz "Yarasa" filminin 1 ay ərzində anonsunu verdik. ANS-də o zaman maaşlarımız reytinqə hesablanırdı. Rejissoru Ayaz Salayev olan "Yarasa" filmi ən az reytinq qazandı. Çünki, adi tamaşaçı üçün bu film maraqlı olmaya bilər. Gənc rejissorların filmlərinin ekranda nümayiş olunmamasının səbəbi odur ki, Sovet dönəmində çəkilən filmlərin yayımına müstəqillik dönəmində çəkilən filmlərdən az məbləğ ödənilir. Bu da gənc rejissorlar üçün bir səddir. Təbii ki, bu da əsas deyil. Müasir filmlərlə müasir tamaşaçı arasında da sədd var. Bu səddi hansısa formada qırmaq lazımdır. Əslində, keçid dövrü yaşayan əksər ölkələrdə bu problem olur. Yəqin ki, zamanla bu problemlər öz həllini tapacaq".
Mövzunu araşdırmaq üçün bir çox televiziya kanallarına müraciət etdik. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva sorğumuza cavab olaraq bildirib ki, AzTV və Mədəniyyət TV gənc rejissorlardan filmlərinin təqdim olunmasını xahiş edir: "AzTV olaraq gücümüz və inkişafımız daxilində gənc rejissorlara hər zaman dəstək verməyə hazırıq. Hazırda kanallarımızda gənc rejissorlar da çalışır və bu gün efirə təqdim olunan filmlərin böyük əksəriyyətini "Telefilm"-də çalışan gənc rejissorlar hazırlayırlar. Bununla belə, kənar rejissorların da filmlərini efirə verməyə hər zaman hazırıq".
"ARB Media Qrup"un mətbuat katibi Mail Əsgərov bildirib ki, gənc rejissorlar filmlərini təklif etsələr, kanal onu nümayiş etdirər: "Hazırda maarifləndirici, milli dəyərlərimizi aşılayacaq filmlərə, verilişlərə ehtiyacımız var. Hər birimiz övladlarımızın maariflənməsi üçün müəyyən filmlər axtarırıq. Bir sözlə, rejissorlar təklif etsələr və film bəyənilərsə, həmin film efirdə nümayiş olunar".
"Xəzər Media Mərkəzindən verilən məlumata əsasən, “Xəzər” TV nəinki gənc rejissorların, bütün yaradıcı gənclərin üzünə açıqdır. Mərkəzdən onu da qeyd ediblər ki, televiziya bu istiqamətdə çoxsaylı təkliflər və müraciətlər alıb: "Hər bir özəl televiziyada olduğu kimi, bizdə də bu proses yaradıcı heyət tərəfindən tənzimlənir, müvafiq addımlar atılır".
Həmçinin oxuyun: