BAKI, 24 sentyabr — Sputnik. Gənc azərbaycanlı yazıçı Elçin Səfərli 2008-ci ildə "Bosforun şirin duzu" debüt romanı işıq üzü görəndən sonra Şərqin ən səmimi müəlliflərindən biri kimi geniş şöhrət qazandı.
Adının ətrafında yaranan populyarlıq bu günə qədər də davam etməkdədir və onun hər bir yeni kitabının çap olunması həqiqi ictimai marağa səbəb olur. Onun hesabında insan itkisindən, həyat və sevginin mənasından bəhs edən on iki roman var. Bu romanların sətirləri arasında, baş qəhrəmanların düşüncə və davranışlarında hər kəs özünü tapır.
Səfərli RİA Novosti-nin müxbiri Yekaterina Soşnikova ilə müsahibəsində niyə komiks janrının ölü nöqtədən tərpəndiyindən, sosial şəbəkələrdən fəal istifadənin nəyə gətirib çıxardığından danışıb, onun yaradıcılığı ilə tanışlığa hansı kitabla başlamaq barədə tövsiyəsini verib, hansı romanını böyük ekranda görmək istədiyini deyib.
- Elçin, amerikalı dramaturq Eduard Olbi deyib ki, "yazıçılıq idarə olunan şizofreniyadır". Bəs sizin üçün yazıçılıq nədir?
- Bu, mənim üçün təkcə ürəyimi boşaltmaq vasitəsi deyil. Yazıçılıq mənim həyat formamdır, meditasiyamdır. Mən idarə olunmayan, öyrənilməmiş bir şəkildə içimdə doğulan yeni bir hekayəni yazmaq üçün oturduğum zaman, zamanın mövcud olmadığı bir məkana qərq oluram. Əbədiliyə toxunmaq. Amma yarım ildən, bir ildən sonra, hekayəni başa çatdırmaq vaxtı gələndə isə mən vidalaşmalı və gözə görünməyən o şəhəri tərk etməliyəm. Sonra isə ondan ötrü darıxıram. Unutmayın ki, bu, hansısa ideal məkana dalmaq deyil - orada sakitlik və firavanlıq heç də həmişə olmur, burada da eynidir, sadəcə təsir dərəcəsi fərqlidir, daha az dağıdıcıdır.
Bu yaxınlarda mənim kitabım çıxıb - "İşıq yanan ev". Bu hekayə artıq öz ömrünü yaşayır. Budur mən dünən İstanbuldan Moskvaya uçarkən birdən çox kəskin şəkildə hiss etdim ki, bu evdə buludlu və günəşli hava üçün, qəhrəmanlarım üçün, onların söhbətləri üçün, qarşıdurmaları və bir-birilərinə sarılmaları üçün darıxıram. Belə bir rəy var ki, yazıçılar (və bunlar, bir qayda olaraq, həssas insanlardır) öz mətnlərində qəddar dünya həyatından gizlənirlər. Razı deyiləm. Əksinə, onlar orada, sətirlər arasında narahat olanlarla münasibətlər qururlar, əgər kifayət qədər səbr və dürüstlük olarsa, mənən böyüyürlər. Hər bir insanın Allaha aparan öz yolu var.
- Kitablarınızdan birində "mütləq güclü darıxma tutmaları olmalıdır" yazmısınız. Darıxma nəyə lazımdır və xüsusən darıxma yaradıcılıqda olduğu zaman onun öhdəsindən necə gəlmək olar?
- Darıxma ilə mübarizə aparmağın mənası yoxdur. Onu bilmək, qəbul etmək və həvəs varsa, ondan qurtulmaq lazımdır. Mübarizə, həm də özünlə, mənim münasibət formam deyil. Darıxma tutması həyatın tərkib hissəsidir. Həyat öz mahiyyətinə görə təzadlı, dəyişkəndir və bu, yaxşıdır. Vəziyyətin darıxmadan sevincə, gücsüzlükdən ruhlanmaya dəyişməsi sənin canlı olduğunu göstərir. Canlı isə dəyişməz ola bilməz.
- Siz Bakıda doğulmusuz, İstanbulda yaşayırsız, bildiyim qədər kitablarınızı da rus dilində yazırsız. Niyə məhz rus dilində?
