CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Afaq Abbasova: "Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı"

© Sputnik / Kamal AlmuradlıAfaq Abbasova
Afaq Abbasova - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar Artist: "Çox təəsüf ki, indiki zamanda sənətə yox diploma qiymət verənlər də var"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Müsahibimiz Afaq Abbasova 1986-cı ildə Şirvan şəhərində müəllim ailəsində anadan olub, 2002-2006-cı illərdə Asəf Zeynallı adına musiqi kollecində təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Xalq artisti, professor Fidan Qasımovanın tələbəsidir.

2010-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrın repertuarındakı "Sevil", "Arşın mal alan", "Traviata", "Boqema", "Çio-Çio-San", "Trubadur" opera tamaşalarında Sevil, Gülçöhrə, Gülnaz, Nigar, Violetta, Mimi, Çio-Çio-San, Leonora kimi aparıcı partiyaları ifa edib. Türkiyə, Avstriya, Şimali Kipr və Moldovada keçirilmiş beynəlxalq festivallarda çıxış edib.

© Sputnik / Kamal AlmuradlıAfaq Abbasova
Afaq Abbasova: Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı - Sputnik Azərbaycan
Afaq Abbasova

Belarusun "Bolşoy teatr"ının, Belqrad Milli Opera Teatrının, Əlişir Nəvai adına Özbəkistan Akademik Opera Teatrının dəvətli solistidir. 2014-cü ildə Azərbaycanın Əməkdar Artisti adına layiq görülüb.

- Afaq xanım, sizdə operaya maraq necə yarandı?

- Bizim ailəmizdə musiqiçi olmayıb. Atam da, anam da müəllimdirlər. Bütün uşaqlar kimi kiçik yaşlarımda mahnı oxumuşam. Amma görünür məndə istedad fərqli olub. Kənardan dinləyənlər gözəl səsim olduğunu bildiriblər. Əslində uşaq vaxtı təhlükəsizlik orqanlarında işləməyi arzulamışam. Amma böyüdükdən sonra atamın yaxın dostu məsləhət gördü ki, musiqi sahəsinə gedim. Düzdür, valideynlərim razı olmasalar da, sonradan yola gəldilər. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə verdim. Kollecin rəhbəri Nazim Kazımov məni dinlədi və bu təhsil ocağına qəbul etdi. İlk ifam "Sevgili canan" oldu. Hazırda da həmin kollecdə dərs deyirəm.

- İlk müəlliminiz kim olub?

- İlk müəllimim Natəvan Şeyxova oldu. O məni məcbur etdi ki, kolleci bitirən kimi sənədlərimi konservatoriyaya verim. Təhsilə gec başladığım üçün mənə çətin gəlirdi. Amma çox çalışdım. 2006-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul oldum. Akademiyanın ikinci kursundan Opera və Balet teatrının tamaşalarına gedirdim. Elə həmin vaxtdan məndə teatrda oxumaq üçün həddən artıq həvəs yarandı. Əlbəttə ki, bir tələbə üçün bu arzuların reallaşması çox tez idi. Sənətin sirlərinə yiyələnəndən sonra qəti şəkildə rayona qayıtmamaq qərarına gəldim. Çünki mənim öncədən də istəyim diplom əldə etmək yox, sənətə yiyəlnmək idi. Çox təəsüf ki, indiki zamanda sənətə yox, diploma qiymət verənlər də var. Ailəm də təkid edirdi ki, bitirdin qayıt gəl və texnikumda dərs de.

- Bu qərarı verərkən yəqin içinizdə bir əminlik olub.

- Elədir ki var. Çünki mən imtahanlarımı uğurla vermişdim. Fidan xanımın tələbəsi olmaq o demək deyil ki, qiymətlər asan şəkildə yazılır. Mən həmçinin Azərbaycan Respublikasının xalq artisti, professor, Azərbaycanın ilk peşəkər qadın teatrı rejissoru mərhum Gülcahan Güləhmədovanın tələbəsi olmuşam. Onun son günlərinə qədər evinə gedirdim. O, mənə opera rejissorluğunun sirlərini öyrədirdi. Hətta mənə söyləyirdi ki, gəl sənə kitablarımı verim rejissorluğa hazırlaş. Mən ondan çox şey öyrəndim. Klassik musiqi elədir ki, onun içinə daxil oldunsa çıxış yoxdur. Zaman keçdikcə mənim qidama çevrildi, əl çəkə bilmədim. Bütün günüm musiqi dinləməklə, internet üzərindən xarici klassikaya qulaq asmaqla, tamaşalara baxmaqla keçirdi. Mənə elə gəlirdi ki, ayrılsam sağalmaz xəstəliyə düçar ola bilərəm. Opera mənim həyat tərzimə çevrildi.

- Opera və Balet teatrında ilk rolunuzu necə xatırlayırsınız?

