22:21 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (23)
61910

"İçi 37 qram qızılla dolu olan bu ordenin üstü platindən idi. Platini əridə bilmirdi. Ona görə də Leninin rəsmi olan hissəni qopardıb qorxusundan onu ayaqyoluna tullayırdı"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Onları maqnitlə pul axtaranlar, yaxud da öz dilləri ilə elə "manyak" da adlandırmaq olar. Əslində, numizmatların böyük əksəriyyəti zərgər olduğu üçün hər işə də zərgər dəqiqliyi ilə yanaşırlar. Maraqlıdır, əsrlər öncə dövriyyədə olduğu müddətdə dəyərsiz olan pulları bu gün bir ev, bahalı bir avtomobil qədər dəyərli edən nədir?

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

Yolumuz əslən yəhudi olan sənətkarın emalatxanasınadır. Zərgər, numizmat Eduard Şamaryayev öz evində, dörd əsrlik tarixin yatdığı emalatxanada Rusiyanın müxtəlif əsrlərə aid pulları ilə Sputnik Azərbaycan-ın oxucularını tanış etdi, numizmatikanın sirlərini açdı. Eyni zamanda da biz qızılın, gümüşün əridilməsi prosesi ilə tanış olduq.

- Eduard bəy, bir qədər özünüz, işiniz haqda məlumat verərdiniz. Nə zamandan numizmatika ilə məşğulsunuz?

- Biz 500 il öncə Qubada məskunlaşan yəhudi nəslindənik. İspaniyadan sürgün olunduğumuz üçün bizi "ispanski yəhudi" adlandırırlar. Burada doğulduğum üçün Azərbaycanı çox sevirəm. O ki qaldı bu işlə məşğul olmağıma, qonşumuz zərgər idi, atam onun işini çox bəyəndiyi üçün dedi ki, sən də zərgər olacaqsan. Elə o vaxtdan həm zərgərliklə məşğul olmağa, həm də müxtəlif pullar yığmağa başladım.

- Neçə yaşından belə pullar toplayırsınız?

- Dörd yaşımda mənə bir qəpik hədiyyə etdilər. O qədər gözəl idi ki, məndə bu işə maraq oyatdı. İndi kolleksiyamda 500-dək kağız, 3 minədək isə qəpik pul var. Zərgər olduğum üçün çox zaman müxtəlif dəyərli metallardan olan medalları, ordenləri, qəpikləri gətirirlər ki, əridib sırğa, üzük hazırlayım. Amma mən onları alıb kolleksiyama əlavə edir, əvəzində isə onlar üçün təzə qızıl, gümüş alaraq istədikləri sifarişi hazırlayıram. Amma etiraf edim ki, onlar arasında hətta zibillikdən tapdığım pullar da olub.

Edvard Şamaryayevin kolleksiyasında 500-dək kağız pul var ki, onların 150-si Azərbaycana aiddir
© Sputnik / Nigar Maharram
Eduard Şamaryayevin kolleksiyasında 500-dək kağız pul var ki, onların 150-si Azərbaycana aiddir

- Kolleksiyanızda hansı ölkənin pulları üstünlük təşkil edir?

- Demək olar ki, kolleksiyamın 99 faizi rus pullarından ibarətdir. Məni daha çox rus pulları  cəlb edir. Çünki Rusiyanın qədimi sikkə və pulları digər ölkələrlə müqayisədə çox dəyərlidir. Başqa ölkələrin kağız və sikkə pullarının qiyməti ilbəil artmasa da, rus pulları hər il dəyər qazanır. Məndə olan Rusiyaya aid 20 qramlıq 1 rublların hamısı gümüşdəndir. Kolleksiyamda Yelizavetanın, III Aleksandrın vaxtına, Birinci və İkinci Dünya müharibələri dövrünə aid pullar da var.

- Bəs bu pulların dəyərini necə ölçürsünüz?