- Əvvəla mənim nənəm rusdur - Anna Pavlovna Smirnova. Onun üzərimdə böyük təsiri olub. O, mənim rus ədəbiyyatı dünyasına gedən yolda bələdçim olub. Rus dili, onun gözəlliyi, həssaslığı ilə tanış olandan sonra güclü şəkildə onu daha dərindən öyrənmək arzun baş qaldırır. Məndə də belə olub. Rus dili insanın hisslərini ifadə etmək üçün möhtəşəm dildir.
- "Yazılmış başqa cür təsir edir. Sən həmişə yenidən oxuya bilərsən və hər dəfə təəssürat başqa cür olacaq, hətta məna eyni qalsa belə". Demək olar ki, məhz buna görə siz öz əhvalatlarınızı danışmağa başlamısınız. Yəni, "yazılmış başqa cür təsir etdiyinə görə"?
- Şübhəsiz ki, 19 yaşında oxunmuş hekayəni 25 yaşında oxuyanda fərqli qəbul edirsən. Bu sənətin möcüzəsidir. Lakin mən kitabları məhz bu sehrə görə yazmıram. Sözlə iş mənim daxili məkanımı sabitləşdirmə üsulumdur. Əks halda ,ayağımın altındakı platformalar o qədər silkələnə bilər ki, qaranlıq çuxura düşmək olar.
- Siz nə vaxt başa düşdüz ki, kitab yazmaq istəyirsiz? Bu, həyatınıza necə daxil oldu?
- Belə bir cəsarəti özümdə tapıram deyim ki, bu, mənim dünyaya gəlişimdən əvvəl baş verib. Sonra həmişə nələrsə məni buna sövq edib - nənəmin sayəsində meydana gələn sözə olan sevgim, gördüklərimi və eşitdiklərimi yazmaq arzusu, günlərin təlaşını itirməmək, unutmamaq istəyi. Yayda bağ evinin həyətindən evə qaçaraq küçədə gördüklərimi, məni heyrətləndirən şeyləri necə tez yazdığımı xatırlayıram. İlk məqaləmi 12 yaşında bir bulvar qəzetində yazmışam, hətta qonorar da almışdım və onu məktəbdə şirniyyata xərclədim.
Məktəbdən sonra sənədlərimi jurnalistika fakültəsinə verdim və ilk turdaca daxil oldum. Bu, xoşbəxt tələbəlik illəri idi. Baxmayaraq ki, jurnalistikada oxumağı, onu peşə kimi öyrənməyi axmaqlıq hesab edirəm. Jurnalistikada həmişə informasiyanın verilməsi ilə bağlı çərçivələr var. Mənə isə fantaziyalar rahatlıq verməyib. Kitaba doğru yolum olduğunu onda başa düşdüm. Orada ürəyin nə qədər istəyir fantaziya uydurmaq olar.
- Şəhərlərdən danışsaq, siz dünyanın hansı şəhərini daha çox sevirsiz?
- İstanbulu. Mən Moskvanı da sevirəm, amma bu şəhərdə işlərim çox olur, burada fəaliyyət sahəniz üzərində fikrinizi cəmləşdirə bilməzsiniz. Belə bir ritmdə düşüncələrini qoruyub saxlmaq çətindir. İstanbul isə başqadır. Nə vaxt öz xoşbəxtliyim barədə düşünsəm, belə bir kadr görürəm: davamlı olaraq, Moda dairəsindəki evə aparan adi İstanbul küçəsi.
- Bu il sizin 35 yaşınız tamam olub və bir çoxlarına görə bu, tutaq ki, nəticə çıxarmaq üçün ciddi həddir. Sizdə də belə şey var?
- 35 mənim üçün məhz bu rəqəmin gətirdikləri deyil, bu yaşadək məndə möhkəmlənən amillərdir. Özümü daha yaxşı tanıyıram, xoş və xoşagəlməz, qara və ağ, bütün bunlar qarışıq yox, ayrı-ayrılıqda mövcuddur. Mən getdikcə daxili impulsuma uyğun olan hərəkətləri edirəm. Bundan əlavə, özümə qarşı dürüstlüyü qoruyuram, insanlara mən olmamağa imkan verməyi öyrənirəm. Mənim həyatımdan xaotiklik gedib, diqqətlilik, darıxma və digər hallardan keçmiş həyata sevgi əmələ gəlib. İstənilən halda həyat həmişə gözəldir. Mən bunu özümə deyirəm və ağıl öyrədən roluna iddia eləmirəm. Oxucularla görüşdə həmişə qeyd edirəm ki, filosof və şərqli müdrik roluna iddia etmirəm, mənim kitablarım ilk növbədə özümlə söhbətdir.
