06:50 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
105920

"Facebook"da gördüm ki, mənim filmim qalib gəlib, təkrar-təkrar oxudum ki, bu doğrudan mənim filmimdir qalib gələn?"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Afaq Yusifli - Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, gənc rejissor. Hələ uşaq yaşlarından incəsənətə - xüsusən də rejissorluğa marağı olan gənc xanım valideynlərinin istəyi ilə Slavyan Universitetinin ingilis dili filologiya daxil olub. Oranı bitirdikdən sonra, öz arzularının arxasınca getməyə qərar verən gənc, cəsarətli xanım qazandığı uğurlardan Sputnik Azərbaycan-a danışıb:

"2015-ci ildə Universiteti bitirdikdən sonra fərqli təqaüdlərə müraciət edirdim. Xaricdə rejissorluq üzrə magistr oxumaq istəyirdim. Orada əsas səbəb kimi mənim bakalavr ixtisasımın rejissor olmaması, bu sahəni yeni-yeni öyrənməyim və s. səbəb kimi göstərilirdi. Bir neçə il uğursuz addımdan sonra özümə dedim ki, mənim əsas məqsədim camaatın "Afaq xaricdə təhsil alıb" deməsi deyil .Mənim əsas məqsədim odur ki, mən rejissorluğu öyrənim, əsas məqsədim rejissor olmaqdır".

Gənc rejissor xanım ən böyük arzusunu həyata keçirmək üçün durmadan çalışıb: "Fikirləşdim ki, bu yolla alınmırsa, onda digər yolları seçməliyəm. Beləliklə, mən başladım istər dünyada, istərsə də Azərbaycanda təşkil olunan layihələrə qoşulmağa. 2016-cı ildə Daşkəsəndə yaradıcılıq emalatxanasında rejissor qrupunda oldum. Bundan əlavə, harada festival, tədbir olurdusa çalışırdım orada iştirak edim. 2019-cu ilin dekabrında Gürcüstanda beynəlxalq film tədbirinə getdim. "İdeyanın sənədli film ssenarisinə keçirilməsi" mövzusunda konfransda iştirak etdim. Ondan sonra keçən il bir çox festivalların təşkilat komandasında işlədim. Başadım rejissorluqla bağlı çoxlu kitablar oxumağa. 2019-cu ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinə daxil oldum. Mən özümü sənədli filmlər rejissoru kimi inkişaf etdirmək istəyirəm. Bunun üçün xarici ölkədə təhsil almaq istəyirəm. Çünki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristeti bu sahə üzrə təhsil vermir. Bu sahə üzrə xeyli kitab oxumuşam, amma təhsil vacibdir. Bu, mənim ən ümdə olan arzularımdandır".

Hələ bu sənətdən bixəbər olan xanım ilk addımlarını atmağa başlayır. Atdığı ilk addım uğurlu olur: "İlk dəfə 2016-cı ildə bir qızla film çəkdim. Bilmirdim ki, aktyorla necə davranmaq lazımdır? Ömrümüm ən gözəl təcrübəsi idi. Daşkəsəndə təşkil olunan yay məktəbində xeyli rejissor var idi. Onlar da öz filmlərini təqdim etdilər. Həmin filmə görə 2 diplom aldım – "ən yaxşı rejissor" və "ən yaxşı ssenari" mükafatını qazandım. Ora gələn iştirakçılardan bəziləri rejissor ixtisasını bitirmişdilər. Mən o ixtisasda təhsil almamağıma rəğmən, 2 diplom aldım. Həmin həyəcanı heç unutmuram. Zəng edib anama dedim ki, "ana, bilirsən, mən "ən yaxşı film" mükafatını mən qazanmışam". Elə bil "Oskar" qazanmışdım.

"Son qəpiyimi də verib rejissorluğa aid kitab alıb oxuyuram. İlk illərdə festivallarda könüllü işləmişəm. Könüllü olaraq tərcüməçi işləmişəm. Ən son keçən il artıq festivalların əsas tərkibinə keçdim. Ona qədər mən həmişə axtarışda olmuşam"- o əlavə edib.

Tərcüməçilikdən imtina edib özünə yeni bir cığır açmağa çalışan Afaqın bu fikri onun yaxınları arasında heç də birmənalı qarşılanmayıb: "Qohum-əqrabam həmişə buna görə məni qınayırlar. Rejissor sənətini avara, mənasız bir sənət kimi görürdülər. Çünki, baxırlar efirlərə, elə bilirlər bütün incəsənət aləmi televizorda gördükləri insanlardan ibarətdir. Və mən də onlar kimi olacam. Bu da onlara başıaşağılıq gətirəcək".

