13:37 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
139920

"Fiziki olaraq sağlam insanlar bizdən daxilən daha zəifdirlər. Halbuki Allah onlara hər şey verib. Onlar heç kimdən asılı deyillər. Amma onlar xoşbəxt ola bilmirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Ülviyyə Qarayevanın 21 yaşı var. Fiziki məhdudiyyətli olan gənc xanım daxilən o qədər möhkəmdir ki, özünü fiziki olaraq sağlam insanlardan qat-qat güclü hesab edir. Həyatı və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışan Ülviyyə insanların diqqətini daha çox hind rəqsləri ilə çəkib: "15 yaşından məndə hind rəqslərinə qarşı maraq oyanıb. İnternetdən baxıb hind rəqslərini öyrənməyə başladım. Baxa-baxa həm də rəqs edirdim. Gördüm ki, məndə nəsə alınır. Bununla da rəqslə bağlı istəklərim artdı. 2017-ci ildə Oksana Rəsulova hind rəqsi müsabiqəsi təşkil etmişdi, həmin müsabiqədə 3-cü yerə layiq görüldüm. 20-dən artıq rəqibim var idi. Orada daha çox obrazıma görə bəyənildim. Çünki digər rəqiblərim yaxşı hazırlaşmışdılar, mən isə öz-özümə hazırlaşmışdım".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

Hind rəqsləri ilə bərabər, onun həm də aktyor sənətinə böyük marağı var: "Hind rəqslərini fərdi müəllimlə öyrənməmişəm. Hələ ki bu rəqs üzrə həvəskar olaraq çalışıram, istəyirəm, o rəqsi də peşəkar səviyyəyə çatdırım. Amma ən böyük arzum aktrisa olmaqdır. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi vermişəm. İmtahandan 8 bal aldım və qəbul olundum".

Ülviyyə ADMİU-ya sənəd verəndə diskriminasiya ilə qarşılaşacağından narahat olub:

"Düşünürdüm ki, səhhətimlə əlaqədar qəbul eləməzlər. Mənə deyirdilər ki, sənin keçmək şansın çox azdır. Buna baxmayaraq, toparlandım. Özümü məğlubiyyətə də hazırladım. Amma düşünürdüm ki, mən bunu istəyirəm. Ürəkdən istədiyimiz hər şeyi Allahın verəcəyinə inanıram. Məni ən çox sevindirən o oldu ki, məni digər sənəd verən rəqiblərimdən ayırmadılar. Diskriminasiya yaşamadım. Əgər orada diskriminasiya yaşasaydım, mənim fiziki məhdudiyyətli olmağıma yazıqları gəlib məni qəbul etsəydilər, bununla barışmazdım".

"Kiminsə mənə yazığı gəlməyini heç sevmirəm. Qətiyyən qəbul etmirəm. Digər uşaqlarda necə oldusa, məndə də elə. Mənim nə balaca boyuma, nə də səhhətimə baxdılar. Mənim istedadıma baxdılar. Mənə qohumlarım dedilər ki, sən balacaboysan, ola bilsin ki, buna görə səni keçirərlər. Amma mən bunu imtahanda hiss etmədim".

Ülviyyə həm də aktrisa kimi fəaliyyət göstərir: "İlk dəfə "Əsa" teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatra dəvət etdi məni. Bundan sonra Akademik Musiqili Teatrında Moris Meterlinkinin "Göy quş" tamaşasında rol aldım. Mehriban Zəkiylə eyni səhnəni paylaşmaq mənim üçün xoşbəxtlik idi. Tamaşa qapalı şəraitdə keçdi. Dövlət nümayəndələri gəlmişdilər həmin tamaşaya. İkinci dərəcəli rol olmasına baxmayaraq, rolum bəyənilmişdi. Bu, mənim böyük səhnədə ilk çıxışım idi. Bir növ debütüm idi deyə bilərəm. 2019-cu ildə Heydər Əliyev Mərkəzində "Addım" tamaşasında iştirak etdim. Bu tamaşa əsasən rəqslə bağlı idi. "Danse Ability"nin (Fiziki məhdudiyyətli şəxslər üçün təşkil olunmuş təşkilat) tamaşası idi. Mən həmin təşkilatın rəqqasəsiyəm. Bundan başqa, bir çox ölkə əhəmiyyətli layihələrdə iştirak etmişəm".

