Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gözlərimizi və qulaqlarımızı yağır edənlərdən necə qurtulmalı?

© pixabay / StockSnapПевец на сцене, фото из архива
Певец на сцене, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Faiq Sücəddinov deyir ki, telekanallar musiqi siyasətini dəyişsələr, üç aya bayağılığı yığışdırmaq olar. MTRŞ rəsmisi isə televiziya və radio kütləvi olduğuna görə orada səslənən musiqiyə nəzarət edə bilmədiklərini söyləyir.

BAKI, 12 iyul — Sputnik. Bir müddət öncə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi" mövzusunda tədbir keçirilmişdi. Məqsəd televiziyada və radioada yayımlanan mahnıların sözlərinə və musiqilərinə nəzarət idi. Bu, öz nəticəsini verdimi? Televiziya və radioda yayımlanan musiqilərə nəzarət edilməlidirmi? Gözlərimizi, qulaqlarımızı yağır edənlərdən necə qurtulmaq olar? Sputnik Azərbaycan olaraq bu məsələni araşdırdıq.

Bir çox televiziyalarda rejissor kimi fəaliyyət göstərən rejissor Elçin Elxanlı bildirir ki, bayağı musiqinin səsləndirilməsi bir növ özəl televiziya rəhbərlərinin siyasətidir: "Onlar rəhbərlik etdikləri televiziyalarında nələri görmək istəyirlərsə, onu da göstərirlər. Bayağı müğənnilərin təkcə mahnıları səsləndirilsə, dərd yarıdır. Onları verilişə dəvət edirlər, onların həyat yolu işıqlandırılır. Onları nümunəvi bir qəhrəman kimi cəmiyyətə təqdim edirlər. Məncə bu daha dəhşətlidir, nəinki onların musiqilərinin səsləndirilməsi".

Rejissor əlavə edib ki, əvvəllər bir çox telekanallarda musiqi redaktorları var idi. İndi isə əksər telekanallarda bu ləğv olunub:

"Televiziya bir növ bazara çevrilib. Kim ki pul verir, o da nə istəsə, oxuya bilər. Pul verəndən sonra düşünürlər ki, artıq o televiziyanın ağası ola bilərlər. Bu barədə radioda vəziyyət televiziyaya nisbətən yaxşıdır. Amma orada da verilişlərin səviyyəsi daha aşağıdır".

E.Elxanlı bu problemin həllini belə görür: "Mənə elə gəlir ki, tematik kanallar olmalıdır. Telekanallar və radiolar müəyyən janrlara bölünməlidir. Yəni xaotik olaraq hamısı eyni musiqiləri yayımlayır. Fərqli bir məhsulla tamaşaçı qarşısına çıxmırlar. Düşünürəm ki, bunu Milli Televiziya və Radio Şurası edə bilər. O ki qaldı zövqlərin korlanmağına, burada təkcə efirin günahı yoxdur. Artıq 10 ildən çoxdur ki, Azərbaycanda "Youtube" kimi platformaya sərbəst şəkildə girə bilirlər. Oraya kim nə istəsə oxuyub yerləşdirir və onu da milyonlarla insan dinləyir. Hətta efirə çıxan bayağı müğənnidən qat-qat zəif, bayağı oxuyan müğənnilərin ifaları milyonlarla baxış toplayır və onlar trendə düşürlər. Onlar təkcə bizimkilərin yox, Türkiyə, Rusiya və digər ölkələrin tamaşaçısının diqqətini cəlb edə bilirlər. Onsuz da gənclərin böyük bir qismi televizora baxmır. Onlar girib internetə o mahnılara qulaq asırlar. Tamaşaçılar efirlərdən çox giley-güzar edirlər. Baxın, "Youtube" sərbəst platformadır. Orada da maarifləndirici veriliş, video varsa, baxışı azdır. Amma harada ki, zəif, bayağı, şit video varsa, insanlar ona baxırlar. Axı orada azadsınız? Orada niyə gedib səviyyəsiz videoları seçdiniz? Orada ki yaxşılara baxmaq şansınız var idi".

Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı, bəstəkar Faiq Sücəddinov bildirir ki, telekanallar bir müddət müğənnilərin verdiyi musiqini qəbul etməsələr, bayağılıq tədricən aradan qalxar: "Azərbaycan televiziyası və radiosu digər telekanallara nisbətən daha çox keyfiyyətli musiqiyə yer verir. Təəssüf ki, digər kanallarda vəziyyət bu barədə yaxşı deyil. Mən hər zaman demişəm. Hər bir televiziya və radioda musiqi redaktoru olmalıdır. O musiqi redaktoru kanalın musiqi siyasətini tənzimləməlidir. Yəni hər bir müğənni efirə gələndə efirdən öncə mahnını dinləməlidir. Onun sözlərinə diqqət etməlidir. Ondan sonra həmin musiqini efirə buraxmalıdır.

Sovet dönəmində belə idi. Müğənni musiqini təqdim edirdi, mahnını dinləyirdilər. Ondan sonra qərar verilirdi ki, bu mahnı olar, ya olmaz. Efirdə bəzən elə musiqilər səslənir ki, heç o sözlər efirə, mədəniyyətimizə uyğun deyil. İş orasındadır ki, bu sözləri hər kəs deyir. Amma bu, mətbəxdən o tərəfə getmir. Mənə elə gəlir ki, telekanallar musiqi siyasətini dəyişsələr, ona diqqət yetirsələr, inanın ki, 3 aya bu problem aradan qalxar. Amma bir məsələ var. "Efir setkası" var, onu doldurmaq lazımdır. Elə ona görə də bayağılığın, cılız musiqinin qarşısını almaq mümkün deyil".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov da məsələyə münasibətini bildirib. Aparat rəhbərinin sözlərinə görə, televiziya və radio o zaman cərimələnə bilər ki, mahnıda qeyri-etik ifadələr və nəyəsə çağırış olsun. O zaman televiziya və radionun yayımı dayandırıla bilər: "Milli Televiziya və Radio Şurası televiziyada və radioda yayımlanan musiqilərə nəzarət etmir. Ona ancaq yayım şirkəti nəzarət edə bilər. Musiqi zövqə bağlı bir məsələdir. Bizim üçün bayağı səslənən musiqi, mahnının sözləri kimin üçünsə bayağı olmaya bilər. Kimisi milli musiqi sevir, kimisi caz, kimisi rok, kimisi də ancaq xarici musiqiyə qulaq asır. Televiziya və radio da kütləvi olduğuna görə orada səslənən musiqiyə nəzarət edə bilmərik".

Eləcə də oxuyun:

Xəbər lenti
0