13:48 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
AZƏRBAYCAN
Qısa URL
323610

"Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirdilər ki, quru yolla Azərbaycana gəlmək istəyən xarici ölkə vətəndaşları NK-ya onlayn qaydada məktub yazmalı, Azərbaycana gəlmə səbəbini qeyd etməlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Hazırda Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına görə sərtləşdirilmiş karantin rejimi tətbiq edilsə də, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sərt karantin rejiminin tələbləri tədricən yumşaldılır. Fevralın 17-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Bir çox dövlətlər kimi, Azərbaycan da tədricən öz sərhədlərini xarici ölkə vətəndaşlarının üzünə açmaqdadır.

Bəs görəsən hava və quru yolu ilə Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar pandemiya dövründə nələri bilməlidir?

Sputnik Azərbaycan xarici ölkə vətəndaşları üçün Azərbaycana gələrkən bilmələri zəruri olan məlumatları təqdim edir:

Öncə qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Bu tarixədək Azərbaycan-a hava yolu ilə gəlmək istəyən xarici vətəndaşlar öncə ölkəmizə hansı əcnəbi vətəndaşların buraxıldığını bilməlidirlər. AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, xarici ölkələrdən Bakıya yerinə yetirilən xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır:⠀

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

AZAL-dan bildirdilər ki, digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır (yalnız "PCR"-testlər qəbul olunur). Koronavirus testinin keçirilməsini təstiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. İcbari testdən keçməyən və uçuş hava limanında arayış təqdim etməyən sərnişinlər reysə buraxılmır. COVID-19 əlamətləri olan sərnişinlər də aerovağzal kompleksinin binasına buraxılmayacaq. Həmçinin analizinin cavabı müsbət nəticələnən sərnişinlər reysə qəbul edilməyəcək. Bu arayışın Azərbaycan dilinə tərcümə edilməsinə isə ehtiyac yoxdur: "Əgər digər ölkədən Azərbaycana gələn şəxsin koronavirus testinin nəticəsi neqativdirsə, həmin şəxs iltizamnaməyə qol çəkir və evinə göndərilir. Bundan sonra evində 14 gün müddətində izolyasiya olunur. Əgər vətəndaş bu arayışı təqdim edə bilmirsə, həmin əcnəbi hava limanından geri də göndərilə bilər, yaxud da Atletlər Kəndinə yerləşdirilə bilər. Bu zaman həmin şəxs Atletlər Kəndində 7 gün müddətində karantində qaldıqdan sonra temperaturu yoxdursa, test nəticəsi neqativdirsə, evinə göndərilir. Daha 7 günlük izolyasiya müddətinə öz evində əməl edir".

Quru yolla Azərbaycana digər ölkələrdən gələn vətəndaşlarla bağlı isə qaydalar bir qədər fərqlidir. Nazirlər Kabineti yanında Operativ Qərərgahdan bildirdilər ki, quru yolla Azərbaycana gəlmək istəyən xarici ölkə vətəndaşları Nazirlər Kabinetinə onlayn qaydada məktub yazmalı, Azərbaycana gəlmə səbəbini qeyd etməlidir. Bundan sonra həmin şəxsin müraciətinə baxılaraq cavab verilir: "Quru yolla Azərbaycana gələn əcnəbi vətəndaş öz ölkəsində koronavirus testindən (yalnız "PCR"-testlər qəbul olunur) keçməlidir. Həmin şəxslər mütləq gəldiyi ölkənin Səhiyyə Nazirliyinin təsdiq etdiyi laboratoriyaların birində test verilməlidir. Sərhəd keçid məntəqəsində isə həmin arayış təqdim edilməlidir: "Quru sərhəddə əcnəbi arayış təqdim etdikdə, test nəticəsi neqativ olduqda həmin şəxs evə də göndərilə bilər, karantin zonasına da aparıla bilər. Bu barədə qərar artıq sərhəddə verilir. Orada ölkəyə gələn şəxs 7 gün karantin zonasında saxlanılır. Karantin zonasında 7 gündən sonra təkrar analiz verdikdən cavab neqativ çıxdıqda evə buraxılır".

Operativ Qərərgahdan isə bildirdilər ki, digər ölkələrdən Azərbaycana gələn şəxslərdən peyvəndlə bağlı hər hansı sənəd tələb olunmur: "Qərarda peyvənd sənədinin tələb olunması barədə hər hansı bənd yoxdur!"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, Azərbaycana gələn əcnəbilər ölkəmizdə qalma müddətində simptomlar olduqda yaşadığı ərazi üzrə poliklinikaya müraciət etməli, koronavirusa görə analizdən keçməli, nəticəsi bəlli olduqdan sonra ehtiyac olarsa, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin vasitəsilə xəstəxanaya yerləşdirilə bilər.

O ki qaldı sərhəd və gömrük yoxlamasından keçib Azərbaycana gələn digər ölkə vətəndaşlarının hotelə yerləşməsinə, Dövlət Turizm Agentliyindən bildirdilər ki, xarici ölkə vətəndaşlarından hotelə yerləşərkən hər hansı əlavə sənəd tələb olunmur. Bir neçə ay öncə əcnəbi qonaqlardan hoteldə qaldıqları müddətdə test vermələri tələb olunsa da, artıq bu qayda ləğv olunub: "Azərbaycana gəlməyə icazəsi olan şəxslər hotellərdə yerləşərkən şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidirlər. Bundan başqa, onlardan hər hansı sənəd tələb olunmur".

NK yanında Operativ Qərargahdan bildirdilər ki, Azərbaycanda karantin dövrü ilə bağlı qəbul edilmiş qaydalar pandemiya dövründə virusa yoluxma ilə bağlı vəziyyətdən asılı olaraq dəyişdirilə, sərtləşdirilə və yumşaldıla bilər. Sputnik Azərbaycan-ın təqdim etdiyi məlumatlar isə hazırda qüvvədə olan qaydalardır.

Əsas mövzular