Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 dekabr — Sputnik. II Qarabağ savaşının ilk günlərindən Azərbaycan Tibb Universitetinin rəhbərliyinin tövsiyəsi ilə 30-a yaxın professor-müəllim heyəti, o cümlədən respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsində olan hərbi hospitallara ezam ediliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev məlumat verib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində həkimlərimiz ön cəbhədəki yaralı hərbçilərimizə yüksək səviyyəli tibbi yardım göstəriblər:
"Müharibənin ilk günlərində yaralılarımız həddindən artıq çox olduğundan həqiqətən də təcrübəli həkim kontingentinə böyük ehtiyac var idi. Füzuli, Naftalan, Gəncə bölgələrində hospitallara ağır vəziyyətdə gətirilən yaralı əsgər və zabitlərimizə yüksək ixtisaslı tibbi yardım göstərmişik".
"Tibbi təchizatla bağlı xırda problemləri çıxsaq, demək olar ki, ciddi problemlərimiz yox idi. Həm TƏBİB ictimai təşkilatı, həm də dövlətin bu işə məsul olan qurumları bizi adekvat olaraq lazımi tibbi avadanlıq və ləvazimatlarla təmin edirdilər. Gəncə Beynəlxalq Hospitalı özəl xəstəxana olmasına baxmayaraq, bu işə böyük vətən sevgisi ilə yanaşaraq bütün imkanlarını yaralı hərbiçilərimizin tezliklə sağalmasına yönəltmişdi. Orada çoxsaylı yaralılar vardı. Ön cəbhəyə ezam olunduğumuz müddətdə Naftalan və Gəncədə universitetimizin əməkdaşları tərəfindən bir neçə yüz xəstəyə yüksək ixtisaslı tibbi yardım göstərildi", - deyə E.Ağayev əlavə edib.
Gəncədən, Naftalandan qayıtdıqdan sonra da Tədris Cərrahiyyə Klinikasında yaralıların müalicəsi ilə intensiv məşğul olmağa başladıqlarını söyləyən professor E.Ağayev əksər kafedra əməkdaşlarının bu işə cəlb edildiyini deyib: "Təkcə bizim kafedrada 100-dən artıq yaralıya tibbi xidmət göstərildi, müxtəlif əməliyyatlar aparıldı. Güllələrin, qəlpələrin çıxarılması, yaraların müalicəsi, müxtəlif rekonstruktiv bərpaedici əməliyyatlar icra olundu və hazırda da yaralı əsgər və zabitlərimizə yüksək səviyyəli tibbi xidməti davam etdiririk. Yaralı əsgər balalarımızın əksəriyyətini sağlamlıqlarına qovuşdurdub ailələrinə yola salmışıq. Amma şöbəmizdə hələ də yaralı əsgərlər var. Bu gün şöbəmizdə 18 yaralının müalicə prosesi davam etdirilir. Lazım olan bütün vasitələrlə təmin edilmişik".
I Qarabağ savaşında da həkim kimi işləyən E.Ağayev xatırladır ki, həmin vaxtlar bizim çox böyük sıxıntılarımız vardı:
"Çatışmazlıqlar həddindən artıq çox idi. Zəruri dərman preparatları, sarğı materialları çatışmırdı. Hətta əməliyyata gedərkən əlimizi yumağa sabun belə tapmırdıq. Bu dövlətin vətəndaşı olmaq, dəstəkçisi olmaq hər bir azərbaycanlının, o cümlədən biz həkimlərin də borcudur. I Qarabağ savaşında da igid oğullarımız şücaətlə, mərdliklə, qeyrətlə vuruşsalar da, qələbəyə qovuşa bilməmişdik".
"İki gözünü itirsə də, məğrurluğunu itirməyən əsgər balamızın himnimiz səslənərkən ayağa qalxıb əlini ürəyinin üstünə qoymasını həyəcansız, kövrəlmədən izləmək mümkünsüzdür. Sinəsində şəhid dostunun adı yazılan lövhə gəzdirən, sınmış qolundakı gipsin üstünə "Qarabağ Azərbaycandır!" yazan oğullarımızla necə qürur duymayasan?!", - deyə o bildirib.
O həmçinin qeyd edib ki, ATU-da yaralı hərbçilərin ad günlərinin qeyd edilməsini özlərinə mənəvi borc hesab edirlər.