QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Polad Həşimov haqda film təqdim olundu

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
General haqda filmin çəkilişləri Azərbaycan Hərb Tarixi Muzeyi, İkinci Fəxri xiyaban, Sumqayıt şəhərində Polad Həşimovun evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Muğam Mərkəzində general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş "Portret 3293" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri, Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak ediblər.

Film "Chelebi Media Group" tərəfindən lentə alınıb. Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi, İkinci Fəxri xiyaban, Sumqayıt şəhərində Polad Həşimovun evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

Zəfərimizin təməlini qoyan general

Məlumat üçün bildirək ki, 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulan general-mayor Polad Həşimov 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edib. Hər bir azərbaycanlının ürəyində özünə taxt qurmuş Milli Qəhrəman iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

Polad Həşimovun iyul ayında şəhid olması sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb. Onu da qeyd edək ki, Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olub.

Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən olan Polad Həşimovun ölümündən sonra Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq, Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Adına mahnılar, əsərlər yazılıb. Bir neçə heykəltaraş onun büstünü və heykəlini, rəssamlar isə onun portretini hazırlayıblar. Doğulduğu Qəbələ rayonunda, Qubada, Sumqayıtda mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib. Təkcə ölkəmizdə deyil, eləcə də qardaş ölkə Türkiyədə də onun adını əbədiləşdimək üçün bir sıra addımlar atılıb. Belə ki, 2020-ci il oktyabrın 2-də Türkiyənin Elazığ ilinin Keban ilçə bələdiyyəsi küçələrin birinə Polad Həşimovun adının verilməsi barədə qərar qəbul edib. 2021-ci ilin yanvarında qərar icra olunaraq küçələrin birinə Polad Həşimovun adı verilib. 2020-ci il oktyabrın 28-də isə Bursa ilinin Osmanqazi ilçəsində Polad Həşimovun adını daşıyan bağın açılışı olub.

Eləcə də oxuyun:

Xəbər lenti
0