12:59 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
14820

Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər. Bizim nəslin müharibəyə nifrəti, bəlkə də bununla bağlıdır

Müharibə ən çox uşaqların, uşaqlığın düşmənidir...

Hər dəfə dinc şəhərlər bombalananda qəhərdən boğazım düyümlənir. Bombalanmış evlərdə öldürülən, yaralanan uşaq fotolarını görəndə çarəsizlikdən boğulmaq dərəcəsinə çatıram. Və mən öldürülən hər bir uşağın yerinə ən ağır işgəncə ilə öldürülmək, yox olmaq istəyirəm. Öldürülən hər uşaqla birlikdə müharibəyə qarşı amansız bir nifrət oyanır içimdə. Çarəsizlikdən başımı divarlara çırpmaq, ağlamaq, qışqırmaq, bu iztirabdan qurd kimi ulamaq istəyirəm…

...Məsumluğu müharibənin məhrumiyyətlərinə tuş gəlmiş bütün uşaqlar kimi, doğru-dürüst uşaqlıq yaşamadığım üçün hər şeyə bir az uşaqca yanaşıram və bəlkə, bu, illərlə belə davam edəcək. Bizim nəsli “Avakado nəsli” adlandırır tədqiqatçılar. Heç vaxt böyüməyən, həmişə uşaq qalan nəsil... Uşaqlığımız travmalarla, məhrumiyyətlərlə, çarəsizliklərlə doludur. Qəhrəman hesab etdiklərimiz baş daşlarında hərbi geyimli fotolara çevrilir, arzularımızı ehtiyac adlı əjdaha kamına çəkir, gülüşlərimizi müharibə oğurlayırdı. Müharibədən yüz kilometrlərlə uzaqda müharibənin bütün ağrı-acısını yaşayır, məhrumiyyətləriylə savaşırdıq. Yaşıdlarımız müharibədə öldürülür, işgəncələr görür, bizdən daha çox itirirdilər.

İndi də övladlarımız eyni ağrılarla üz-üzədirlər. Ancaq onların bizdən çox böyük fərqi var: onlar az qala hər gün qələbə xəbərləri ilə coşur, küçələrə çıxıb şüarlar səsləndirir, daha çox qələbə xəbərlərinə fokuslanırlar…

…Sadəcə zədələnmiş, travmalı uşaqlığıma görə müharibə mənim düşmənimdir. Biz müharibəni "dava-dava" oyunu zənn edəcəkkən, tanıdığımız insanlar gerçək güllələrlə vurulub, öldürülürdü. Gəncliyi yarıda qırılan onlarla tanışımız qara çərçivəli fotolara çevrilirdi. Müharibə bizim arzularımızı, ümidlərimizi oğurlayırdı. Bizim arzusuz, ümidsiz, yoxluqlarla dolu uşaqlığımızda müharibə ən böyük kabusumuz, qələbə ən uzaq ümidimizdi.

Bizim nəslin nə kabusları bitdi, nə ümidləri çiçək açdı...

Ancaq övladlarımız bu kabusun bitəcəyinə inanır, qələbənin gəlişini duyur, zəfəri gözləyirlər.

Elə biz də hər ümidli xəbərə uşaq kimi sevinir, az qala uşaq kimi atılıb-düşürük.

Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər. Bizim nəslin müharibəyə nifrəti, bəlkə də bununla bağlıdır. Həyatımızın ən şirin, əvəzolunmaz çağlarını əlimizdən alan müharibəyə nifrətlə, ikrahla yanaşmağımızın bir səbəbi də budur. Nağıllara inanmaqla keçərdi həyatımız. Nağıllar bizi ovudar, xəyallar ən son sığınacağımız olardı.

...Böyüsək də, müharibə xofu kabus kimi çıxmadı candan. Hər addımda itirmək qorxusuyla yaşadıq, hər addımda o məhrumiyyət, o yoxluq xofu bizi izlədi...

Həyatın oyunları getdikcə adiləşdi, getdikcə itirməyə alışdıq.

Bizim nəslin müharibəyə nifrət etməsinin, qələbəyə, qazanmağa təşnə olmasının səbəbi budur. Müharibə ən böyük travmamız, qorxumuzdur. İndi övladlarımıza danışacaq uşaqlıq xatirələrimizin kasadlığının tək səbəbi müharibədir.

Uşaqların əzab çəkmədiyi, öldürülmədiyi, travma almadığı sakit, sülh içində dünya istəmişik həmişə…

Müharibə uşaqların düşmənidir. Vətənində müharibə gedirsə, atəş xəttindən yüz kilometrlərlə uzaqda olmağın heç nəyi dəyişmir. Düşmən güllələri sənin arzularını, ümidlərini, oyunlarını öldürür...

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Əlaqədar

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Vətən Müharibəsinin bir ayı: Azad olunmuş ərazilər - SİYAHI

Əsas mövzular