16:18 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
117763

Və ya "Ey Ana Vətən, Ey Ana Vətən, Haqq yolunda durmuşuq - bu baş, bu bədən!"

BAKI, 7 fev — Sputnik. Həm Azərbaycan türkcəsində, həm talışca şeirlər yazan, bir neçə kitab müəllifi, Talış Mədəniyyət Mərkəzinin sədri Əli Nasir vəfat etdi. O, türklər arasında 1989-cu ildə böyük bir kütlənin qarşısında oxuduğu və öz yazdığı "Ey Ana Vətən" marşı ilə, talışlar arasında onu şair doğduğu üçün öz anasına üsyan etdiyi və hərfi tərcümədə "niyə məni şair doğdun, şirin anam" anlamını verən "Boçi mını şair zande, Şinə Mo" şeiri ilə daha çox məşhurdur.

Dərdli insan
© Photo : pikabu.ru

Təxminən iki il əvvəl Ermənistanın Azərbaycanda yaşayan etnik xalqlardan daxili nifaq yaratmaq üçün istifadə etməyə cəhd etməsi ilə bağlı bir məqalə yazmışdım. Xüsusən də "Talışıstan Milli Televiziyası" adı ilə internetdə yayımlanan televiziya və türklərə nifrət çağırışları ilə ermənilər tərəfindən satın alındıqları məlum olan bir para insanların bu televiziyada yayımladığı sarsaq, cəfəng verilişlər haqqında yazdığım məqalə həmin adamları və onların Azərbaycandakı tərəfdaşlarını möhkəm qəzəbləndirmişdi.

Bütün talış səhifələrində, qruplarında haqqımda olmazın təhqirlərlə qarşılaşır, bəzilərindən söyüş dolu mesajlar alırdım. Elə həmin vaxt mərhum şair Əli Nasir də mənə mesaj yazdı. Mesajının məzmunu təxminən belə idi ki, bu cür məsələlərə qarışmayım, özümü heç kəsin gözündə pis etməyim.

Əslində, şair haqlı idi. Mənim bu mövzuda nəsə yazmağım heç nəyi dəyişmirdi. Çünki böyük məbləğlərə vicdanını satan adamları çirkin əməllərindən 4-5 minlik şriftdən ibarət məqalə ilə daşındırmaq olmazdı. Şairə, sadəcə, dünyada mümkün qədər dövlətlərin, sərhədlərin azalmasını istədiyimi yazdım. Mən Yer kürəsinin bir canlı fərdi kimi tikanlı məftilsiz, sərhəd məntəqələri olmayan bir dünya arzuladığımı bildirdim. O da öz ağsaqqal ədası ilə xeyli məsləhətlər verdi, xoş arzularını ünvanladı.

Əfsus ki, hər dəfə etnik xalqlar, separatçılıq müzakirə mövzusu olanda Əli Nasirin adını da separatçılar siyahısında görürdüm. Axı necə ola bilərdi ki, hərəkat zamanı böyük bir kütləyə "Ey Ana Vətən, Ey Ana Vətən, Haqq yolunda durmuşuq — bu baş, bu bədən!" deyə bağıran bir şair separatçı adlandırılırdı? Axı necə olurdu ki, az qala hər müsahibəsində "Mən talış olduğum qədər türkəm, Qarabağ alınmayınca nə mən böyük talış, nə də sən böyük türk deyilsən!" deyən şairin adı separatçılar siyahısında çəkilirdi?

Mən mərhum şairin şəxsi mövqeyinə bələd deyiləm. Onun nə qədər milliyətçi, nə qədər bəşəri biri olduğunu da deyə bilmərəm. Amma bir şeydən əminəm ki, ədəbiyyat, poeziya öz işini görürdü. O, istəsə də, istəməsə də şeirlərdə dünyəviləşirdi. Çünki onu buna yaradıcılıq məcbur edirdi. Çünki onun peşəsi dünyəvi bir peşə idi. Elə bir peşə ki, nə irqi, nə milləti, nə dini, nə dili, nə cinsi var. Hər yerdə və hamı üçündür.

Əli Nasir həm talışca, həm azərbaycanca, həm də rusca şeirlər yazırdı. O, bir şeirində Haqdan imdad diləyən dindar, digər şeirində Haqqa etiraz edən üsyançı idi. Amma bütün şeirlərinin qayəsi eyni idi — Azadlıq! Fərqi yoxdur, bir nəfərin, ya da bir toplumun, əsas odur ki, mövzu məhkumluq yox, azadlıq idi. Əli Nasir elə buna görə də adını istiqlal şairləri siyahısına yazdıra bildi və hamının yaddaşında azadlıq eşqi ilə yaradan şair kimi qaldı.

Yanlış anlaşılmaq istəmirəm. Heç vaxt milliyyətçi, dövlətçi ya da başqa "çi"lərdən olmamışam. Mən milliyyətçilərin "başqa dostumuz yoxdur" ideologiyasına da, separatistlərin dövlət qurmaq arzusuna da, dövlətçilərin sadə insanları özlərinə qurban etmək siyasətinə də canilik kimi baxıram. "Talışıstan Milli Televiziyası" ilə əsrlər boyu biri-birinin dostu, qardaşı olan sevgi dolu millətlərin arasına nifaq salmaq məqsədi də canilikdən başqa bir şey deyil. Əfsus, bu hiyləyə qurban gedən bütün adamlar tarixə ən mənfur sifətlərlə yazılacaqlar.

Əli Nasir isə bu qəbildən deyildi və heç vaxt olmadı. O, həm talışın, həm türkün, həm də bütün bəşərin azadlıq şairi idi. Mən onu belə sevmişəm, belə də xatırlayacağam.

Əlaqədar

İlin adamı, Yazıçılar Birliyinin üzvü və taksi sürücüsü...
Azərbaycanlı ədib Rusiyada ilin yazıçısı seçilib
Xalq yazıçısının həyat yoldaşı vəfat etdi
Şairlər yurdunun rəqqasə təmsilçisi
Şair İlyas Tapdıq vəfat edib
Bakı küləyini özünə təxəllüs etmiş şairimiz
Teqlər:
Əli Nasir, talış, türkcə, şeir, şair, televiziya, separatçı, Azərbaycan

Əsas mövzular