BAKI, 1 iyul — Sputnik. Yaradıcı insanın əsərləri onun daxili dünyasından xəbər verir. Onun əsərlərində insan ruhunu oxşayan, ona pozitivlik bəxş edən çalarlar daha çoxdur. Söhbət Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Mir Azər Abdullayevdən gedir.
Rəssamla elə onun emalatxanasında həmsöhbət olduq. Özü haqqında deyir:
- Mən həm də plakatçı rəssam kimi fəaliyyət göstərirəm. Rəssamlar şikayət edirlər ki, əsər yaradırıq, anlamırlar. Məndə isə əksinədir. Bəzən hansısa bir fikirlə əsəri yaradıram. Amma sonra o əsərlə bağlı mənə elə şeylər danışırlar ki, mən heç özüm o haqda düşünməmişəm. Yəni, mən o insanın beynində "tunel açmışam", o, özünü orada görüb. Heç vaxt unutmaram, mənim bir işim var idi, işimə baxan dedi ki, "ay Allah, bu mənəm". Dedim ki, necə yəni sənsən? Adam mənə izah etdi, mən gördüm ki, mən elə onu işləmişəmmiş. Əsərlərimi məndən daha yaxşı anlayırlar. Bilmirəm bu nə ilə əlaqədardır. Bu yaxınlarda bir sənətşünas dedi ki, "yəqin ki, o sizin işlərinizdə olan pozitivliklə bağlıdır". İnsan axı həmişə pozitivlik axtarır. Özüm də pozitiv adamam. Gərək maksimum pozitiv olasan. Sevinirəm ki, çoxları mənim əsərlərimi bəyənir. Amma anlamayanlar da, sevməyənlər də var. Bir söz var, kobud səslənsə də deyəcəyəm, mən dollar deyiləm ki, hamının xoşuna gəlim.
Dünyanı cənginə alan pandemiya rəssamdan da yan keçməyib. O, pandemiyaya qarşı əsərlər yaradıb:
- Deyim ki, mənə pandemiya təsir etmədi, oturdum emalatxanamda rəsmlər çəkdim, bu yalan olar. Azadlığımızın əlimizdən alınması, xəstəliklərin ətrafımızda dolaşması təbii ki, mənə də təsir etdi. Pandemiyaya qarşı plakatlar edirdim. Hansı ki, həmin plakatları dünya səviyyəsinə çıxarırdıq - burada, Moskvada, Türkiyədə nümayiş etdirirdik.
2020-ci il pandemiya ilə yanaşı, İkinci Qarabağ müharibəsi ilə yadda qaldı. Müsahibimiz İkinci Qarabağ müharibəsinə öz töhfəsini verib:
- İkinci Qarabağ müharibəsi ilə əlaqədar 30-a yaxın plakat hazırladıq. Mənim bir işimi yarım milyon adam paylaşdı. Bir neçə əsərimi Amerikaya apardılar. Müharibə vaxtı orada yürüşlər təşkil olunurdu. Yürüşlər zamanı işlərimi başları üstünə qaldırdılar. Avstraliyada elektron formatda avtobusların üzərində mənim əl işlərim nümayiş olunurdu. Həmin dönəmdə çox səmərəli işləyirdik. Sözsüz ki, biz nə etsək də, hərbçilərimizin, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqların yanında dəryada bir damladır.
Sənətkarın əsərlərində romb işarəsi üstünlük təşkil edir. O, bunun səbəbini belə izah edir:
- Romb işarəsi mənə görə, 2 məfhumun – qadının və kişinin, ağın və qaranın, istinin və soyuğun bir-birinə qovuşmasıdır. Romb mənim ən çox sevdiyim həndəsi fiqurdur. Əgər simvolik nöqteyi-nəzərdən yanaşsaq, həyatın əsasını rombla əlaqələndirirəm. Təkcə romb deyil, başqa həndəsi bucaqlar da var. Amma romb üstünlük təşkil edir.
