09:59 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
120050

Canlandırdığın obrazın nə hiss etdiklərini anlamasan onu tamaşaçıya çatdırmaqda çətinlik çəkərsən. Bunun üçün səs, diapazonla birlikdə aktyorluq qabiliyyətinin də olması vacibdir.

BAKI, 14 may — Sputnik, Kamal Almuradlı. Soyadı onun brendidir. Azərbaycanda daha çox SSRİ Xalq artisti, unudulmaz sənətkar Rəşid Behbudovun gəlini kimi tanınılır. Əslində isə rus əsilli ifaçı Julia Behbudova beynəlxalq arenalarda kifayət qədər tanınan, sözünü deməyi bacaran opera sənətçisidir. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Balet Teatrında çalışıb. Herzen Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində vokal sənətinin sirlərini öyrənib. Beynəlxalq opera səhnələrində diqqət çəkən obrazları ilə kifayət qədər tamaşaçı sevgisi qazanmağı bacaran ifaçı hazırda Azərbaycanda yaşayır.

- Azərbaycanla ilk tanışlığınız nə zamandan yarandı?

- Azərbaycanla ilk əyani tanışlığım 2015-ci ilin yayında baş verdi. Bir dostumu ziyarətə gəlmişdim. O, məni mehribanlıqla qarşıladı. Bakının ecazkarlığına və modern ilə qədim tarixini özündə əks etdirdiyini gördükdə daha çox sevdim. Təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrinin olduğunun şahidi oldum. O zamana qədər Azərbaycanı Şərqdə klassik musiqisinin beşiyi kimi tanıyırdım. Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə 1908-ci ildə səhnəyə qoyulması və bunun ardınca isə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu "Qız Qalası" baletinin müsəlman şərqində ilk dəfə oynanılmasından xəbərdar idim. Eləcə də 1912-ci ilin aprelində Şövkət Məmmədovanın ilk müsəlman qadın opera müğənnisi kimi tarixə düşdüyünü bilirdim.

Opera ifaçısı Julia Behbudova

- Hansı azərbaycanlı sənətkarlarımızı tanıyırsınız? İfaçılarımızdan kimləri dinləyirsiniz?

- Hər şeydən öncə keyfiyyətli musiqi, klassik əsər daha çox diqqətimi çəkir. Bir opera sənətçisi kimi də peşəkar klassik ifalar məni daha çox ilhamlandırır! Azərbaycan sənətkarlarına gəldikdə isə Şövkət Məmmədova, Qərinə Kərimova, Lütfiyar İmanov, Mürsəl Bədirovu tanıyıram və onları zaman-zaman dinləmişəm. Bunlardan başqa, Rəşid Behbudov və Müslüm Maqomayevin əsərlərini dinləyirəm və onların ifasından zövq alıram. Eyni zamanda, Rəşidə Behbudovanın musiqisi də həyatımda önəmli yer tutur. Bu gün həmin dəyərli sənətkarların davamçıları da yetişməkdədir. Bu məktəb, ənənə davam edir. Bu görkəmli Azərbaycan sənətkarlarına yaradıcı və mənəvi bir istiqamətdə böyümələrini davam etdirmələrini arzu edirəm!

- Belə gözəl səs diapazonunuzun olduğu halda, siz opera ifaçısı kimi tanınmağa üstünlük verdiniz. Diqqətinizi opera sənətinə nə cəlb etdi?

- Operada dramaturgiya, musiqi, təsviri sənət-dekorasiya, kostyum, xoreoqrafiya-balet kimi sənət sahələri birləşib. Operanı müxtəlif vokal musiqi formaları təşkil edir ki, burada qəhrəmanların xarakterləri – aria, arioza, ariyetta, kavatena, monoloq, ballada və sair kimi mahnının solo nömrələrini özündə əks etdirir. Bütün bunlar təbii ki, məni özünə cəlb edirdi. İlk dəfə musiqi məktəbində hazırlıq şöbəsinə daxil olanda 15 yaşım vardı, o zaman opera janrı mənə daha maraqlı və sehrli gəlirdi. Ondan əvvəl pop-caz ifası ilə məşğul olsam da, operanın ruhumu daha çox oxşadığının şahidi oldum. Sevimli müəlliməm də başqa bir ölkəyə getmişdi. Buna görə də məni bu çətin opera sənətində mənəvi müəllimim olmuş yaxşı dostunun etibarlı əlinə keçirdi. İstiqamətim ondan sonra dəyişdi və qətiləşdi. Beləliklə, addım-addım vokal sənətinin əsaslarını anlamağa başladım. Addımladıqca önümdə yollar açıldı. Beynəlxalq festivallar, konfranslar, maraqlı obrazlar biri-birini əvəzlədi.

