09:48 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Zaqatala rayon sakini Əsgər Məmmədov

Sürgünlük həyatında almanlardan öyrəndiyi sənəti yaşadır

© Sputnik / Shahperi Abbasova
MƏDƏNİYYƏT
Qısa URL
2970 0 0

Qazaxıstanda bundan qat-qat çətin şəraitdə yaşayırdıq, amma insanlar intihar etmirdi.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın ta qədim zamanlarda daş üzərində oyub-cızdıqları fiqurlar buna əyani sübutdur. Zaqatala rayon sakini Əsgər Məmmədov da bu incəlikləri dərindən duyan, ağacdan ustalıqla istifadə edərək əsərlər yaradan bir xalq sənətkarı, ağacoyma ustasıdır. O, Zaqatala şəhərində balaca, ağac ətri duyulan emalatxanasında fəaliyyət göstərir. Əsgər müəllim bu sənəti ailəsi ilə birlikdə Qazaxıstanda sürgünlük həyatı yaşayarkən öyrənib.

Sənətkar Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, əvvəllər bu sənətə elə də ciddi yanaşmırmış. Daha sonralar isə bu sənət onun ən yaxın dostuna çevrilib: "Atam Qazaxıstanda sürgündə olub, orada evlənib və mən də orada dünyaya gəlmişəm. Ətrafımızda bir çox millətlərdən olan insanlar var idi. Sənətkarlıq baxımından almanlar öndə gedirdi. Mən də bu sənəti onlardan öyrəndim. Bu sənət mənə almanlardan yadigar qalıb. Bir müddət məşğul olmasam da, 1973-cü ildən sonra bu sənəti davam etdirməyə başladım".

Zaqatala rayon sakini Əsgər Məmmədov
© Sputnik / Shahperi Abbasova
Zaqatala rayon sakini Əsgər Məmmədov

Sənətkarın dediyinə görə, bu işlə məşğul olmaq üçün həvəs lazımdır, işə başladıqdan sonra vaxtın necə gəlib-getdiyini unudursan: "Elə olur ki, aylarla mənim üzümü heç kim görmür. Girirəm balaca emalatxanama, oradan çıxmıram. Qış vaxtı sobanı yandırıram, işləyirəm. Vaxtın necə gəlib-getdiyindən xəbərim olmur. Hər dəfə işə başlayanda həvəs lazım olur. İşə başladıqdan sonra ayrılmaq istəmirsən".

Əvvəllər idman müəllimi olan Əsgər Məmmədovun sözlərinə görə, ağac işi digər sənətlərdən çətindir: "Məsələn, bir işə 2 il sərf edirsən, ani bir səhvlə ağac çatlayır, işin hədər gedir. Sonradan onu təmir etmək olmur. Bu sənətin unikallığı bundadır ki, eyni əsəri təkrar işləmək mümkün deyil. Həmişə olur ki bir işin üstünə yenidən qayıdıram, amma heç vaxt tamamlanmır. Bir kompozisiya hazırlayanda bilmirəm ki, nə vaxt bitirəcəm. Olub ki, bir kompozisiyanın üzərində 2-3 il işləmişəm. Bir işin üstünə 50 dəfə qayıda bilərəm. Bu sənəti tamamlamaq olmur".

Əsgər Məmmədovun əl işləri
© Sputnik / Shahperi Abbasova
Əsgər Məmmədovun əl işləri

Oymaçı öz işində göyrüş, yalan qoz, şabalıd, palıd, tut, armud ağaclarının kökündən istifadə edir. Sən demə, ağaclar müxtəlif olduğu kimi onun yonulmağı da fərqlidir: "Yonulmağına görə ən rahat ağac armud ağacıdır. Ən çətini isə qoz, şabalıd, göyrüşdür. Heç vaxt heç kimin üslubundan istifadə etməmişəm. Ağacı görəndə ondan nə hazırlayacağım mənə aydın olur".

"Mən eskizlər eləmirəm. Öz beynimdə tuturam və başlayıram hazırlamağa. Hər dəfə ağaca yaxınlaşanda yeni bir fikir gəlir beynimə və onun üzərində çalışıram. Son dövrlər kompüterdə də hazırlayırlar. İşə baxanda bilinir ki, bu, əl işidir, yoxsa kompüterdə hazırlanıb. Pul qazanmaq xatirinə kompüterlə işləyib satırlar, mən onları qınamıram. Amma burada sənətdən söhbət gedə bilməz. Həmkarlarımla söhbətləşirəm. Amma onlar nəsə məsləhət verəndə dediklərini eləmirəm. Ümumiyyətlə, sənətin özü bunu tələb edir. Öz həmkarımın dediyini etsəm təkrara getmiş olacam " - deyə Ə.Məmmədov əlavə edib.

