19:29 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
MƏDƏNİYYƏT
Qısa URL
31 0 0

Bu gün Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümüdür. İllər keçməsinə rəğmən, böyük sənətkar sevilir. Onunla münasibəti olan insanlar deyirlər ki, Maqomayev təkcə sənəti yox, insani keyfiyyətləri də yüksək olan insan idi.

BAKI, 17 avqust — Sputnik. Hər il avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılır. Bu gün Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümüdür. İllər keçməsinə rəğmən, böyük sənətkar sevilir. Təkcə öz ölkəmizdə yox, həm də dünyada sevilir. Onunla münasibəti olan insanlar deyirlər ki, Maqomayev təkcə sənəti yox, insani keyfiyyətləri də yüksək olan insan idi.

Onunla tərəf müqabili olan Azərbaycan Respublikasının Xalq artisti Həmidə Ömərova sənətkarla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb:

"1980-ci illərin əvvəlində “Azərbaycanfilm” kinostudiyasında dahi şairimiz Nizami Gəncəviyə həsr olunan "Nizami" filmi çəkilməyə başladı. Hamımız da bilirdik ki, Nizami obrazını dünya şöhrətli müğənni Müslüm Maqomayev canlandıracaq. Film çəkilən vaxt Afaq-Nizami səhnələrini oynayanda filmin rejissoru mərhum Eldar Quliyev mənə dedi ki, Müslüm Maqomayevə bu barədə kömək edim. Çünki bu obraz onun üçün çətindir, çünki o, aktyor deyil. Çəkiliş öncəsi məşq prosesində gördüm ki, o, heç də qeyri-peşəkar kimi davranmır".

"O qədər səmimi, içdən bu işə yanaşmışdı ki, mən onun çətinlik çəkdiyini hiss etmədim", - Həmidə xanım deyir. Dahi sənətkarımızın sadəliyi, səmimiliyi ona rəvac verdi ki, ilk səhnə bir dubla çəkildi: "Heç yadımdan çıxmaz “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda Afaq və Nizaminin səhnəsi çəkiləndə orada bir məqam var idi. Afaq öz taleyini Nizamiyə danışır. Çəkilişdən sonra Müslüm müəllim mənə dedi ki, "sənə təşəkkür edirəm, səninlə bu obrazı o qədər rahat oynayıram ki, bu proses o qədər səmimi gedir ki, mən elə bilirəm ki, Nizamiyəm, sən də Afaqsan. Bu söz mənim üçün ən böyük tərif idi. Onun böyüklüyü onda idi ki, çox mədəni, səmimi insan idi". 

Baxmayaraq ki, o, çox tanınmış idi, dünya şöhrətli müğənni idi. Həddindən artıq sadə insan idi. Hamı ilə səmimi münasibət qururdu: "Biz onun yanında özümüzü tam sərbəst hiss edirdik. Mən bir peşəkar aktrisa ki, deyə bilərəm ki, o, bu rolun öhdəsindən məharətlə gəlib. Çox inandırıcı yaratmışdı bu obrazı. Onun üçün çətin idi təbii ki. Çünki, bu qədər çətin, mühüm psixoloji bir obrazı yaratmışdı. Eldar Quliyevin uşaqlıq dostu idi. 2 il sonra Eldar Quliyev "Burulğan" ("Şəhər kənarında gəzinti" filmin ikinci adıdır) filminin bəstəsini ona həvalə etdi. Pirallahıda adaların birində çəkirdik. Xəbər yayıldı ki, Müslüm Maqomayev adaya gəlir. Hamamızla səmimi görüşdü, mənə "Afaq, necəsən?" dedi. Dedim “Mən indi Tamarayam”. Dedi “Yox, mənim üçün sən həmişə Afaqsan”. Azərbaycan xalqı onu heç vaxt unutmayacaq. Tarix onu unutmayacaq. Azərbaycan musiqi tarixinin, dünya musiqi tarixinin ən məşhur insanını tarix heç vaxt unutmayacaq".

Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, bəstəkar Faiq Sücəddinov da Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşdü:

"Yadımdadır ki, o vaxtlar Müslüm müəllim Filarmoniyada konsert fəaliyyəti ilə məşğul idi. 70-ci illərin əvvəli di. Mənim yadımdadır ki, bir neçə əsərimi Müslüm Maqomayev oxumuşdu. Sonra Müslüm müəllim Azərbaycanı tərk etdi, Moskvaya getdi. Orada "Mavi işıq" adlı veriliş var idi. Orada mahnı oxuyanda böyük anşlaqla qarşılamışdılar".

O dövrdə bütün SSRİ məkanında sevilən sənətkar Dövlətin və Mədəniyyət Nazirliyinin diqqətini cəlb etmişdi. Bütün dövlət tədbirlərində Maqomayev çıxış edirdi. İnsanlar böyük məhəbbətlə onu qarşılayardılar. Moskvada həmişə Azərbaycan mahnılarını oxuyardı, Azərbaycanın adını yüksəklərə qaldırırdı: "O dövrdə Fransada "Olimp" konsert zalı var idi, orada konsert vermişdi. Ona orada qalmağı təklif etmişdilər. Maqomayev buna razılıq verməmişdi".

O, bəstəkar kimi də fəaliyyət göstərirdi. Çox gözəl mahnıları var idi. Onun şah əsəri olan "Azərbaycan" mahnısı onun bəstəsi idi: "Çox nadir səsli, çoxşaxəli bir müğənni idi. O, bizim qürur yerimizdir. O, Rəşid Behbudov kimi, Bülbül kimi Azərbaycanı tanıdıb. Təəssüf ki, dünyasını tez dəyişdi, yaşamalı idi. Baxmayaraq ki, o neçə illərdir ki, dünyasını dəyişib, hələ də onu Moskvada unutmayıblar. O vaxtlar Moskvada estrada-simfonik orkestri var idi. Məni piano kimi dəvət elədilər. Mən o vaxtlar Azərbaycanda fəaliyyət göstərirdim. Tale elə gətirdi ki, mən gedə bilmədim".

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin oxuyun:

Teqlər:
Müslüm Maqomayev

Əsas mövzular