Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Sumqayıtda kinoteatrın tikintisi davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə müstəqillik dövrünün ilk müasir kinoteatrının təhvil verilmə müddəti bəlli olub. Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir.
Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr noyabr ayının 5-dək kinosevərlərin ixtiyarına veriləcək. Kinoteatr üç zaldan ibarət olacaq. Bu haqda açıqlamasında tikintiyə məsul şəxs, sahə rəisi Nadir Qasımov bildirib: "Birinci zalda 69 nəfər + 1 nəfər əlillər üçün, ikinci və üçüncü zallarda isə 79 nəfər + 1 nəfər əlillər üçün olacaq. Foye 467 kvadrat metr olacaq. Burada bilet satış mərkəzi, bufet və internet kafe fəaliyyət göstərəcək".
Çoxdandır ki, sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq.
Məlumat üçün bildirək ki, müasir standartlara cavab verən kinoteatr "Cinema+" şirkətinə icarəyə veriləcək. Başqa sözlə, şəhər sakinləri yeni filmləri Bakı ilə eyni vaxtda izləyə biləcəklər.
Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.
6 iyul 2016-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən "Nizami" kinoteatrındakı vəziyyətlə tanış olarkən narahatlığını ifadə etmiş və "Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olmasının vacibliyini" vurğulamışdı.