Əsgər Məmmədovun əl işi
© Sputnik / Shahperi Abbasova
Əsgər Məmmədovun əl işi

Sənətkar xam malı meşədən və sel gələndə özü ilə gətirdiyi ağac köklərindən əldə edir. Bu işdə ona həmkəndliləri də yardım əlini uzadır: "Meşədə yıxılan ağacın kökünü kəsib gətirirəm. Yerli camaat da mənə yardım edir. Onlar da həyətlərində ağac material olanda mənə verirlər. Min ağac ola bilər, ancaq bu, o demək deyil ki, onlardan nəsə edə bilərsən".

Uşaqlığından incəsənətə meylli olan Əsgər müəllim uşaqlıq dostları olan almanların sənət barədə verdiyi tövsiyələri hələ də unutmayıb: "Məktəb illərində məktəbin dəhlizində asılan şairlərin, yazıçıların portretlərini mən çəkirdim. Alman uşaqları mənə deyirdilər ki, nəyəsə baxıb çəkmə, beyninlə işlə. Mən heç vaxt heç kimin əsərinə baxıb işləmərəm. Bu, məndə qətiyyən alınmaz. Bu sənətdə də digər sənətlərdə olduğu kimi "oğurluq" olur. Baxırsan ki, nəsə etməyə çalışıb, amma "oğurluqdur". Mən bunu qəbul edə bilmirəm. Yeni başlayanda olar, amma sonradan hər kəsin öz dəsti-xətti olmalıdır".

Əsgər Məmmədovun əl işi
© Sputnik / Shahperi Abbasova
Əsgər Məmmədovun əl işi

Əsgər müəllimin qənaətincə, sənətkarlar eqoist olur və etiraf etdi ki, onun özündə də sənətlə bağlı eqoizm var: "Sənətkarlar eqoist olur. Sənətə qarşı eqoizm məndə də çoxdur. Bəzən rayonda və ya paytaxtda festivallar olur. Mən heç vaxt əl işimin yanında dayanmıram. Ətrafdan insanların sözlərini dinləyirəm. İnsanların çoxu bu sənətin əziyyətinin fərqində deyillər. "Nə var bunda, bir kötükdü də çıxarıb bura" deyirlər. Bu, mənim kolleksiyamdır. Heç vaxt satmaram. Əvvəllər hədiyyə edirdim. Amma indi vermirəm heç kimə".

Son dövrlər intiharların sayı getdikcə artır. Stress içində yaşayan, depressiyada olan milyonlarla insan var. Sənətkar bu problemin ən böyük çözümünü insanların məşğuliyyətində görür. Onun fikrincə, sənətindən fərqli olaraq hər kəs nəsə yaratsa, beyinləri dincələr və problemlərdən, az da olsa, yaxa qurtara bilərlər: "Bütün xəstəliklərin başında stress durur. Bu sənətlər adını belə, çəkmək istəmədiyim xəstəliklərin dərmanıdır. Demirəm, bu işlə məşğul olsunlar. Başqa yaradıcı işlə də məşğul ola bilərlər. Yetər ki, işdən sonra başları dincəlsin. Bu işlər həyata bağlayır insanı. Təbii ki, kompüteri bilsinlər, müasir texnologiyadan uzaq düşməsinlər. Amma beyinlərinə dinclik verməlidirlər. "İncəsənt ruhun qidasıdır" sözü elə-belə deyilməyib. Biz Qazaxıstanda bundan qat-qat çətin şəraitdə yaşayırdıq. Amma insanlar intihar etmirdi. Çünki hər kəsin, uşaqların da məşğuliyyəti var idi".

Əsgər Məmmədovun əl işləri
© Sputnik / Shahperi Abbasova
Əsgər Məmmədovun əl işləri

Xalq sənətkarının əsas əmək aləti şüşə parçasıdır. Dediyinə görə, bu işdə əlinin kəsilməsi qaçılmazdır: "Bu sənət elədir ki, burada mütləq nə vaxtsa əlini kəsəcəksən. Nəvəm bir-iki iş işlədi. Bir dəfə qan gördü, ondan sonra dedi ki, istəmirəm".

Bütün sənətkarları birləşdirən, onlara xas olan xarakterlərdən biri də işlədikləri emalatxanaya həssas yanaşmalarıdır. Elə Əsgər müəllim də bu qəbildən olan sənətkardır: "Emalatxanamı özüm təmizləyirəm. Bilirəm ki, nəyi hara qoymuşam. Heç bir alətin yerinin dəyişilməsinə icazə vermirəm. Xarici ölkəyə gedəndə camaat özünə nəsə alanda mən özümə alət, ağac materialı gətirirəm. Həmişə musiqi dinləyirəm. Musiqi sədaları altında işləyirəm. Klassiklərimizi dinləməkdən zövq alıram. Bu, bütün sənətkarları birləşdirən əsas cəhətdir".

Əsas mövzular