20:49 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
AZƏRBAYCAN
Qısa URL
234010

"Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyinin suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev cavablandırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycan 30 ilə yaxın müddət davam edən Ermənistanın işğalına son qoyub, öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr Azərbaycan – Rusiya – Ermənistan liderlərinin imzaladığı bəyanatından sonra regional əməkdaşlığı nəzərdə tutan "Altılıq" platformasının yaradılmasını təklif edib.

Cənubi Qafqazda yaranmış yeni vəziyyət, həmçinin aktual məsələlərlə bağlı "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyinin suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev cavablandırıb. 

- Fərid müəllim, Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyət yaranıb. Siz yaranmış vəziyyəti necə dəyərləndirirsiniz? Mövcud vəziyyətə hansı təhdidlər ola bilər?

- Təbii yeri yaranmış geosiyasi vəziyyət Azərbaycanın maraqlarına cavab verir. Amma bu, o demək deyil ki, problemlər tam həll olunub. 10 noyabr razılaşmasına əsasən, ermənilərin bütün qüvvələri Azərbaycan ərazilərdən çıxarılmalıdır. Lakin hələ ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə erməni birləşmələri, müəyyən hərbçilər qalıblar. İkinci, əsas vacib məsələ Laçın dəhlizinə nəzarətdir. Laçın dəhlizindən yalnız humanitar məqsədlərlə istifadə olunmalıdır. Gündəmdə, həmçinin Rusiya sülhməramlı qüvvələrinin mandatı ilə bağlı məsələ də var. Fikrimcə, bu məsələlər mərhələli şəkildə həll olunacaq. Yeni geosiyasi vəziyyəti əsas iki amil xarakterizə edir: birincisi, biz öz torpaqlarımızı işğaldan azad etmişik və Ermənistan məğlub olub, ikinci, əsas faktor burada yeni iqtisadi imkanlarla bağlıdır. İlk növbədə söhbət nəqliyyat dəhlizlərindən gedir. Bu, regionda yeni əməkdaşlıq üçün geniş imkanlar yaradır. Əgər Ermənistan doğrudan da köklü şəkildə öz işğalçı, ərazi iddialarına əsaslanan siyasətindən geri çəkilsə, onda təbii ki, onun üçün də müəyyən imkanlar yaranacaq.

© Sputnik / Murad Orujov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev

- Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev regionun bütün ölkələrini əhatə edəcək, əməkdaşlığı artıracaq "Altılıq Platformasını" irəli sürdü. Sizcə, bu formatda əməkdaşlıq regiona və dünyaya nə verə bilər?

- "Pax Caucasia" adlı bir anlayış var. Bu anlayışa görə Qafqazın üç ölkəsi və regionun üç əsas qonşusu - Rusiya, Türkiyə və İranın iştirakı ilə iqtisadi layihələr həyata keçirilə bilər. Bura enerji, nəqliyyat, ticarət, turizm layihələri daxildir. Təbii ki, burada da müəyyən problemlər var. Xüsusilə Ermənistanla Azərbaycan arasında bütün problemlər hələ də həll olunmayıb. Ermənistanda müəyyən revanşist qüvvələr var. Onların hakimiyyətə gəlməsi ehtimalı qalmaqdadır. Düzü onların hakimiyyətə gələcəyinə inanmıram, lakin bu, ehtimal olaraq qalmaqdadır. Onlar hakimiyyətə gəlsələr, bu sülh, atəşkəs razılığını pozmağa cəhd edə bilərlər. İkinci, bir məsələ Gürcüstanla Rusiya arasında olan münasibətlərdir. Ona görə mən hesab edirəm ki, biz bu platformaya mərhələli şəkildə gəlməliyik. Artıq Azərbaycan müəyyən formatlarda fəal iştirak edir. Məsələn, Azərbaycan – Gürcüstan -Türkiyə, Azərbaycan- İran- Türkiyə, İran - Azərbaycan - Rusiya və belə üçlü, dördlü formatlar vasitəsilə əlaqələri inkişaf etdirmək olar. İndi buna dair yeni format yaranır, Türkiyə - Ermənistan - Azərbaycan – Rusiya. Söhbət nəqliyyat dəhlizindən gedir. Gələcəkdə, bütün bu siyasi məsələlər öz həllini tapsa, təbii ki, altı ölkənin iştirakı ilə birgə platforma yarana bilər. Hazırda bunun reallaşması üçün müəyyən problem var.

