16:42 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
13 0 0

Müsabiqənin keçirilməsində məqsəd gəncləri türk dünyasının qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına təşviq etmək, onların bacarıqlarını ictimaiyyətə nümayiş etdirmək idi.

BAKI, 30 dekabr — Sputnik. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsinin qaliblərinin bir qisminin təltifetmə mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, münsiflər heyəti tərəfindən, eləcə də onlayn səsvermə yolu ilə Azərbaycandan seçilən qaliblərin bir qisminə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sertifikat və mükafatları təqdim edib. O, uşaqları təbrik edərək, türk dünyasının zəngin tarixinin, mədəniyyətinin daha da dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən uşaqların çəkdikləri rəsm əsərləri əsasında türkdilli xalqların adət-ənənələrini əks etdirən kitabın hazırlandığını və gələn il kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

İştirakçılardan Məryəm Quluzadə "Gran-Pri", Kövsər Qurban "Dostluq", Aytac Talışinski "Bilgi" nominasiyalarına layiq görülüblər. Eyni zamanda, Cəlil Kərimli 6-9 yaş üzrə 1-ci yer, Arif Quliyev 6-9 yaş üzrə 3-cü yer, Surə Dadaşzadə 14-16 yaş üzrə 2-ci yer tutublar. Məryəm Quluzadə "Novruz", Təhminə Kərimova "Səmazənlər", Səməndər Qurbanzadə "Xalçalar", Zarina Şıxaliyeva "Musiqi" kateqoriyaları üzrə birincilik qazanıblar. Ölkədə və dünyada mövcud olan pandemiya səbəbindən Azərbaycanın rayonlarından, eləcə də türkdilli və digər ölkələrdən müsabiqəyə qatılan uşaqların sertifikatları elektron poçt vasitəsilə aidiyyəti üzrə çatdırılacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gəncləri türk dünyasının qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına təşviq etmək, onların bacarıqlarını ictimaiyyətə nümayiş etdirmək idi. Beynəlxalq layihə olan "Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri" adlı rəsm müsabiqəsinə təşkilata üzv və müşahidəçi ölkələrlə, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan olan 5-17 yaşarası məktəblilər qatılıblar. Rəsmlər 12 mövzu üzrə "Dədə Qorqud", "İrsimiz", "Adət-ənənələr", "Səmazənlər", "Türk dünyasının qadını", "Novruz", "Xalçalar", "Milli Mətbəx", "Musiqi", "Oyunlar", "Dünyamızı qoruyaq" və "Türk birliyi" kateqoriyalarına bölünüb.

Əsas mövzular