"Daha çox teatrı sevirəm. Səhnəyə çıxanda özümü çox xoşbəxt hiss edirəm. Düzdür, çətindir, məsuliyyətlidir. Amma mən onu daha çox sevirəm. Mənim hələ ki özünü itirmək, sözləri və mizanı unutmaq kimi problemim olmayıb. Səhnəyə çıxan an bir az həyəcan olur, sonra keçir. Tamaşa bitəndə səhnədən düşmək istəmirəm", - deyə Ülviyyə Qarayeva əlavə edib.

Qəhrəmanımız 10 yaşına qədər gəzməyib. Lakin mübarizliyi, həyata olan sevgisi sayəsində ayaqlana bilib: "On yaşıma qədər yeriməmişəm. Sonradan gips, müxtəlif masajlar və elektrik masajı ilə ayağa qalxa bildim. Mənim ayağa qalxmağım üçün müəyyən müalicələr lazım idi. Heydər Əliyev Fondu mənə dəstək oldu. Əslində anamın heç bir ümidi yox idi ki, mən ayağa qalxa bilərəm. Mən uşaq idim. Ayağa qalxıb gəzməyin nə qədər böyük xoşbəxtlik olduğunu indi anlayıram. Uşaqlıqda onu dərk etmirdim. Sevinirdim ki, məktəbə gedəcəm. Ayağa qalxdığım gün mənim adımı məktəbə yazdırdılar. 10 yaşımda məktəbə getdim. Məktəbdə də məni çox sevdilər. Sinif yoldaşlarım, müəllimlərim də məni çox sevirdilər. Özlərindən ayırmırdılar. Əla qiymətlərlə məktəbi bitirdim".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

Əvvəllər özünə qarşı kompleksləri olan həmsöhbətimiz bildirir ki, özünü cəmiyyətə yararsız hesab etdiyi vaxtlar da olub: "Mənim də bədbin düşündüyüm vaxtlar olub. Əlbəttə ki, bu yanlışdır. Fiziki məhdudiyyət əngəl olmamalıdır. Ətrafdan mənə müsbət fikirlər söyləyirdilər. Bu da mənə müsbət təsir etdi. Düşündüm ki, Allah mənə çox yaxşı bir şans verib. Mən bunu qiymətləndirməliyəm. Boyumun qısalığına görə məyus olmamalıyam".

Müsahibimiz əlavə edib ki, bədbin düşünən insanları qətiyyən sevmir:

"İnsan mübariz olmalıdır. İnsanın daxili aləmi hər şeyi həll edir. İnsan daxilən bədbindirsə, neqativ düşüncəlidirsə, heç kim ona kömək edə bilməz. İnsanın içində bir az da olsa ümid varsa, ona təkan verib, onu dirçəltmək mümkündür. Əks təqdirdə bütün çabalar boşuna gedəcək. Mən həmişə özümə inanmışam".

Ülviyyə xoşbəxtliyin formulunu aza qane olmaqda görür: "Hər şeydən, hamıdan umurlar. Və nəticədə xoşbəxt ola bilmirlər. Biz isə hər şeyə sevinirik, qane oluruq və xoşbəxt oluruq. Amma fiziki olaraq sağlam insanların həyatına bir az xoşbəxtlik gələndə onunla qane olmurlar. Deyirlər, bir az da xoşbəxtlik gəlsin, artsın, bir az da artsın... Əslində xoşbəxtliliyin azı-çoxu olmur. İnsanlar xoşbəxtliklərinə qane olmadıqlarına görə də bu gün intiharların sayı getdikcə artır".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

"İnsanı geriyə salan amillərdən biri də həsəd hissidir. İnsanı məhv edir. Kiməsə həsəd aparmaq özünə qarşı hörmətsizlikdir. Yaraşıqlı oğlana, gözəl qıza ancaq Allahın yaratdığı gözəllik kimi baxıram. Onda gözəllik ola bilər, amma insani keyfiyyətləri olmaya bilər. Bu baxımdan özümü şanslı hesab edirəm. Çünki məndə insanlara qarşı həsəd hissi yoxdur və ən əsası mən aza qane olub xoşbəxt ola bilirəm. Bütün insanlara da tövsiyə edirəm ki, daxilən rahat və hüzurlu olsunlar", - deyə bildirib.

Əlaqədar

Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı
"Teatrı o qədər sevirdim, orada süpürgəçi olmağa hazır idim"
Qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Vəziyyət acınacaqlıdır: Pərdə qalxanda faciələrə güləcəyik?
Teqlər:
xoşbəxtlik, azərbaycanlı, fiziki qüsur, Əsa Teatrı, aktrisa, Hind rəqsi, rəqqasə

Əsas mövzular