- Prezidentin köməkçisi Hikmət Hacıyev BMTM-nin təşkilatçılığı ilə baş tutan seminarda çıxış edərkən qeyd etdi ki, Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və regionumuzda hələ də kövrək olan sülhün davamlı sülhə köçürülməsi prosesində də aktiv şəkildə iştirak etməlidir. Siz bu prosesi necə görürsünüz? İndiki şəraitdə rəsmi Ankara nə edə bilər?

- Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Cənubi Qafqazda real gücdür və geosiyasi faktordur. Bəzi ekspertlər bunu deyirlər ki, Türkiyənin regionda aktivliyi ikinci Qarabağ müharibəsindən sonra başladı. Ancaq mən belə düşünmürəm, bu proses ondan əvvəl başlayıb. Təbii ki, Sovet İttifaqı dağılandan sonra regionda Türkiyə üçün də yeni geosiyasi vəziyyət yaranmışdı. Bu gün də biz yeni geosiyasi vəziyyətdən danışırıq. Belə ki, dünyada hər 15-20 ildən sonra geosiyasi vəziyyət dəyişir. Bizim regionda ən böyük geosiyasi dəyişiklik 1990-cı illərdə baş verdi. Belə ki, Azərbaycan müstəqil oldu və müstəqil xarici siyasət aparmağa başladı. 1990-cı illərdə olan təhdidlər bizi məcbur etdi ki, Azərbaycan özünə müttəfiq axtarsın. Türkiyə ilə münasibətlərin tarixi ənənələri, dini, mədəni kökləri var. Təbii ki, bir çox qüvvələr Türkiyənin Cənubi Qafqaz regionunda güclənməsindən narahatdır. Türkiyə və Azərbaycanın - iki türk dövlətinin öz əlaqələrini inkişaf etdirməsi təbii haldır. Qafqazda işğalçılıq siyasətinin aparılması, ərazi iddiaları, müstəqilliyimizə olan təhdidlər bizi məcbur etdi ki, Türkiyə ilə daha sıx əməkdaşlıq edək. Xüsusilə qeyd etmək lazımdır ki, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığa dair müqavilə imzalanıb. Ona görə hesab edirəm ki, Türkiyənin Ağdamda Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzində iştirakı, həmçinin regionda olması çox pozitiv, müsbət faktordur. Türkiyə siyasi və hərbidən başqa çox güclü iqtisadiyyatdır. Son illər Türkiyədə elm, təhsil, yeni texnologiyalar sahəsində inkişaf qeydə alınıb. Belə bir qüvvənin Cənubi Qafqaz ölkələri ilə ticarət etməsi, onlarla iqtisadi layihələr həyata keçirməsi məhz bu ölkələrə iqtisadi fayda gətirir.

© Sputnik / Murad Orujov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev

- Bir çox ekspertlər Qarabağa dair vəziyyəti dəyərləndirərkən ATƏT-in Minsk qrupunun öz fəaliyyətini bərpa edə biləcəyinə eyham vururlar. Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə isə Azərbaycan bunun tarixə qovuşduğunu, Ermənistan müzakirə olunmalı olduğunu, Rusiya isə sonra müzakirə oluna biləcəyini bildirir. Bu barədə nə düşürsünüz? Ümumiyyətlə, Minsk qrupunun fəaliyyəti bərpa olunsa, o, praktiki baxımdan bundan sonra hansı işləri görməlidir?

- Otuz il ərzində Ermənistan deyib ki, Dağlıq Qarabağ ümumiyyətlə, "müstəqil bir ölkədir". Düzdür, onu Ermənistan belə tanımayıb, amma həmişə, elə indi də "Artsax" adlandırır və indiyədək çalışırdı ki, dünyada qondarma qurum tanınsın. Yəni biz Ermənistanın status məsələsinə təkid etməsinə təəccüblənməməliyik. Bu Ermənistanın siyasətidir. Bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü var və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Vəssalam. Azərbaycan ordusu hazırda Şuşadadır, Azərbaycan ordusu Hadrutu işğaldan azad edib. Yəni ki, Dağlıq Qarabağ paradiqması artıq yoxdur. 1991-ci ilin noyabrında biz bu anlayışı ləğv etmişik. Faktiki olaraq da keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində Azərbaycan ordusu dayanıb.

