11:20 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
133 0 0

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır

BAKI, 6 iyul — Sputnik. Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət "Xosrov və Şirin" bədii serialının çəkilişləri davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, "Xosrov və Şirin" serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.

Müasir psixoloji dram strukurunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığıyla tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir.

Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin az qala min il əvvəl yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti və sair bu cür prinsiplər necə dəqiqliklə yerinə yetirilib. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır.

Məhz bu əsərin süjeti əsasında serialın çəkilməyinin bir siyasi səbəbi də var. Məlumdur ki, erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər və bəzi məlumatlara görə Şirin haqqında müəyyən əsərlər yazılır, filmlər çəkməyə hazırlaşırlar. Bu baxımdan serialın istehsalı idealoji vasitə kimi mühim əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd edək ki, çəkilişləri Bakının Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində aparılan bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirini isə Kəmalə Piriyeva canlandırır.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

"Xosrov və Şirin" Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılıb. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana (1173–1186) ithaf edib. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178–1194) və Qızıl Arslanın (1186–1191) da adları çəkilir.

Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590–628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq "Xosrov və Şirin" dastanını ilk dəfə Firdovsi (X əsr) "Şahnamə"nin tərkibində nəzmə çəkilib. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla "Xosrov və Şirin" dastanına yüngülcə toxunub. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürüb və ilk dəfə "Xosrov və Şirin" mövzusunda məsnəvi yazıb. Bəzi tədqiqatçıların fikrincə isə, Nizami Gəncəvi "Xosrov və Şirin"i Fəxrəddin Əsəd Gurganinin "Veys və Ramin" poemasının müstəqim təsiri altında yazıb.

Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. "Xosrov və Şirin" poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərib, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazıblar.

Əsas mövzular