- Yəqin ki, pərəstişkarlarınız sizə kitablara görə çoxlu sayda təşəkkür məktubları yazırlar.
- Bəli, tez-tez təşəkkür məktubları alıram. Tez-tez eşidirəm ki, mənim kitablarım çətin dövrü keçməyə kömək edib, kiminsə daxili vəziyyətini əks etdirirlər. Uzun müddət bu məktublara cavab verirdim. Sonra buna son qoydum, çünki başa düşdüm ki, bu çox vaxt aparır və onsuz da xəstələnmiş eqomu xəstələndirir (gülür). Bu məsələdə bu cür diqqətə mütləq kimi yanaşmamaq vacibdir, çünki başqa cür də ola bilərdi. Mən başlayanda fikirləşirdim ki, iki il keçəcək və bu iş bitəcək. Ona görə də mənim üçün bu işdə olmaq və rəylər almaq xoşbəxtlikdir.
- Bir dəfə, minlərlə ürəyi fəth etdikdən illər sonra da, onları yeni kitablarla təəccübləndirməkdə davam edirsiz. Öz kitablarınız vasitəsilə oxucuya nəyi demək, nəyi ötürmək istəyirsiniz?
- Həyatın itkilər, ayrılıqlar, hər şeyin, hətta özünün məhv olduğu günlər olsa da, həmişə gözəl olduğunu. Bəzən fikirləşirsən ki, vəssalam, artıq bitdi. Lakin səhər açılır və sənin həyat tarixçəndə yeni nəsə başlayır. Həyatı sevmək gözəldir, çünki sevəndə sən bunu dünyaya ötürürsən və bu, sənə də qayıdır. Bədbəxt, yorğun insan dünyaya nə verə bilər? Yalnız yorğunluq... Heç kimin yardımı olmadan yaşamaq, gəzmək, qucaqlamaq, oxumaq, qəhvə və ya çay içmək böyük xoşbəxtlikdir.
- Müxtəlif yazıçıların bir çox kitabları sonradan eyni adli filmin və ya serialın çəkilməsi üçün əsas təşkil edir. Sizin əsərləri götürsək, onlardan hansını böyük ekranda görmək istərdiniz və niyə?
- "Möhtəşəm yüz il" serialının Rusiyada möhtəşəm uğurundan sonra mənə artıq bir neçə Moskva şirkəti kitablarımın əsasında serial çəkməyi təklif edib. Nəyə görəsə məni də bu məsələyə qatmaq istəyirdilər. İmtina etdim. Mən istərdim ki, mənim "İşıq yanan ev", "Mən qayıdanda evdə ol", "Mənə dənizdən danış" romanlarım ekranlaşdırılsın. Bu da hay-küysüz, səssizliyi özündə ehtiva edən meditativ kino olsun.
- Siz yalnız üç romanı ekranlaşdırmaq istəyirsiniz, onda demək olar ki, onları xüsusi olaraq ayırırsınız?
- Mənim hər bir kitabım həyatımın ayrıca bir dövründəki mənəm. Məsələn, "Mənə səni söz veriblər" kitabında yazılanlar indi mənə yaddır. Mən öz ilkin dövrlərdəki yaradıcılığımla mürəkkəb münasibətdəyəm, Səfərli ilə tanışlığa onun ilk kitablarından başlamağı məsləhət görməzdim, yaxşısı budur, sonuncu dörd kitabdan başlasınlar, onlar daha kamildirlər. Müəllifin hər bir yeni kitabı onun sevimlisidir. Və hətta fikirləşirsən ki, o ən yaxşısıdır. Lakin bir-iki il keçir, onu yenidən oxuyursan və başa düşürsən ki, ən yaxşısı deyil (gülür).
- Bəlkə sizin qəbul edilməməyiniz perfeksionist olmağınızla bağlıdır?
- Mən həmişə əla, ən yaxşı formaya can atıram, düzünü desəm, bu, mənə mane olur.