Minsk qrupunun həmsədrlərinə gəldikdə, Fransa xüsusən bu məsələdə canfəşanlıq göstərir. Ona görə o, ölkədə erməni lobbisi amili var. Amerika da müəyyən dərəcədə Cənubi Qafqaz regionuna qayıtmaq və bu prosesdə müəyyən bir rol oynamaq istəyir. Belə ki, Obama administrasiyası zamanında ABŞ Cənubi Qafqaz regionunu tərk etmişdi. Bu xətt Tramp dövründə də davam etmişdi. Birləşmiş Ştatlar bu və ya digər formada regiona qayıtmaq istəyir. ATƏT-in Minsk qrupu bu istiqamətdə bir alətdir. Qarabağ məsələsi ilə bağlı hazırda bizim mövqeyimiz güclüdür. Minsk Qrupunun gələcək fəaliyyətinə gəldikdə, təbii ki, statusun müzakirəsindən söhbət belə gedə bilməz. Lakin iki ölkə - Ermənistan və Azərbaycan arasında həll olunmalı məsələlər var. Məsələn, sərhədin demarkasiya məsələsi, yaxud erməni və Azərbaycan xalqları arasında dialoqun başlaması və genişlənməsi. Vətəndaş cəmiyyətləri, jurnalistlər, tarixçilər arasında təmaslar və s. Bu kimi humanitar layihələrin həyata keçirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri kömək edə bilər.

-ABŞ-ın yeni seçilən prezidenti Co Bayden Administrasiyasının Cənubi Qafqaz regionu ilə bağlı siyasəti necə olacaq? ABŞ-ı hazırkı dövlət katibi Entoni Blinken senatorların Qarabağla bağlı sualını cavablandırarkən qeyd edib ki, yeni administrasiya təhlükəsizlik sahəsində Azərbaycana etdiyi yardımı yenidən nəzərdən keçirəcək. O, həmçinin qeyd edib ki, ehtiyac yaranarsa, yeni administrasiya 907-ci düzəlişi də bərpa edə bilər. Bütün bu sadalananlar fonunda Azərbaycan – ABŞ münasibətləri hansı məcrada inkişaf edə bilər?

- Hələ ki, ABŞ-ın yeni Administrasiyasının Azərbaycana dair münasibətlərinin növbəti dörd ildə necə olacağına dair formalaşmış bir siyasət görməmişik. Amerika Cənubi Qafqazda 1990-cı illərdən bəri üç vacib məsələni həyata keçirməyə çalışıb. Birincisi, siyasi baxımından Qafqaz ölkələrinin müstəqilliyinin möhkəmlənməsidir. Bu amil Amerikanın geosiyasi məqsədlərinə cavab verirdi. İkincisi, iqtisadi maraqlardan söhbət gedirdi, ilk növbədə enerji layihələri və bu məsələdə də Amerika yardım edirdi. Üçüncü, məsələ isə humanitar məsələlərdir ki, bura da insan haqları və s. daxil idi. Mən deyərdim ki, bu üç məsələ - təhlükəsizlik, enerji və insan hüquqları ABŞ-ın gündəliyində olub. Bunu da etiraf etmək lazımdır ki, ABŞ xüsusi ilə 90-cı illərdə Azərbaycanla əlaqələri konstruktiv şəkildə inkişaf edirdi. Azərbaycan da ABŞ-ı İraq əməliyyatında dəstəkləyən 30 ölkədən biri idi. Daha sonra ABŞ Əfqanıstana yüklərin daşınması üçün xüsusi hava dəhlizi yaratmışdı və bu dəhliz indi də fəaliyyət göstərir. Bundan sonra əgər ABŞ 907-ci düzəlişi bərpa etsə, yalnız özünə zərbə vuracaq. Ona görə ki, Azərbaycanın ABŞ-ın yardımına ehtiyacı yoxdur. Azərbaycan öz ordusunu öz gücü, iqtisadi imkanları ilə qurub. Ola bilsin ki, hər hansı bir yardımın müəyyən bir sahələrə təsiri var. Lakin bu faktdan daha çox ABŞ tərəfi özü üçün istifadə edib. Birləşmiş Ştatların ölkəmizdə dəhliz məsələsi və digər məsələlərdə maraqları var. Konqresdə erməni lobbisi faktoru var və ola bilsin ki, Entoni Blinken məhz bu səbəb görə belə fikirlər səsləndirib. Mən gözləmirəm ki, ABŞ Azərbaycana qarşı kəskin mənfi addım atsın. Belə bir addım atılsa, daha çox ABŞ-ın maraqlarına ciddi zərbə vurulacaq. Cənubi Qafqaz regionunda iqtisadiyyatının 75 faizi məhz Azərbaycanın payına düşür. Ümumiyyətlə, regionda ən güclü dövlətdir. Digər faktor isə ABŞ-ın Türkiyə və Rusiya ilə olan əlaqələrin necə olması təbii ki, bizlə olan münasibətlərinə də təsir göstərir. Çox güman ki, ABŞ-ın yeni administrasiyası ilə Rusiya arasında gərginlik müşahidə edəcəyik. Türkiyə ilə bağlı ABŞ-ın münasibətlərinin necə olacağına dair hə hansı bir nəticəyə gəlmək hələ tezdir. Baxaq görək necə olacaq.