"Bir dəfə qohumlarımgilə yasa getmişdim. Qohumum halvayla çay təklif etdi. Elə halvanı ağzıma almışdım, qayıtdı ki, "gül kimi ixtisasın var idi, indi səni kim alacaq?" Halva qaldı boğazımda. Xoşbəxtlikdən o qadının qızı məni dəstəklədi. Dedi "hərənin bir qisməti, arzusu var. Əl çəkin qızdan". Ümumiyyətlə bizdə belə bir adət var. "İşin necədir?" sualına gərək cavab verəsən ki, "saat 9-dan axşam 6-a qədər iş rejimim var, əmək kitabçam var". Bunu deməyəndə başlayırlar səni atəşə tutmağa" - deyə Afaq Yusifli bildirdi.

Qohumları arasında ona inananlar, onu dəstəklənlər də olub: "Bir dəfə də ssenari yazmışdım. Həmin ssenarini həkim qohumuma oxutdurmaq üçün onlara getmişdim. Evin xanımı paxlava ilə çay təklif etdi. Başladı ki, "bax sən müəllim olacaqdın. Səhər gedib, günorta saat 2-də evəd olacaqdın. Əlin düz, ayağın düz. Maaşını alıb oturacaqdın. Nə var mütrif kimi düşmüsən ortalığa? Səni hansı oğlana verəcək? Hansı oğlan səni bəyənəcək? Bu dəfə də paxlava qaldı boğazımda. Həkim qohumum məni dəstəklədi ki, "qızla işin olmasın, gül kimi peşədi. Əksinə, indi sən görərsən, bu qız kitab da yazacaq. Filmlər çəkəcək". Sağ olsun mənə kömək etdi".

Yaxınları arasında diskriminativ münasibət görən Afaq yorulmadan davam edir. Amma sonralar qazandığı uğurlar nəticəsində yaxınları arasında olan diskriminasiya aradan qalxıb: "Mənim yaratdığım foto portretləri gördülər. Bundan da əlavə layihəsi "CineDoc-Tbilisi" film festivalı çərçivəsində müsabiqənin qaliblərindən oldum. Ondan sonra gördülər ki, rejissorluq heç də telekanallarda gördükləri deyil, bu, çox böyük sənətdir".

Rejissor qeyd edir ki, gənc bir rejissor olaraq peşəkar insanların qarşısında öz şəxsi hekayəli sənədli filmini təqdim etmək əsl şans idi və əlindən gələnin ən yaxşısını edə bilmək üçün layihəyə çox məsuliyyətlə yanaşıb ki, bu da sadəcə qalibiyyətini nümayiş etdirmək üçün yox, həm də onlardan məsləhət alaraq filmin davamını çəkmək idi: "Cənubi Qafqazda sənədli filmlərə həsr olunmuş ilk beynəlxalq festivalı olan "CineDoc-Tbilisi" mövcud vəziyyətə görə, onlayn oldu. Daha sonra layihənin piçinq proqramı başladı. Piçinq proqramı nədir? Hamı onlayn daxil olub, Zaqafqaziyadan olan rejissorlar öz filmlərini təqdim edirdi. Orada bir neçə nominasiya var idi. Münsiflər heyəti filmlərə baxıb, qalibəri təyin edirdilər. Mənim qazandığım mükafat ən əsas mükafatlardan biri idi. "Yeni Qafqaz İstedadlar" proqramının mükafatını qazandım. "Facebook"da gördüm ki, mənim filmim qalib gəlib, həmin an təkrar-təkrar oxudum ki, bu doğrudan mənim filmimdir qalib gələn?"

Qeyd edək ki, "Nəvə" adlandırılan sənədli filmin əsas qəhrəmanları rejissorun özü, yaşlı nənə və babasıdır. Mövzuya əsasən, nənə və babası ilə yaşayan, artıq bir-birinə qəribə bir mənəvi bağlarla bağlanan ailə tablosunda, günlərin birində nəvənin aldığı qərar konfliktə səbəb olur. Qayğıya ehtiyacları olan, meyillərini nəvəyə salan yaşlı insanlarla, karyeraya uğrunda mübarizə aparmaq arasında qalan nəvənin hansı qərarı verəcəyi və bu qərarın 3 nəfərə necə təsir edəcəyi filmin əsas mövzsunu təşkil edir. Rejissor onu da qeyd edir ki, film material olaraq hələ tam hazır deyil, çünki yaşanılacaq hələ çox məqamlar var və kamera bunları olduğu kimi qeydə almalıdır. Filmin davamı yaxın vaxtlarda çəkiləcək.

Əsas mövzular