- Son zamanlar bizim ölkədə komikslər ətrafında ciddi ehtiraslar alovlanıb: Kimi onları tamamilə faydasız incəsənət növü hesab edir, kimi də əksinə, hesab edir ki, komikslər müxtəlif informasiyaları çatdırmaq üçün ən əla üsuldur. Bəs sizin üçün komikslər nə deməkdir?
- Komiks janrı böhran keçirib və indi yeni inkişaf mərhələsinə qədəm qoyur. Mən Eynşteynin rəngarəng təsvirləri və gözəl dialoqları ilə komiks şəklində təqdim olunan tərcümeyi-halını görəndə, komiks janrının canlanmasına, ölü nöqtədən tərpəndiyinə sevindim. Burada bir gənc bu komiksi oxuyacaq, maraqlanacaq və Eynşteynin irsini öyrənməyə davam edəcəkdir. Yaxşıdır ki, bu janr ilhama gətirir və həyata maraq doğurur, insanı mənəvi cəhətdən tərbiyə edir.
- Bir dəfə demisiz ki, "insanlar oxuduqları kitablara oxşayırlar". Bu fikir hansı səbəbdən doğub?
- Sosial şəbəkələr səbəbindən, daha doğrusu, onlardan istifadə ilə bağlı tədbirlərin olmamasından. Bu məkanda hipertrofiyalı bir formada həddən artıq çox şey açıqlanır. Orada hər ikinci status kimin daha xoşbəxt, daha incə, daha zəngin, daha gözəl olduğu mövzusunda bir yarışa çevrilir.
Ancaq yenə də mən insana inanıram, öz işini sevən, nəcib, həssas, qəhrəman insanlarla tez-tez rastlaşıram. Onların məşhur olub-olmaması şərt deyil. Bu adam küçəmizdəki həyat yoldaşı ilə birlikdə evsiz heyvanlar üçün sığınacaq tikən bir çörəkçi də ola bilər, müharibənin çətin illərində altı övlad böyütmüş nənəm də. Mənə görə, onlar yaxalarında nişan olmayan qəhrəmanlardır.
- "Mən qayıdanda evdə ol"da bişmişlərə çox diqqət ayrılıb, " "İşıq yanan ev"də də cemlərin bütöv reseptləri verilib. Yemək nə isə sizin üçün xüsusi əhəmiyyət daşıyır, deyəsən, özü də hər şeydən çox?
- Kulinariya mənim sevimli məşğuliyyətlərimdən biridir. Yemək bişirməyi, bazara getməyi, uzun müddət yemək seçməyi, boyalara, qoxulara qərq olmağı sevirəm. Səyahət dövründə oteldə qalıram, yemək bişirə bilmirəm, buna görə də dilxor oluram. Özümün hazırladığı avokado salatı, kinoa və tərəvəzlərdən hazırlanmış sıyıqlar üçün darıxıram.
- Oxucularınızı yeni kitablarla nə vaxt sevindirəcəksiz? Onu artıq yazırsız?
- Hələ yox, amma hekayə artıq başımda hazırdır, orada formaya düşür, səs axtarır. Bir kitabı yazmaq üç aylıq aktiv işdir, qalanları gəzmək və düşünmək üçündür.
- Mətnlərinizdə xeyli ləzzətli toxunuşlar, həssas assosiasiyalar var ki, bəzən özünüzdən bunun hamının bir insanın başına necə gələ biləcəyini soruşursunuz. Siz və real dünya belə bir duyğu oyunu prizmasından keçirsizmi?
- Bəli, bu, mənim dünyagörüşümdür. Və mən bunu özümdə qoruyuram. Digər tərəfdən, mənə çox adi, tamamilə normal, təbii, qəribə gəlir və xoşdur ki, kimsə bütün bu parlaqlığı istedadda görür. Bu, sadəcə daxildən gəlir. Ədəbi mətndə istifadə etdiyim ədəbi fəndlər var, epizoddakı emosional yükü bir qədər artırıram, amma başqa heç nə yoxdur. Necə hiss edirəmsə, elə də yazıram.
- Nə vaxtsa, sizdən sonra bütün bunlar yalnız hərflərin səslənişi olaraq qalacaq. Bunu başa düşərkən hansı hissləri keçirirsiz?
- Əgər belə olacaqsa, bu, yaxşıdır. Amma düzünü deyim ki, bu barədə düşünmürəm. Sadəcə yaşayıram və mənə rahatlıq gətirən şeyi edirəm.