12:33 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
11620

"Çəkiliş komandası o qədər səmimi idi ki, nənəm hətta filmdə kütləvi səhnələrə çəkilməyə də razı oldu. Bu gün efirə çıxan sabah heç kimə salam vermir. İndi də gəlirlər, çəkilişlər edirlər, amma yerli sakinlərə yuxarıdan aşağı baxırlar".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Onun bəlalı sevgisi", "Gecə qatarında qətl" kimi filmlərin çəkildiyi məhəllə (Əhməd Cavad küçəsində) "Səadət" sarayının yanındadır. Biz də yollandıq həmin məkana - xatirələrlə dolu məhəlləyə...

Məhəlləyə daxil olar-olmaz sanki həmin aktyorların səslərini eşidirsən. Deyilənə görə, ilk dəfə o yeri Həsən Seyidbəyli kəşf edərək oraya kino həyatı verib. Bundan sonra "Şərikli çörək", "Gecə qatarında qətl" və s. kimi filmlərdə də həmin məhəllədən istifadə edilib. Həmin günlərin şahidi, Bakı Dövlət Universitetinin dosenti Almaz Mustafayeva filmin çəkiliş prosesi ilə bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb: "İndi kimisə fotoya və ya adi bir epizoda çəkəndə o saat deyirlər, "nə qədər pul verəcəksən?" Amma bizim dövrümüzdə bunlar təmənnasız idi. Məndən böyük bacım, qardaşım, qonşular həmin filmdə kütləvi səhnələrin çəkilişində iştirak ediblər. Bütün qonşular yığılıb çəkiliş komandasına düşbərə, qutab bişirərdik. Bütün günü samovarı qoyurduq ki, çay içsinlər. Cəbiş müəllim rolunu canlandıran Süleyman Ələsgərov o qədər səmimi insan idi ki, sanki onu illərlə tanıyırdım, elə bil qohum idik".

  • "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Onun bəlalı sevgisi", "Gecə qatarında qətl" kimi filmlərin çəkildiyi məhəllə (Əhməd Cavad küçəsində)
    © Sputnik / Shahperi Abbasova
  • "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Onun bəlalı sevgisi", "Gecə qatarında qətl" kimi filmlərin çəkildiyi məhəllə (Əhməd Cavad küçəsində)
    © Sputnik / Shahperi Abbasova
  • "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Onun bəlalı sevgisi", "Gecə qatarında qətl" kimi filmlərin çəkildiyi məhəllə (Əhməd Cavad küçəsində)
    © Sputnik / Shahperi Abbasova
1 / 3
© Sputnik / Shahperi Abbasova
"Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Onun bəlalı sevgisi", "Gecə qatarında qətl" kimi filmlərin çəkildiyi məhəllə (Əhməd Cavad küçəsində)

"Hər dəfə o filmlərə baxanda sanki gəncliyimə dönürəm" deyir Almaz xanım: "Hər şey başqa idi. Səmimiyyət var idi, hörmət var idi. Mənim nənəm qapıdan çölə çıxan insan deyildi. Amma çəkiliş komandası o qədər səmimi idi ki, nənəm hətta filmdə kütləvi səhnələrə çəkilməyə də razı oldu. Bu gün efirə çıxan sabah heç kimə salam vermir. İndi də gəlirlər, çəkilişlər edirlər, amma yerli sakinlərə yuxarıdan aşağı baxırlar. Onlar səmimi olduqlarına görə gördükləri işdə də səmimiyyət var. O filmləri hər dəfə verəndə baxırıq. Amma bu gün çəkilən filmlərə bir dəfə baxırsan, ikinci dəfə baxmaq istəmirsən".

Almaz xanım sözügedən məhəllənin tarixindən də danışıb:

"Yuxarı mərtəbədə mühasibatla məşğul olanlar, mühəndislər yaşayırdılar. Zirzəmidə isə neft daşlarında işləyən fəhlələr yaşayırdılar. Burada azərbaycanlılar az idi, daha çox ruslar və tatarlar yaşayırdılar. Buranın ən yaşlı sakinlərindənəm. Digərləri 90-cı illərdə gəliblər burada yaşamağa. Bu həyətdə Kamil Rüstəmbəyov yaşayıb. Rüstəmbəyov "Aygün" filmini çəkdi. Mən həmin filmin şərəfinə qızımın adını Aygün qoydum".

Əli İbrahimovun 84 yaşı var. Əli baba nostalji dolu məhəlləsindən danışıb: "Əliağa Ağayevin tualetdəki səhnəsini, yəqin ki, xatırlayırsınız: "Adə, rəhmətliyin oğlu, burada neyniyərlər?" Bax, o səhnənni çəkilyi tualet mənim yaşadığım mənzilin aşağısında yerləşir. Həmin tualeti indi obyekt kimi işlədirlər. Gənc oğlan idim. Film yay aylarında çəkilirdi. Düz iki ay çəkiliş oldu. Həmin yay olan istini mən bu yaşıma qədər hələ də görməmişəm. İsti olmasına baxmayaraq, hər gün səhərdən axşama kimi çəkiliş olurdu. O zaman biz Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Nəsibə Zeynalova, Əliağa Ağayev kimi nəhəng sənətkarlarla hər gün ünsiyyətdə olurduq".

Əli İbrahimov vurğulayıb: "İndi də tez-tez çəkiliş üçün bu məhəlləyə müraciət edirlər. Bir neçə il bundan qabaq bir italyan rejissor bu məhəllədən keçərkən təsadüfən buranı görüb və çox bəyənib. Dediyinə görə, gəlib burada bir film çəkəcək".

"Bu məhəlləni Murtuza Muxtarov tikib. Muxtarovun nəvəsi də burada yaşayırdı. Hazırda həmin yer zirzəmi kimi istifadə olunur. Muxtarovun xalası da üçüncü mərtəbədə yaşayırdı. Binanın tikilişi unikaldır. Yaxşı olar ki, bu məhəllə qorunub saxlanılsın. Adi problemləri həll etməklə məhəlləni qoruyub saxlamaq olar. Xarici ölkələrdə belə yerləri qoruyurlar. Yaxşı olar ki, bizimkilər də qorusunlar. Görün burada nə qədər filmlər çəkilib", - Əli baba həmin məhəllənin tarixi barədə danışarkən bildirib.

Teqlər:
Cəbiş müəllim, video, film, məhəllə, Bakı

Əsas mövzular