- İlk rolum Cüzeppe Verdinin "Traviata" operasında Violetta obrazı olub. Mənə əsər təqdim edildi və deyildi ki, səni dinləyəcəyik bəyənsək burada fəaliyyət göstərəcəksən. Opera teatrının səhnəsi sınaq meydanıdır. Əgər sən özünü doğrultsan oxuyacaqsan. 23 yaşımda baş rol ifa etmək böyük məsuliyyət tələb edirdi. İfa zamanı çox həyəcanlı idim. Amma işimin öhdəsindən gələ bildim. Məhz bu tamaşadan sonra məni solist kimi qəbul etdilər.

- Səhnədən səhnəyə fərq varmı?

- Səhnədə fərq yoxdur. Amma tamaşaçıdan tamaşaçıya fərq var. Səhnədə çıxış zamanı tamaşaçıların əl çalmağından reaksiyanı bilmək olur. Bir dəfə səhnədə çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı. İlk dəfə idi bu halla rastlaşırdım. Zalda tam sakitlik çökdü. Öz-özümə fikirləşdim ki, pis oxumuşam. Bir neçə saniyədən sonra alqış, bravo sədaları ucaldı. Tamaşa bitən kimi, musiqiçi dostlardan soruşdum ki, ifamdan sonra niyə sakitlik çökdü? Cavab olaraq söylədilər ki, çox mükəmməl oxudun. Tamaşaçılar ardını gözləyirdilər.

- Afaq xanım, digər teatrlara marağınız varmı?

- Tələbə vaxtı Akademik Milli Dram Teatrında və Akdemik Musiqili teatrda olmuşam. Teatrlar bir-birinə bağlıdır. Aktyor peşəkarlığı baxımından mütləq baxmaq lazımdır. Açığı, vaxtımın darlığından son dövrlər alınmır. Amma mütləq imkan tapan kimi gedəcəm. Xarici səfərlərim zamanı bir qayda olaraq getdiyim yerdə opera teatrına baş çəkirəm.

- Elə bir opera teatrı var ki, arzusundasınız?

- Hər bir ifaçının istəyər ki, Avropa səhnəsində çıxış etsin. Elə bir ifaçı yoxdur ki, La Skalanı arzulamasın.

Ən böyük arzum isə Azərbaycan operalarını xarici səhnələrdə ifa etməkdir.

- Hansı ölkənin musiqilərini daha çox bəyənirsiniz?

- Klassik operaları yox, xalq musiqisini nəzərdə tutursunuzsa, Azərbaycan xalq musiqilərinin dünyada bərabəri yoxdur. Bunu tam əminliklə deyirəm.

- İtaliyada festivaldan yeni qayıtmısınız. Səfər barədə məlumat verərdiniz.

- May ayında Bakıda İtaliya səfirliyinin təşkilatçılığı ilə tamaşalar oynanıldı. Drijor İtaliyadan dəvət olunmuşdu. Həmin səfər zamanı məni və digər solist həmkarlarım dinlənildi. Bir müddətdən sonra isə məni Romaya dəvət etdilər. Orada Bethovenin 9-cu simfoniyasını ifa etdim. Bu festivalda Almaniya, Italiya, ABŞ, Rusiyadan olan vokalçılar iştirak edirdi. Çox böyük fəxr hissi ilə deyirəm ki, festivalın açılışını bizə həvalə etmişdilər. Azərbaycan adına məncə böyük uğurdur.

- Dünyanın bir çox səhnələrində çıxış etmisiniz. Kuryoz, fors major hadisə ilə qarşılaşmısınız?

- Belqradda "Trubadur" tamaşasında Leonora obrazını canlanıdırırdım. 3-cü aktda Leonora zəhər içməli idi. Kulisdə gözləyirəm ki, tərəf müqabilim çıxışını bitirsin və mən səhnəyə çıxım. Süjet xəttinə görə mübahisə etməliyəm və sonra barmağımdakı üzükdən zəhər içməliyəm. İfa vaxtı yadıma düşdü ki, üzüyü unutmuşam. Həmən an barmağımı tutdum ağzıma üzümü tamaşaçılardan çevirdim. Guya zəhəri içib üzüyü xüsusi jestlə atdım. Izləyicilər bunu hiss etmədi.

- Ciddi musiqi ilə məşğul olan şəxs kimi ara musiqilərinə münasibətiniz?

- Məncə hər şeyi zamana buraxmaq lazımdır. Mən professional musiqinin tərəfdarıyam. Fürsətdən istifadə edib klassik musiqi dinləməyən insanlara səslənirəm. Bir dəfə dinləsəniz dünya görüşünüz, musiqi zövqünüz, həyata baxışınız müsbət mənada dəyişəcək. Əsl musiqinin nə olduğunu anlayacaqlar. Ən azından öz klassik musiqilərimizi dinləmək vacibdir.

Xəbər lenti
0