13:44 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
От имени Президента Туркменистана дан официальный прием в честь Президента Азербайджана

Azərbaycan prezidenti: "Biz regionda tamamilə yeni vəziyyət yaradırıq"

© Official web-site of President of Azerbaijan Republic
AZƏRBAYCAN
Qısa URL
25 0 0

İlham Əliyev: "Şərq-Qərb nəqliyyat dəhlizi həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq"

BAKI, 22 noyabr - Sputnik. "Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu noyabrın 22-də Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycanın dövlət başçısının şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.

"Mənim qardaş Türkmənistana rəsmi səfərim sona çatır. Qardaş Türkmənistan torpağına gəldiyim ilk dəqiqələrdən türkmən xalqının səmimiyyətini və qonaqpərvərliyini, əlbəttə ki, ilk növbədə, Türkmənistan Prezidentinin qayğısını hiss etdim. Dünən mən türkmənlər üçün müqəddəs yerlərdə oldum. Bu xalqın nə qədər istedadlı, onun tarixinin və mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha gördüm. Əsrlər boyu türkmən xalqı öz torpağında yaşayıb, qurub-yaradıb, öz gələcəyini qurub. Biz azərbaycanlılar həmişə sizin yanınızda olmuşuq. Bizim dostluğumuzun, qardaşlığımızın çoxəsrlik tarixi var. Bu, qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı dəstək, əməkdaşlıq tarixidir", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
© Official web-site of President of Azerbaijan Republic

Prezident İlham Əliyev deyib ki, Türkmənistan son illərdə çox böyük yol keçib: "Dünən müxtəlif obyektlərdə - idman kompleksində, xalça muzeyində olarkən mən Aşqabadı tanımadım. Çünki mənə elə gəlirdi ki, tamamilə başqa şəhərə gəlmişəm. Mənim burada olmadığım qısa müddət ərzində sanki şəhər içində şəhər yaradılıb. Bu, Türkmənistan dövlətinin qüdrətinin, onun iqtisadi potensialının göstəricisidir. Amma bu, ilk növbədə, ölkə rəhbərliyinin öz xalqının qayğısına qalmasını, inkişaf üçün göstərdiyi səyləri nümayiş etdirir. Bu gün Aşqabadda olarkən Türkmənistanın son illərdə necə inkişaf etdiyini görürsən. Bu, bizi sevindirir. Biz dost və qardaş kimi sizin uğurlarınıza sevinirik. Ölkələrimizin daha da yaxınlaşması üçün öz tərəfimizdən səy göstərmişik və göstərəcəyik. Biz xalqlarımızın ənənəvi qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi üçün çox iş görürük. Bunu bizə tarix, xalqlarımızın tarixi, ümumi etnik kökləri diktə edir. Bugünkü reallıq da bunu diktə edir. Bu gün bizim maraqlarımız üst-üstə düşür. Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir. Biz regionda qarşılıqlı əməkdaşlıqdan, bu dəhlizin fəaliyyətindən ölkələrimizin, xalqlarımızın, qonşularımızın böyük fayda götürəcəyi tamamilə yeni vəziyyət yaradırıq. Bu, həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq, yeni iş yerləri yaradacaq, yeni istehsalat sahələrinin qurulmasına doğru aparacaq, təhlükəsizliyi, əməkdaşlığı möhkəmləndirəcək". 

İlham Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi olub
© Official web-site of President of Azerbaijan Republic

"Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək. Avropa ilə Asiyanın nəqliyyat dəhlizlərinin birləşdirilməsi artıq reallıqdır. Bu reallığı biz yaradırıq. Əgər həm Türkmənistanda, həm də Azərbaycanda quruculuq, inkişaf yolları üzrə addımlar atılmasaydı, onda bu barədə söhbət aparmaq da ümumiyyətlə mümkün olmazdı. Əgər ölkələrimizin iqtisadi potensialına vaxtında yönəldilən sərmayələr olmasaydı, onda bu gün coğrafi vəziyyətimizin böyük əhəmiyyəti olmazdı. Biz öz coğrafiyamızı ölkələrimiz və qonşularımız üçün böyük potensiala çevirmişik. Buna görə düşünürəm ki, bizim razılaşdığımız məsələlərin əhəmiyyəti onilliklər boyu özünü göstərəcək. Ən başlıcası, biz bu gün münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Hörmətli Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Bu gün biz öz işimizlə münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Dostlar, qardaşlar arasında belə də olmalıdır. Bu gün biz münasibətlərimizi ən yüksək zirvəyə qaldırırıq", - dövlət başçısı vurğulayıb. 

Əsas mövzular