BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib.
A.Kərimov 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək."
Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.
Səfərinin məqsədinin Azərbaycana dəstəklərini nümayiş etdirmək olduğunu deyən M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.