BAKI, 26 iyul — Sputnik. Belqorod Dövlət Milli Tədqiqat Universitetinin (BelDU MTU) arxeoloqları Xəzər xaqanlığı tayfalarının VIII – X əsrlərə aid yaşayış məskənlərində qazma işləri apararkən saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların əkinçilik və həyətyanı heyvandarlıqla məşğul olduğunu, at, iri və xırdabuynuzlu mal-qara, donuz saxladıqlarını, dənli bitkilər yetişdirdiklərini sübut edir.
"Arxeoloqlarımızın əldə etdikləri nəticələr müasir Belqorod vilayəti ərazisində olmuş Saltov-Mayatsk mədəniyyəti nümayəndələrinin oturaq həyat tərzi keçirməsi ilə bağlı mülahizələri təsdiq edir", – deyə BelDU MTU pedaqoji institutunun tarix-filologiya fakültəsinin dekanı Andrey Papkov bildirib.
VII əsrdən X əsrə qədər xəzərlər Şərqi Avropa çöllərində əhəmiyyətli qüvvəyə çevrilir. Onlar özündə çoxsaylı bolqar, alan, hun tayfalarını özündə birləşdirirdi.
VIII əsrdə xəzərlər "Xəzər xaqanlığı" adlı geniş bir dövlət yaradırlar ki, onun da hakimiyyəti Şərqi Avropa xalqlarının böyük hissəsini əhatə edirdi. IX əsrdə xəzərlərin başçıları iudaizmi qəbul edir. Bu, daxili müharibələrə və xəzərlərin zəifləməsinə gətirir.
Xəzər xaqanlığının süqutu X əsrə, Kiyev knyazı Svayotoslavın yürüşü və onların əsas qalalarının məhv edildiyi dövrə təsadüf edir.
Xəzər xaqanlığına dair arxeoloji tapıntılar xəzəryanı bölgələrdə etnik cəhətdən yekcins olmayan əhali tərəfindən yaradılmış Saltov-Mayatsk mədəniyyətinə aiddir.
Bir qayda olaraq Saltov-Mayatsk mədəniyyətinə Podonye çölü, Azovyanı, Taman, Şərqi Krım, Aşağı Volqaboyu və Xəzəryanı Dağıstan əraziləri şamil olunur. Bununla yanaşı, çöl tayfalarının əksəriyyəti köçəri həyat tərzi keçirməkdə davam edirdi.
2021-ci ildə arxeoloqlar Belqorod vilayəti ərazisində iki abidəni tədqiq ediblər. Bunlar Veydelev rayonu ərazisində, Urayeva çayı dərəsində yerləşən "Şpenqarevo kəndi-1" və Alekseyevsk şəhər dairəsində, Qara Kalitva çayının yuxarı axarı boyunca yerləşən "Oturaq kənd-1" yaşayış məskənləridir.
Bir neçə gün ərzində tədqiqatçılar "Şpenqarevo kəndi-1" ərazisində tabaşir qatını yumağa və mədəni qata çıxmağa nail olublar. Burada onlar saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər. Bundan əlavə taxıl və ağac kömür qalıqlarının aşkar edilməsi üçün ərazidən qrunt nümunələri götürülüb.
"Oturaq kənd-1" yaşayış məskənində isə qalınlığı 1,5 m olan mədəni qat aşkar olunub. Burada tapılmış ən qiymətli tapıntılar arasında dəmir biz və metal bıçaq fraqmenti var. Bundan sonra tədqiqatçılar aşkar edilmiş tapıntıları tədqiq etməlidirlər.
Həmçinin oxuyun:
* Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam