BAKI, 25 may — Sputnik. "Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini - səhnəsini, səhnə geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik". Bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Avroviziya" mahnı müsabiqəsini şərh edərkən yazıb.
Xalq artisti özünün "Facebook" səhifəsində bildirib ki, artıq vaxtı çatıb ki, biz qərarları özümüz verək, xaricilər yox: "Bundan sonra mahnı seçimində, obraz seçimində, bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır. Mən başa düşürəm dünya təcrübəsi, "Avroviziya"nın istiqaməti və s.
Amma yəqin ki, dünənki nəticə də bizə bir siqnal oldu ki, biz bir az istiqaməti dəyişməliyik. Biz tükənməmişik, sabaha çox güclü, çox enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, özümüzün heç kimdən əskik olmayan, daha da üstün olan potensialımızı göstərək".