© Sputnik / Murad Orujov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev

-İran Xarici işlər naziri Məhəmməd Cavad Zərifin region ölkələri, həmçinin Ankaraya və Moskvaya səfərləri baş tutdu. Fasiləsiz yeddi gün davam edən səfəri necə dəyərləndirisiniz? Sizcə rəsmi Tehran nəyə nail olmağa çalışır?

-İran onsuz da dərk edirdi ki, müharibə zamanı Qafqazdakı yaranmış yeni formulda vəziyyətə təsir etmək mexanizminə malik deyil. İndi İran çalışır ki, yenidən bölgəyə daxil olsun. Bu o demək deyil, ki, rəsmi Tehran regionu tərk etmişdi. Lakin onun vəziyyətə təsir imkanları çox məhdud idi. Düşünürəm ki, hazırkı vəziyyətə də İran təsir edə bilməz. Amma region ölkələri arasında sıx əməkdaşlıq əlaqələri qurula bilər. Təbii ki, İran qonşu dövlətdir, regionda müəyyən maraqları var, ümid edirəm ki, bu ölkə konstruktiv bir yanaşma ilə region dövlətləri ilə həmçinin Azərbaycanla əlaqələri inkişaf etdirəcək.

- İlin əvvəlində Azərbaycan və Türkmənistan uzun illər mübahisə obyekti olan "Dostluq" yatağının (əvvəlki Kəpəz/Sərdar) birgə istismarına dair anlaşma memorandumu imzaladı. Ekspertlər bu anlaşmanın imzalanmasına tarixi uğur kimi dəyərləndirilir. Fikrinizcə, bu yatağın istismarı Azərbaycana nə verəcək? Azərbaycan və Türkmənistanın əməkdaşlığı Avropa İttifaqının aktiv şəkildə təşviq etdiyi Transxəzər boru kəmərinin çəkilməsi ilə nəticələnə bilərmi?

- Ümumiyyətlə, Azərbaycan nəyin ki, regionda, həmçinin dünyada orta güc – "middle power" hesab oluna bilər. Azərbaycanın iqtisadi, hərbi potensialı, İkinci Qarabağ müharibəsində qələbəsi, Qoşulmama hərəkatına sədrliyi bunu şərtləndirən amillərdəndir. İtaliyanın təşəbbüsü ilə Azərbaycanın "G-20" (Böyük İyirmiliyin) qonaq qismində sammitinə dəvət edilməsi bu faktı təsdiqləyir. Azərbaycan da öz növbəsində Türkmənistanla imzalanan bu razılaşma ilə göstərdi ki, Azərbaycan ona düşmən mövqeyindən çıxış edən ölkələrlə lazım olanda məsələləri hərbi yolla həll etməklə yanaşı, dost dövlətlərlə diplomatik yollarla da problemləri yoluna qoymaq iqtidarındadır. Bizim dost Türkmənistanla tarixi əlaqələrimiz var. Azərbaycan daha əvvəllərdə bu məsələni sülh yolu ilə həll etməyə çalışıb. Azərbaycanın xarici siyasəti, ümumiyyətlə, bütün problemlərlə həll etməkdir, hərbi yol ən son alətdir. Türkmənistanla əldə olunan razılaşma region üçün böyük imkanlar açır. Enerji layihələrinin reallaşdırılmasına gəldikdə Türkmənistan tərəfi Azərbaycanın uğurla öz enerji layihələrini həyata keçirdiyini, öz ixrac mənbələrini şaxələndirdiyini görür. Ola bilsin ki, Türkmənistan da bu təcrübəyə əsaslanaraq öz layihələrini həyata keçirmək istəsin. Transxəzər boru kəmərinə gəldikdə isə bu məsələdə həlledici söz sahibləri Türkmənistan və Avropa İttifaqıdır. Təbii ki, tərəflər razılığa gəlsə Azərbaycan da bu layihəni dəstəkləyəcək.

Əsas mövzular