09:48 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Reks Tillerson

Ərdoğan-Tillerson görüşü: ABŞ-ın nəzərində Ankaranın çəkisi artıb

© AP Photo / Eugene Hoshiko
YAZARLAR
Qısa URL
Azər RƏŞİDOĞLU
98401

Türkiyə-Rusiya münasibətlərində sürətli bir yaxınlaşmanın olacağı şərtdir

BAKI, 17 fevral — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Reks Tillersonla öz iqamətgahında görüşüb. Görüş 3 saat 15 dəqiqə çəkib. Türk ordusunun Afrində Amerikanın dəstəklədiyi PYD terrorçularına qarşı başlatdığı əməliyyat səbəbilə Ərdoğan-Tillerson görüşü maraqla gözlənilirdi. Yerli medianın yazdığına görə, bağlı qapılar arxasında keçirilən danışıqlarda Suriya və İraqdakı mövcud vəziyyət müzakirə edilib.

Yerli mətbuatın verdiyi məlumata görə, Türkiyə öz tələblərini tam açıq şəkildə Amerika Birləşmiş Ştatlarına çatdırıb. Ərdoğan Tillersondan YPG/PYD-yə verilən dəstəyin dərhal kəsilməsini tələb edib. Mövzu ilə bağlı ABŞ Dövlət Departamentindən də qısa açıqlama verilib: "Ərdoğan və Tillerson açıq, konstruktiv görüş keçirdi".

Bağlı qapılar arxasında 3 saatdan artıq davam edən görüşün bəzi detalları mətbuata açıqlanıb. Ankara Vaşinqtondan Suriyanın şimalındakı PYD terrorçularına verdiyi dəstəyi dərhal kəsməyi tələb edib. Öz növbəsində Amerika Birləşmiş Ştatları Türkiyədən Afrində keçirdiyi hərbi əməliyyatı dayandırmağı, PYD-nin nəzarətindəki digər bir bölgə olan Menbiçə isə ümumiyyətlə girməməsini istəyib. Lakin Türkiyə terrorçular bölgədən tam təmizlənmədikcə əməliyyatın davam edəcəyini bildirib.

Rəsmi Ankara Vaşinqtona Menbiç bölgəsi ilə bağlı yeni təklif verib. Təklifə əsasən, Türkiyə PYD-nin o bölgədən çıxarılması şərti ilə Amerika ilə birlikdə fəaliyyət planı təqdim edib.

Siyasi araşdırmaçılar əmindirlər ki, adıçəkilən görüş ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluğu aradan qaldıracaq. ABŞ tədricən Türkiyənin tələblərini qəbul etməkdədir və YPG/PYD-yə silah verilməsi dayandırılır. Bununla yanaşı, Afrin əməliyyatlarına ciddi etiraz edilmir. ABŞ sadəcə olaraq müəyyən əməliyyatların keçirilməməsini xahiş edir. Bu onu göstərir ki, Türkiyənin öz təhlükəsizliyi üçün apardığı Afrın əməliyyatları artıq ABŞ tərəfindən müqavimətlə qarşılanmır və bir sıra prinsipial məsələlər üzərində fikir mübadiləsi aparılır.

Əslində, ABŞ-ı narahat edən əsas məsələ Türkiyənin Rusiya ilə yaxınlaşması və onların Suriyada birgə hərəkət etmələridir. Eyni zamanda Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması da ABŞ-da qıcıq yaradır. Digər tərəfdən, Türkiyə NATO-dan uzaqlaşmaq istəmir. Çünki Türkiyənin strateji maraqları NATO-nun maraqları ilə üst-üstə düşür. Lakin bölgədə qüvvələr balansında yenidən dəyişiklik cəhdləri hiss olunur. Türkiyə bir tərəfdən Rusiya və İsraillə münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən ölkə daxilində terror təhdidləri ilə üz-üzədir. ABŞ və Avropa İttifaqından istədiyini ala bilməyən Ankaranın Yaxın Şərqdə cərəyan edən proseslərdə daha yaxından iştirak edir. Türkiyə ötən müddətdə istər ölkə daxilində, istərsə də Suriyada PYD-yə qarşı əməliyyatları intensivləşdirib.

Türkiyə-Rusiya münasibətlərində sürətli bir yaxınlaşmanın olacağı şərtdir. İki dövlətin əməkdaşlığının əsas kontekstlərində biri də Suriya məsələsi ola bilər. İstisna deyil ki, Rusiya Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik edə bilər, Ankara Suriya və Rusiyadan müəyyən güzəştlər əldə edə bilər. Rusiya ilə münasibətlərdə türkmən problemi ön plana çıxa bilər. Həm Rusiya, həm Türkiyə çox güman ki, münasibətlərdəki problemlərin kompleks şəkildə həllinə çalışacaqlar və bu, Ankaranın qırmızı xətlərindən sayılan Hələb məsələsinə də təsirsiz ötüşməyəcək. Məsələn, Hələbdə keçirilən hərbi əməliyyatlar koordinasiya olunmuş şəkildə aparıla bilər. Ümumilikdə isə yaxın gələcəkdə Türkiyə-Rusiya-İran üçtərəfli maraqlar formulunun ortaya çıxması da istisna edilmir.

Suriyada kürdlərin gələcəyinə dair ABŞ və Rusiyanın mahiyyətcə fərqli, amma formaca üst-üstə düşən baxışları var. Orada bir kürd özünüidarəsinin qurulmasından söhbət gedir. Amma hələlik məlum deyil ki, Suriyada Rusiyanın təsir dairəsində olan "Kürdüstan" qurulacaq, yoxsa, ABŞ-ın forpostu olan ölkə?

Araşdırmaçılar belə hesab edirlər ki, Rusiya ilə maraqları uzlaşdırsa belə, bu, Qərbin Türkiyəyə münasibətini dəyişdirməyəcək. Çünki Türkiyənin müstəqil addımlar atması ABŞ-ın nəzərində Ankaranın xüsusi çəkisini, geostrateji əhəmiyyətini artırır.

Əslində, Ərdoğan müstəqil fəaliyyət, regionda öz maraqlarının müdafiəsi üçün ona mandatın verilməsini gözləyir. Türkiyə arzuladığı bufer zonanı artıq qura bilib. İrəli getmək daha imkansızdır. Buna Rusiya və ABŞ razı ola bilməzlər. Lakin, Türkiyə hər an yeni əməliyyatın həyata keçirilməsinə başlaya bilər və bu əməliyyatın tamamilə fərqli məqsədləri ola bilər. Ərdoğan yaranmış vəziyyətdən istifadə edir və olduqca riskli bir oyuna başlayır…

Əlaqədar

Türkiyə Amerikanı ayağına gətirdi: Münasibətlər normallaşacaq
ABŞ-Türkiyə qapalı danışıqlarının detalları açıqlandı
Ankaradan Vaşinqtona ilginc təklif
Ərdoğan Afrindəki məqsədi açıqladı
Ərdoğan ABŞ-ı hədəf aldı, yeni müharibə anonsu verdi
Teqlər:
Rex Tillerson, Afrin, YPG/PYD, Menbiç, "bufer zona", Kürdüstan, Bəşər Əsəd, Hələb, Suriya, ABŞ-ın dövlət katibi Reks Tillerson, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya, Türkiyə, ABŞ

Əsas mövzular