- Burada pulun vəziyyəti, hansı ilə aid olması, azsaylı olub-olmaması və seriya nömrəsinin hansı hərflə başlamasının çox böyük önəmi var. Biz hər şeyə diqqət edirik. Əbəs yerə bizə "manyak" deməyiblər. Hətta qəpiyin kənarlarına vurulan zavodun möhüründə, buraxıldığı yerin adının baş hərfləri arasında məsafələrin aralı, yaxud da sıx olması da onun dəyər ölçüsü hesab edilə bilər. Yəni hərflər arasında məsafənin geniş olması o deməkdir ki, həmin sikkə çıxanadək bu möhürlə daha az buraxılış olub. Belə pullar nadir hesab edilir və bəzən hətta bir evin qiymətinə satılır. Biz sikkə pulların dəyərini ilk olaraq maqnitlə müəyyənləşdiririk. Əgər maqnit pulu özünə çəkirsə, demək ki, həmin sikkə dəyərsizdir. Çox təəssüf ki, rus pullarından fərqli olaraq Azərbaycan pulları maqnitə yapışır. Bu isə onun ucuz xammaldan hazırlandığını göstərir.

- Bir az da bizi kolleksiyanızla tanış edərdiniz. Yelizaveta, Nikolay pullarının vəziyyəti necədir?

- Hazırda kolleksiyamda vəziyyəti yaxşı olan gümüşün dəyəri 300 manatdır. Amma əlimdəki "Yelizaveta" çox yeyildiyi üçün o qədər də qiymətli, dəyərli deyil. Biz adətən eyni sikkənin yaxşı vəziyyətdə olanını tapdıqdan sonra köhnəsini satırıq. Kolleksiyamdakı qəpiklər arasında bizim nadir hesab etdiyimiz illərdən olanlar da var. Bu nadir illərdən biri də 1917-ci il hesab edilir. 1917-ci ilin fevralında Rusiyada inqilab olduğu üçün həmin ilin yalnız ilk ayında sikkələr buraxılıb. Onların sayı isə təxminən 20-30 min olduğu üçün dəyərləri də ilbəil artır. Bundan başqa, 1931 və 1958-ci illər belə nadir illərdən hesab edilir. 1958-ci ildən 1961-ci ilədək sikkələr buraxılmayıb. Buna görə də 1958-ci ildə müəyyən qədər buraxılan sikkələr nadir hesab edilir. Hazırda bu pulların qiyməti bəlkə də 100 min dollardır. O zamanlar bu pulların bir hissəsini istismar üçün Sibirə göndərmişdilər. Xruşşov həmin sikkələrin dizaynını bəyənmədiyi üçün onların yenidən buraxılışına qadağa qoyuldu. Lakin bundan sonra öncədən həmin ildə buraxılan pullar geriyə qaytarılmadı. İndi, bəlkə də, qızıldan olan bu sikkələr Sibirdə hansısa nənənin daxmasında yatır.

 Zərgər, numizmat Edvard Şamaryayevin kolleksiyası
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin kolleksiyası

Kolleksiyamda 1743-cü ilə aid olan qəpik də var. ¼ qəpik isə 1896-cı ilə aiddir. Ümumiyyətlə, Rusiyada 50 ildən artıq yaşı olan hər şey "antikvar" hesab edilir. Və onların ölkədən çıxarılması qanunla qadağandır. Maraqlı bir əhvalatı danışım: 2017-ci ilin yanvarında Rusiyada sərhədi keçmək istəyərkən bir kişini məhz bu qanunu pozduğuna görə tutaraq 3 illik həbs cəzası vermişdilər. Sən demə, həmin şəxs hər zaman ilk qazandığı pulu üzərində gəzdirirmiş.

- Bu sikkələrin arxasındakı qartal işarəsi nəyin rəmzidir?

- Müxtəlif illərə aid olan və arxasında qartal işarəsi olan sikkələrdə imperiyanın get-gedə böyüməsi əksini tapır. İmperiya böyüdükcə yeni istismara verilən sikkələrdə qartalların qanadlarındakı kvadratların, yəni ərazilərin sayı da əksini tapır.

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

- Şirvanşahlar dövrünə aid sikkə varmı?

- Şirvanşahlar dövrünə aid olan sikkəni əritmək üçün gətirmişdilər. Həmin sikkə tələbələrimin əlinə keçmişdi, qəfildən gözüm "kasa"nın içinə sataşdı. Orada Şirvanşahlar dövrünə aid olan sikkənin əridildiyini görəndə qaçaraq, elə isti-isti həmin sikkəni "kasa"dan çıxartdım. Təəssüf ki, bəzən insanlar dəyərini bilmədiyi üçün "tarix"imizi əridirlər.

