Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 3 iyun — Sputnik. Zəngin tarixi keçmişə malik ölkəmizin minilliklərlə hesablanan sivilizasiyalı həyatında ən qədim şəhərlərdən olan Bərdənin də önəmli yeri var. Hətta bu şəhər müəyyən dövrlərdə çiçəklənib, intibah dövrü keçib, şərqin ən böyük ticarət və mədəniyyət ocaqlarından olub.
Bərdə tarixi mənbələrdə xilafət dövrünün əhəmiyyətli şəhərlərindən olan Bağdadla müqayisə olunub. Bərdənin Əl-Kürki bazarı dövrünə görə dünyanın ən məşhur bazarlarından biri kimi tanınıb. Onu da qeyd edək ki, Bərdə həm də indiki Azərbaycan ərazisini əhatə etmiş Qafqaz Albaniyasının paytaxtı olub.
Zəngin tarixi keçmişi və şəhər mədəniyyəti olan Bərdə təəssüflər olsun ki, sonralar istilalara məruz qaldığından dağıdılıb, yerlə-yeksan edilib. Hazırda nə qala divarlarından, nə də dəbdəbəli saraylarından əsər-əlamət qalmadığı görünür. Xeyli sayda maddi mədəniyyət abidələri var ki, ancaq onların vasitəsi ilə keçmişimiz haqqında məlumat ala bilirik.
Tarixi mənbələrdə 3000 min il yaşı olduğu qeyd olunan Bərdə şəhərində 500-ə yaxın tarixi memarlıq abidəsi mövcuddur. Bunlardan 30-u ölkə əhəmiyyətli abidə hesab olunur ki, biri də Tərtər çayının üzərində inşa edilmiş körpüdür.
Sputnik Azərbaycan-a danışan tarixçi müəllim Teyyub Əliyev körpü haqqında danışarkən bildirib ki, Bərdədə Tərtər çayı üzərində iki belə körpü olub. Haqqında danışılan körpü X-XI əsrlərdə tikilib və 15 tağdan ibarət olub. İkinci körpü isə XIII-XIV əsrlərdə çayın aşağı və nisbətən dayaz yerində tikilməklə 12 tağdan ibarət olub.
"Bu abidə indiki dövrə qədər çox gözəl qorunub saxlanıb. Azərbaycanda çox nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatıb. Körpünün özülü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülüb. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub", — deyə əlavə edib həmsöhbətimiz.
T.Əliyev deyib ki, indikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olub: "Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib. Hazırda Sərsəng SES ermənilərin nəzarətində olduğundan suyun aşağı buraxılmasını əngəlləməyə çalışırlar. Çay əvvəllər çox kükrəyir, dağlardan gələn dəhşətli sel suları olurdu. Körpü əsrlər boyu bu müqavimətə tab gətirərək müasir dövrümüzədək gəlib çatıb".
Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada hərəkət edib.
Tarixçi qeyd edib ki, Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunub: "Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb. Çox güman ki, Bərdə şəhərinin bir neçə istiqamətə, Gəncə tərəfə, Ağdama doğru qala qapıları olub. X əsr ərəb tarixçiləri İbn Hövqəl, Əl-İstəxri və başqalarının əsərlərində də bunlar barədə məlumatlar var".
Bərdə Regional Turizm İnformasiya Mərkəzinin əməkdaşı Taryel Məmmədli də bildirib ki, Bərdə körpüsü tarixi abidə kimi qorunan maddi mədəniyyət nümunələri sırasındadır.
"2015-ci ildə tarixi abidənin ərazisində abadlıq quruculuq işləri aparılıb, park bulvar sistemi yaradılıb. Bunun da sayəsində park bulvara istirahət etməyə gələn yerli sakinlər, qonaqlar bu körpü vasitəsilə Bərdənin tarixi ilə bağlı məlumatlar da əldə edə bilirlər", — T.Məmmədli qeyd edib.