06:40 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
MƏDƏNİYYƏT
Qısa URL
161 0 0

Məqsəd dünya teatrlarında uğurla sınaqdan keçirilmiş təcrübə ilə körpələr üçün sənət ab-havası yaratmaqdır.

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Bəbə səhnəsi" adlı yeni layihəyə başlayır. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyevanın sözlərinə görə, məqsəd dünya teatrlarında uğurla sınaqdan keçirilmiş təcrübə ilə körpələr üçün sənət ab-havası yaratmaqdır. Həmçinin körpələrin dünya ilə ilkin tanışlığı mərhələsində onların estetik tərbiyəsinin əsasının qoyulmasında valideynlərə yardımçı olmaq da çağdaş zamanda vacibdir.

Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət nəzərdə tutulur.

Teatrın mətbuat xidmətinin məlumatına görə artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra "Bəbə" səhnəsinin ilk tamaşaları körpələrə təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il 20 sentyabr tarixli qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlayıb. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olub. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı" adlandırılıb.

Fəaliyyət göstərdiyi dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına, 1979-cu ildə isə "Şərəf" nişanı Ordeninə layiq görülüb.

2006-cı ildən başlayaraq kollektiv dünyanın bir sıra ölkələrində keçirilən Beynəlxalq Teatr Festivallarında fəal iştirak etməyə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Elə həmin ilin aprel ayında başa çatmış əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdiriblər.

Əsas mövzular