 

Kolleksioner Edvard Şamaryayev eyni zamanda döş nişanları də yığır
© Sputnik / Nigar Maharram
Kolleksioner Eduard Şamaryayev eyni zamanda döş nişanları da yığır

- Kolleksioner kimi eyni zamanda medal və ordenlər də yığırsınız...

- Böyük Vətən Müharibəsində göstərdikləri şücaətə görə təltiflər olurdu. Hazırda məndə Berlinin, Varşavanın, Praqanın tutulması, Yaponiya üzərində qələbə və Moskvanın qorunmasına görə verilən müxtəlif belə medallar var. Xidməti nailiyyətlərə görə verilən bu medalların hamısı gümüşdəndir. Kolleksiyamda 18-ci əsrə aid olan ordenlər də var.

- "Qəhrəman ana" medalı. İlk dəfədir ki, belə bir medala toxunuram. Nə maraqlıdır...

- Gördüyünüz bu medallar 10, 8 və 7, 5 uşaqlı analara verilirdi. Hətta məndə nənəmin də medalı var. O, 7 uşaq anası olduğu üçün medalla təltif olunmuşdu. Bu medal 26 qramlıq gümüşdən ibarətdir. Beş uşağa görə verilən medallar isə tuncdandır.

Qəhrəman ana medalı
© Sputnik / Nigar Maharram.
"Qəhrəman ana" medalı

- Maraqlıdır, bu medalların arxasında olan nömrələrlə nəyi müəyyənləşdirmək mümkündür?

- Medalların, ordenlərin hamısının arxasında nömrələr var. Xüsusi bir sayt var, bu nömrələrlə onun kimə verildiyini müəyyənləşdirmək olur. Ümumiyyətlə, Rusiyada orden və medalların satışı qadağan olduğu üçün biz lazım olan sayta girməklə onun oğurluq olub-olmadığını müəyyənləşdirə bilirik.

- Axı bütün medalların arxası nömrəli deyil...

- Kiminsə sinəsinin medallarla dolu olması heç də onların hamısının dəyərli olması demək deyil. Arxası nömrəsiz olan medallar qiymətli metallardan hazırlanmır. Başı çıxan adamlar bilirlər ki, bu medallar əslində heç də müharibəyə aid deyil.

- Burada görkəmli şair Nizami Gəncəvinin, maestro Niyazinin rəsminin də əks olunduğu sikkələri görürəm.

- SSRİ dövründə yubiley pullar da buraxılırdı. Sonuncu belə yubiley pulun üzərində Nizami Gəncəvinin rəsmi əksini tapıb. Bu sikkə 1991-ci ildə, Nizami Gəncəvinin 800 illiyi münasibəti ilə buraxılıb. Bundan başqa, belə yubiley pullardan üzərində Niyazinin, radionu icad edən Papovun rəsmi olanlar da kolleksiyamdadır.

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

- Başqa hansı nümunələri yığırsınız?

- Kolleksiyamda Moskva və Sankt-Peterburq metrostansiyalarında istifadə olunan jetonlardan da var.

- Yeni pulları nə zaman kolleksiyanıza daxil edirsiniz?

- Yeni parıldayan bir qəpik, yaxud da cağ pul dövriyyəyə buraxılan kimi onu dərhal kolleksiyama qoyuram. Çünki təzə pul zədələnmiş olmur və seriya nömrəsi A ilə başlayır, rəqəmlərin sayı isə çox olmur. Bu isə gələcəkdə həmin pulun dəyərini daha da artırır.

- Yerli pullarla bağlı danışardınız. Məsələn, bizim pullarda onun buraxılış tarixi göstərilmir...

- Bizim qəpiklərin üzərində tarixin olmaması çox böyük problemdir. Başqa ölkələrdə pulun yalnız bir tərəfində onun dəyəri yazılır, digər tərəfində isə gözəl bir dizayn olur. Bizdə isə Fransada buraxılan bu pulların hər iki tərəfində onun dəyəri yazılıb. Bundan başqa, pulumuzun Fransada istehsal olunması da bir başqa problemdir. Çünki pul iqtisadiyyatımız deməkdir, onun başqa əldə olması arzuolunmaz nəticə də yarada bilər. Həm də bu pullar qiymətsizdir. Gümüş, mis və digər qiymətli metallar var ki, onların zamanı ötsə də, sabah ondan nəsə əldə etmək olur.

