07:02 19 Noyabr 2017
Canlı yayım
Zeynal Bəy Türbəsinin köçürülməsi

Türkiyədə Uzun Həsənin oğlunun türbəsini köçürdülər

© Foto: PUBLIC DOMAIN
AZƏRBAYCAN
Qısa URL
118310

550 illik tarixə malik Zeynal Bəy Türbəsi başqa əraziyə köçürülüb

BAKI, 15 may — Sputnik. Türkiyənin Batman əyalətinin qədim tarixi rayonu olan Hasankeyf, "Ilısu" su anbarının tikintisi səbəbindən su altında qalacaq. Bu səbəbdən də Hasankeyf ilçəsində (rayon) olan tarixi abidələr üçün yeni sahələr ayrılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, baraj suyu altında qalacaq tarixi abidələr arasında olan, 550 illik tarixə malik Zeynal Bəy Türbəsi başqa əraziyə köçürülüb. Türbə 4 saat ərzində yeni məskəninə yerləşdirilib.

Türbənin daşınması Türkiyədə ilk belə hadisə olub. Türbə öz yerindən 2 kilometr məsafədə yerləşən sahəyə aparılıb. Türkiyənin Mədəniyyət Nazirliyi və Dövlət Su İşləri Baş İdarəsinin birgə həyata keçirdiyi fəaliyyət nəticəsində, köçürmə işini türk və holland firmaları özü üzərinə götürüb.

Mühəndis, arxeoloq və elm adamlarından ibarət peşəkar heyətin aylarla apardığı hazırlıqlardan sonra, 1100 ton çəkisi olan Zeynal Bəy Türbəsinin köçürülməsinə qərar verilib. Türbənin aparılacağı yerə qədər xüsusi yol çəkilib. Jandarmın müşayiəti ilə türbənin daşınmasına 150 nəfərlik xüsusi heyət qatılıb.

Köçürmə əməliyyatı uğurla başa çatıb. İlçə rəhbərliyi bölgədəki digər 8 tarixi abidənin də eyni şəkildə başqa sahəyə köçürüləcəyini bildirib.

Son dərəcə qiymətli olan Zeynal Bəy Türbəsi xaricdən silindir formasında, daxildən isə səkkizguşəlidir. Onun maraqlı bir tarixçəsi var və o, bizi Azərbaycanın 6 əsr əvvəlki tarixinə aparır.

Belə ki, Ağqoyunlular 1462-1482-ci illərdə Hasankeyfi tamamilə ələ keçiriblər. Bu dövrdə Hasankeyfdə qoyduqları yeganə əsər Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Zeynal bəyin şərəfinə tikilmiş həmin türbədir.

Dəclə çayının şimalında yerləşən bu tarixi abidənin giriş qapısı üzərindəki kitabədə buranın Zeynal bəyə aid olduğu qeyd edilib. Türbənin silindirik gövdəsi üzərində firuzəyi və tünd göy rənglərdə bişmiş kərpiclə dörd bürc hörülüb. Birinci bürcdə "Allah", ikinci və üçüncü bürclərin baş hissəsində "Əhməd", dalınca "Məhəmməd", sonuncu bürcdə isə "Əli" adları heyranedici bir şəkildə həkk edilib.

Qeyd edək ki, Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycanın dövlətçilik tarixində də əhəmiyyətli yer tutublar. Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoyub.

Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirib. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq edib. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən düşməni Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.

Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilib. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeritmiş, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.

Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövrü Ağqoyunlu imperiyasında elmin, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsənin sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.

Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.

1508-ci ildə qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son qoyulduqdan sonra Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.

Əlaqədar

İki sərkərdənin uyuduğu türbə: əhali oranı ziyarət etməyə qorxurdu
700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir
Azərbaycanda yeraltı ziyarətgah: giriş qadağandır
Nəhəng yeraltı tunellər tapıldı
Teqlər:
Uzun Həsən, Ağqoyunlular, Zeynal Bəy Türbə, ilçə, Hasankeyf, su, Türkiyə

Əsas mövzular