Opera ifaçısı Julia Behbudova

- Opera sənəti ifaçıya çox az məşhurluq qazandırır. Dünya üzrə tanınmış biri olmaq üçün başqa bir sahə seçə bilərdiniz. Sənət seçərkən bunları nəzərə almısınızmı?

- Uşaqlıqdan bəri həmişə musiqiçi olacağım günün xəyalını qurmuşam. Yeniyetmə yaşlarımda məndən gələcəkdə kim olacağımı soruşduqda müğənni olacağımı söyləyirdim. Bu mənim uşaqlıq arzum idi. Hələ opera sənətinin dərinliyini bilməsəm də, instinktiv olaraq ona cəlb olunmuşdum. Əlbəttə, musiqi məktəbi ilə yanaşı, orta məktəbə də gedirdim. İngilis, fransız, eyni zamanda italyan dillərini öyrənirdim. Məzun olduqdan sonra tərcümə şöbəsində və ya musiqi məktəbində Universitetə daxil olmaq arasında seçim yaranmışdı. Hətta imtahanlardan keçdim, universitetə daxil oldum, amma sonra məktəbin xeyrinə imtina etdim. Uşaqlıqda bədii gimnastika ilə məşğul idim və musiqi arasında seçim etməli oldum və o an çətin anlar yaşadım. Nəticədə həyatımı istiqamətləndirən musiqiyə qayıtdım. Buna görə mənim üçün opera bütün sənətlərdən daha üstündür. Opera mənim ruhuma daha yaxındır. Mənə görə məşhur olmaq o qədər də önəmli deyil, çünki əsas sənətini sevmək və ona dərindən yiyələnməkdir.

Opera ifaçısı Julia Behbudova

- Yaradıcılığınıza nəzər yetirdikdə səhnədə çıxış etməklə yanaşı, müxtəlif obrazların da müəllifi olduğunuzu görürük. Oynamaq və ya ifa etmək ikisi bir arada nə qədər çətindir?

- Mənim üçün səhnədə və həyatda heç bir oyun yoxdur. Bir növ obrazı təcəssüm etdirməyim lazımdırsa, gündəlik həyatda insanlardan ilham alıram. Yəni gündəlik həyatda gördüyüm insanların xarakterlərinin bəzi xüsusiyyətlərini hiss edirəm və hər hansı bir opera hissəsində ifa zamanı obrazımın üzərində əks etdirirəm. Təbii ki, bütün görüntülər öz dünyagörüşümlə əks olunur, personajların hər birindən bir parça nələrsə qatıram və özüm də obrazlarımdan nələrsə öyrənmiş oluram. Ən başlıcası, yaşadıqlarını, hiss etdiklərini izləyiciyə çatdırmaqdır ki, ifaçı ilə həmrəy olmaq, daxili aləmini onunla bölüşmək, silinməz təəssürat yaratmaq əsas məsələlərdən biridir. Canlandırdığın obrazın nə hiss etdiklərini anlamasan, onu tamaşaçıya çatdırmaqda çətinlik çəkərsən. Bunun üçün səs, diapazonla birlikdə aktyorluq qabiliyyətinin də olması vacibdir.

- Azərbaycanın unudulmaz sənətkarı olan Rəşid Behbudovun əsərlərini ifa etmək istəmisinizmi?

- Rəşid Behbudovun repertuarından mahnı ifa etmək böyük məsuliyyətdir. Əlbəttə ki, onun kimi dahi, əvəzolunmaz sənətkarın səviyyəsinə yüksəlmək mümkün deyil. Bəlkə də bir gün görkəmli sənətkarın repertuarına toxunmaq üçün belə xoşbəxt bir fürsət tapacağam!

Əsas mövzular