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

- Heç başınıza maraqlı hadisələr gəlib?

- O zamanlar 250 manatla 1 manat oxşar idi. Biz axşam 1 manatın üzərinə 250 yazırdıq və axşam nənələrə verirdik ki, xərcləsinlər. Amma bu, cinayət idi. Başqa bir qəribə, amma arzuolunmaz hadisə isə ilk kolleksiyamı itirməyimlə bağlı idi. İncəsənət muzeyinə gedəndə kolleksiyamı unudub orada qoymuşdum, bu isə bir ay sonra yadıma düşmüşdü. Dostum da mənə bir maraqlı əhvalat danışmışdı. Ağdaşda yaşayırdı, deyirdi ki, o vaxtı necə olubsa, əlinə Leninin rəsmi olan 20-30 orden keçib. İçi 37 qram qızılla dolu olan bu ordenin üstü platindən idi. Platini əridə bilmirdi. Ona görə də Leninin rəsmi olan hissəni qopardıb qorxusundan onu ayaqyoluna tullayırdı.

- Topladığınız nümunələri auksiona çıxarırsınız?

- Xeyr.

- Kolleksiyanızda nə qədər kağız, nə qədər qəpik, sikkə var?

- 500-dək kağız pulum var ki, onların 150-si Azərbaycana aiddir. Qəpiklərimin sayı isə 3 mindən çoxdur. Bu yaxınlarda bir nəfərin evinə getmişdim, o, bir şampan butulkasını sovet dövrünə aid qəpiklərlə doldurmuşdu. O zamanlar hamı bilirdi ki, bir şampan butulkası ilə dolu olan 1 qəpiklər neçə rubl edir. Camaat bu pulları yığıb sonradan banklara verib kağız pul alardı. Ona görə də o vaxtın şampan butulkaları da kolleksionerlər üçün çox dəyərli idi.

- Bir az da zərgər kimi fəaliyyətinizdən danışaq.

- 1996-cı ildən zərgərliklə məşğulam, bu vaxtadək 600-dən artıq zərgər yetişdirmişəm. Əsasən milli texnikaya, xalq naxışlarına üstünlük verirəm.

- Xammal almaq necə, çətin deyil?

- Xammal almaq çətin deyil. Adətən "lom", hazır sınmış əşyalar alırıq. Gümüşün bir qramı 70 qəpiyə, 583 əyarlı qızılın bir qramı isə 47 manatdır. Külçələri isə banklardan alırıq. Hazırda qızılın bir unsiyası 1525 dollar, 1 kilosu isə 65 min manatdır. Qiymətlərimizi də son bazar qiymətlərinə uyğun təyin edirik. Bu sənət dolanışıq üçün, gələcək üçün çox yaxşıdır. ABAD-da bütün Azərbaycan sənətkarları arasında qazanca və satışa görə mən hər ay lider oluram. Orta hesabla 3-4 minlik mal satıram.

 Edvard Şamaryayev zərgərlikdə milli texnikaya, xalq naxışlarına üstünlük verir
© Sputnik / Nigar Maharram
Eduard Şamaryayev zərgərlikdə milli texnikaya, xalq naxışlarına üstünlük verir

Sonda isə qızıl və gümüşün əridilməsi prosesi ilə də tanış olduq. Bu işdə ustaya hər zaman tələbələri Elçin İbrahimov, İlham Talehli kömək edirlər.

Bir sözlə, ustadın emalatxanasına getməklə sanki əsrlər öncəyə, müharibə dövrlərinə də səyahət etmiş olduq. Əslində, tarixə toxunmaq çox maraqlı bir hiss yaradır. Eləcə də A seriyası ilə başlayan, qısa nömrəli, yalnız bir rəqəmi 6, digəri isə 5-dən ibarət, bir "Mercedes"in qiymətinə olan "1 Məmməd"ə toxunmaq şansı qazandıq.

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (23)

Əlaqədar

Ayağımızın altında yatan sərvət - Biz ondan da xəbərsizik
İndi də qızıl sikkə və külçələrimiz olacaq, özü də mağazada
Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində
Ekspert: Zərgərlik məmulatları sərmayə vasitəsi hesab oluna bilməz
Teqlər:
kolleksiyaçı, kolleksiya, numizmatika, zərgərlik məmulatı, zərgərlik

Əsas mövzular