Onun əsərlərində daha çox qadın əks olunur. Rəssam qadını romantik personaj hesab edir:
- Mənə deyirlər ki, “qadınları çıxarıb qoymusan başımızın üstünə”. Qadın bütün yükü öz üzərində daşıyır. Həm daşıyıcı, həm də yaradıcı qüvvədir. Əsərlərimdə əsasən qadınların gözləri qapalı təsvir olunur. Onu ona görə elə təsvir edirəm ki, fikrimcə, qadın gözlərini bağlayanda öz aləminə gedir. Amma bu o demək deyil ki, ancaq qadınları çəkirəm. Kişiləri də çəkirəm. Amma qadınlar daha romantik, daha dərin personajdırlar.
Mozaikaya bənzər əsərləri ilə məşhur olan rəssamın dediyinə görə, qonşu Gürcüstanla müqayisədə bizdə rəsm əsərlərinin alışı daha azdır:
- Onlarda daha çoxdur. Amma bizdə də "tamamilə yoxdur" demək olmaz. Zaman keçdikcə, alıcıların sayı get-gedə artır. Bu onunla əlaqədardır ki, insanlar xarici ölkələrə gedirlər. Fərqli mədəniyyətlərlə tanış olurlar. Sənət əsəri belədir ki, tutalım, bu gün 100 manata satdığımız əsər, 50 ildən sonra daha qiymətli olacaq. Sənət əsərini şəraba bənzədirəm. Zaman keçdikcə, daha qiymətli olur. Artıq insanlarımız bunu anlayırlar. İnsanlar anlayırlar ki, onların övladlarına büllur qab yox, hansısa rəsm əsəri qalacaq və o əsər zaman keçdikcə, daha da qiymətli olacaq. Məndə Mikayıl Abdullayevin bir əsəri var. Onu göz bəbəyim kimi qoruyub saxlayıram. Çünki artıq o əsər bir brenddir.
Rəssam hesab edir ki, yaradıcı insanlar xalqın güzgüsüdür. Odur ki, onlar həm öz işlərini, həm də özlərini cəmiyyətə düzgün təqdim etməlidirlər:
- Sənətin dili olmur, hər kəs onları anlayır. Bəzən rəssamlar özlərinə qapanırlar, öz dünyasına çəkilirlər. Amma mən həm sosial mediada, həm də cəmiyyətdə aktivəm. Məndə də özümə qapanma olub. Ağ-qara işlədiyim vaxtlar da olub. Amma onları heç kim görmür. İstəmirəm onları kimsə görsün. Bu, normaldır. Hər insanda olur belə hallar. Amma keçirdiyin o hisslər əsərində özünü büruzə verməməlidir. Ona görə də əhvalım yaxşı olmayanda, işləmirəm. Mən istəmirəm öz mənfi enerjimi əsərə ötürüm. Mən yayda Novxanıda bağda işləyirəm. Ətrafımda uşaqlar oynayırlar, qaçırlar, hoppanıb-düşürlər, mən onların yanında işləyirdim. Mən sevirəm belə işləməyi. Eşitdiyimə görə, hansısa fransız rəssamı da belə işləyib. O demək deyil ki, rəssam mütləq başında papaq, saqqal saxlamalıdır, qapını bağlayıb şəkil çəkməlidir. Rəssam da normal insanlar kimi səyahət etməlidir, cəmiyyətin içində olmalıdır. Axı rəssama niyə "xoxan" münasibəti bəsləyirlər?
Mir Azər Abdullayev söhbətimizin sonunda mühitin yaradıcı şəxsə təsiri barədə tamam fərqli fikirdə olduğunu dedi:
- Mühitin rəssama təsiri çox böyükdür. Ailə, təhsil aldığın yer, bütün bunlar insanın formalaşmasına təsir edir. Səttar Bəhlulzadə çox böyük rəssam idi. Dahi idi. Amma zamanında yetərincə qiymətini almamışdı. Əsərləri hələ də araşdırılmayıb. O, Avropada yaşasaydı, Pikasso səviyyəsində qiymətləndirilərdi. Sadəcə, həmin vaxt Sovet dövrü idi, əksər sənət adamları kimi o da itib-batdı. Amma mən düşünürəm ki, Avropada da doğulsaydım, eyni adam olardım. Sadəcə ingiliscə danışardım. Heç vaxt düşünməmişəm ki, kaş Avropada doğulardım.