21:59 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
MƏDƏNİYYƏT
Qısa URL
19921

Gedək buradan! Bir yerdəki sənətə və sənətkara qiymət verilmir, orada durmağın mənası yoxdur.

BAKI, 24 dek-Sputnik. "Gedək buradan! Bir yerdəki sənətə və sənətkara qiymət verilmir, orada durmağın mənası yoxdur…" — ömrünün 45 ilini səhnəyə həsr etməsini "çuxura düşmüş illər" kimi qiymətləndirən qoca aktyor sonuncu dəfə geriyə — tamaşaçılara tərəf çevrilib yorğun əllərini yelləyir və "çuxur"u tərk edir, özü də deyəsən birdəfəlik… Dövrün ən istedadlı aktyoru o qədər miqyaslıdı ki, "Hamlet"dən monoloq deyəndə zal titrəyir, zavallı Kral Lirin küləyinin şiddəti qabağında usyankar çıxışı isə hamını sarsıdır… Bütün bunlar qiymətini almayan istedadın iniltisini, sıxışdırılan, küncə qısılan və nəhayət, unudulan insanın vəsiyyətini andırır. Bütün bu nuanslarda bioqrafik etüdlər axtarmağa tələsməyin, çünki, nakam arzular və puç olmuş ümidlər mahnısını oxuyan Azərbaycanın ən uğurlu aktyoru, rejissoru, teatr məbədində böyümüş sənət fədaisi, professor Canahgir Novruzovdur!  

Dekabrın 23-də Akademik Milli Dram Teatrında Azərbaycan peşəkar teatrının banilərindən biri Cahangir Zeynalovun 150 illik yubileyi qeyd olundu. Amma bu, sıradan bir anım mərasimi deyildi, baba Cahangirin timsalında bütün Zeynalovlar nəsli hesabat verirdi. Təbii, belə orjinal təqdimat, varis Cahangirin ifası ilə daha da dolğunlaşdı. Onun A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşaya quruluş verməsi və baş rolu ifa etməsi yubiley əhval-ruhiyyəsi ilə səsləşən, ona daha da kolorit qatan amil oldu. Və bu təqdimatda çoxlu sayda "ilk dəfə"lər öyrəndik. Məsələn, Cahangir Zeynalov teatr tariximizdə ilk dəfə yubileyi qeyd olunan teatr xadimi imiş. 1910-cu ildə səhnə fəaliyyətinin 25 illik təntənəli gecəsi teatrsevərlər tərəfindən onun üçün təşkil edilmişdi. O gecə səhnədə təşəkkür nitqində söylədiyi sözlər onun şəxsiyyətini, milli iradəsini bütün səmimiyyətilə açıqlayır: "Kaş min canım olaydı, minini də millətimə qurban vermiş olaydım".

Azərpaşa Nemətovun təbirincə desək, Cahangir Zeynalovun ən möhtəşəm əsəri Nəsibə xanım Zeynalova idi. Və bu varisliyin layiqli davamçısı Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu nəslin teatr tariximizdə silinməz izlər qoyduğunu vurğuladı. Cahangir Zeynalovun fəaliyyəti yalnız teatr fəaliyyəti ilə yekunlaşmamış, Azərbaycanın o vaxtki maarifpərvər ziyalılarından biri kimi xeyriyyəçilik hərəkatına öz töhfələrini vermiş, insanları maarifə, elmə səsləməkdən yorulmamışdı. Görünür, ictimai fikrə təsir göstərən əsas vasitələrdən biri olduğu üçün teatr canlı və kütləvi sənət növü kimi onun diqqətini daha çox cəlb etmişdi.

"Qu quşunun nəğməsi"nin yubiley ovqatı ilə nə dərəcədə səsləşməsi, bəlkə də mübahisəli idi. Hər halda səhnəyə çıxan qoca və sərxoş aktyor öləzimiş arzuları ifadə etməklə yanaşı, yalnız keçmişdən danışırdı, özü də məyusluqla… Amma həqiqəti məhz sənətin dumanına bükərək, daha sərt, daha çılpaq formada demək üçün bundan yaxşı yol ola bilməzdi. Babasının yubileyində varis Cahangirin "Qu quşunun nəğməsi"ni oxuması, görünür, həqiqəti demək istəyindən irəli gəlirdi və dedi də. Təbii başa düşənlər üçün.

Natiq Məmmədli

Teqlər:
yubiley, Qu quşunun nəğməsi, Kalxas, Dövlət Konservatoriyası, Adana Çukurova Universiteti, teatr, Nəsibə Zeynalova, Cahangir Novruzov, Azərpaşa Nemətov, Cahangir Zeynalov, rejissor, aktyor, Natiq Məmmədli

Əsas mövzular