BAKI, 28 iyul — Sputnik. Bu il ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında məlumat verib.
O bildirib ki, bu il əcnəbilərin iş icazəsi üçün ayrılan təsdiq edilmiş kvota 6740-dır: "Hazırda 3368 kvota işçi qüvvəsi üçün yer imkanları mövcuddur. Yəni şirkətlər iyuldan dekabra qədər bu qədər əcnəbi qüvvəsini ölkəyə gətirə bilər ".
V.Hüseynov həmçinin bildirib ki, son 6 ayda ölkəyə 12813 şəxs daxil olub. Ən çox əcnəbi gələn ölkələr sırasında ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə yer alır. Hazırda ölkədə yaşayan 127 min əcnəbi var. Bu şəxslər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir. Ölkədə daimi yaşamaq üçün 33,3 faiz artım olub. Qanunsuz miqrantların saxlama mərkəzlərində 49 nəfər olub, burada da 5,8 faiz azalma olub.
Onun sözlərinə görə, bu ilin 6 ayında ölkəyə gələn əcnəbilərin sayında azalma mövcuddur. Bu səbəbdən olduğu yer üzrə qeydiyyatda da 2,3 dəfə azalma var: "Amma müvəqqəti və daimi yaşamada artım var: "Müvəqqəti yaşama icazəsi 2,3 dəfə, daimi yaşama icazəsi 33,3 faiz artıb. İş icazəsi bu ilin 6 ayında 32,4 faiz artıb. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət sayında 19,3 artım var. Readmisiya olunan şəxslər 2 dəfə artıb. Ölkəyə gələn əcnəbilərin sayında 2,7 faiz azalma var, bu da pandemiya ilə əlaqədardır".
Həmçinin oxuyun:
Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi
Karantin və peyvənd: əcnəbilərin Rusiya ali məktəblərində təhsili necə təşkil olunacaq