06:55 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
162330

"Mən necə sevinirəmsə, necə kədərlənirəmsə, digər millətdən olanlar da eyni reaksiyanı verirlər. Hətta dilini bilməsə də hissləri dərk edir. Sənin duyğularını hiss edir, anlayır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. "Teatr məbəddir" fikri son illər Azərbaycanda öz aktuallığını itirib desək, heç də yanılmarıq. Son dövrlər gənc aktyorların teatrlardan uzaqlaşıb digər sahələrə, ən yaxşı halda kino və serial sahəsinə getdiyinin şahidi oluruq. Amma həmsöhbət olduğumuz Kəmalə Tabak sevib-seçdiyi sənətə sadiq qalıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr sahəsində təhsil alan aktrisa müəyyən müddət burada bir çox teatr səhnələrində rol alıb. Daha sonra Türkiyənin İstanbul şəhərində yerləşən "Kumbara Görsel Sanatlar" teatrında sənətini davam etməyə qərar verib.

Aktrisa oradakı fəaliyyəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb: "2016-cı ilin aprel ayında sənətimi Türkiyədə davam etdirmək üçün yola çıxdım. Əvvəllər heç vaxt Türkiyədə olmamışdım. Dil də mənə yad idi. Şansımı yoxlamaq istədim. Əlbəttə ki, bir il çox çətin oldu. Çox çabaladım, 2017-ci ilə qədər bəzi teatrlarda çalışmağa müvəffəq oldum".

© Photo : Courtesy of Kamala Tabak
Aktrisa Kəmalə Tabak

Kəmalə Tabak özünü digər sahələrdə də sınayıb. Amma necə deyərlər, canlı sənət növü sayılan teatr onu daha çox cəlb edib: "Yeni gəldiyim dövrlərdə bir çox seriallarda rol aldım. Bir müddət radioda və reklam çəkilişlərində iştirak etdim. Amma özümü daha çox teatrda gördüyümə görə digər sahələrdən uzaqlaşdım. 2017-ci ildə "Notr-Dam kilsəsinin Qozbeli" muziklında (mahnıları, dialoqu, aktyorluğu və rəqsləri cəmləşdirən teatr tamaşa janrı - red.) baş rolu mənə həvalə etdilər. Həmin tamaşada Esmeralda rolunu canlandırdım. Bu ilə qədər də hər il həmin tamaşa oynanılır, mən də o rolu ifa edirəm. Bundan başqa, "Qaraçılar zamanı" muziklında yer aldım. Həmin tamaşada Danira obrazını yaratdım".

Təkcə İstanbulda deyil, Türkiyənin bir çox böyük şəhərinin teatrlarında səhnəyə çıxan Kəmalə xanım tamaşaçıların teatra olan münasibətindən razıdır: "Türkiyənin bir çox şəhərlərində tamaşalar oynadım. Hər dəfə də salonlar dolu olub. Salon dolu olanda aktrisanın həvəsi birə-beş artır. Səhnəyə çıxan sənətçi rolunu daha ürəklə oynayır. Türkiyədə tamaşaçı korluğu çəkmirik".

Aktrisanın sözlərinə görə, Türkiyənin İzmir şəhərindəki tamaşaçılar tam fərqlidirlər. Onlar sanki teatrla "yaşayırlar": "İzmir tamaşaçısı bir başqadır. Həqiqətən, onların teatr mədəniyyətinə heyrətlə baxıram. Mən səhnədə olsam da tamaşaçının enerjisini ala bilirəm. Tamaşa bitəndə alqış səslərindən qulaq tutulur, az qalsın. Bu, bir komanda olaraq bizim uğurumuzdur və birgə ortaya qoyduğumuz əməyimizdir. Tamaşadan sonra Instagram səhifəmə gələn mesajlar məni daha da ruhlandırır".

"Hətta bir gənc xanım tamaşaçımız "Notr-Dam kilsəsinin Qozbeli" tamaşasından o qədər təsirlənmişdi ki, evinə iki dovşan alıb bəsləmişdi. Adlarını da Esmeralda və Feb (Esmeraldanın sevgilisi - red.) qoymuşdu. Mənə şəklini çəkib atmışdı. Bu, məni çox təsirləndirmişdi", - deyə K.Tabak əlavə etdi.
© Photo : Courtesy of Kamala Tabak
Aktrisa Kəmalə Tabak

Azərbaycanı Türkiyədə təmsil edən həmyerlimiz ADMİU-da aldığı təhsilin ona faydası olduğunu deyir: "Universitetdə qazandığım biliklərdən faydalandım. Oraya gedəndə ikinci bir təhsilə ehtiyacım olmadı. Teatrda lazım olan əsas məsələ hisslərini səmimi olaraq çatdırmaqdır. Hiss bütün millətlərdə eynidir. Hissləri düzgün çatdırsan, heç bir problem olmaz. Bunun üçün əlavə təhsil almağa ehtiyac duymadım".

"Buraya yeni gələndə "necə oynayım, necə oynasam, daha yaxşı olar" deyə düşünürdüm. Amma sonra fikirləşdim ki, duyğuların vətəni, milləti olmur. Mən necə sevinirəmsə, necə kədərlənirəmsə, digər millətdən olanlar da eyni reaksiyanı verirlər. Hətta dilini bilməsə də hissləri dərk edir. Sənin duyğularını hiss edir, anlayır. Ona görə də o fikirləri bir kənara qoyub, tamaşada sidq-ürəkdən oynadım. Necə ki, uşaqları aldatmaq olmur, eləcə də tamaşaçını aldatmaq qeyri-mümkündür. Görünür, alınıb. Bir dəfə Kvazimodo obrazını oynayan tərəf-müqabilim Esmeraldanın ölüm səhnəsində elə hıçqırıb ağladı ki, mənim özümü də ağlamaq tutdu".

Aktrisa Azərbaycan teatrının da yaxşılığa doğru getdiyi qənaətindədir:

"Son illər Azərbaycan teatrında olmamışam. Buna görə də heç bir fikrim yoxdur. Amma oradakı aktyor dostlarımın gördüyü işlərə baxanda belə qənaətə gəldim ki, vəziyyət o qədər də pis deyil. Yaxşılığa doğru gedir. Bir aralar tənəzzülə uğramışdı, indi get-gedə vəziyyət yaxşılaşır.

İstəyirəm ki, buranın teatrları ilə öz teatrlarımız arasında fərq olmasın. Bizdə də teatr inkişaf etsin. Mən sənət yoldaşlarımın uğurlarını eşitmək istəyirəm. "Teatr artıq əvvəlki kimi deyil, tamaşaçı yoxdur, maraq yoxdur" kimi fikirlərdən uzaqlaşsınlar. Azərbaycanımın teatr mədəniyyətinin inkişaf etməsini istəyirəm. Yaşatsınlar, öldürməsinlər!"

Əlaqədar

“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Türkiyəli məşhur aktrisadan nümunəvi addım
Zülfiyyə Qurbanova: "Bu yerdən sonra ayrıla bilmərəm, xatirələrimiz var birlikdə"
Azərbaycanlı aktrisa acı keçmişindən danışdı - Uşaq vaxtı çörək satırmış
Tanınmış aktrisa: "Müəllimimə qulaq asmadım, indi isə peşmanam"

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    313
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    538
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    2082