SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin Azərbaycanda hərbi baza yaratması mümkündürmü?

© Photo : trend.azAzərbaycan və Türkiyə hərbiçiləri
Azərbaycan və Türkiyə hərbiçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Üzeyir Cəfərov: "Ölkə qanunvericiliyinə, hərbi doktrinaya və Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, Azərbaycan ərazisində hər hansı başqa xarici dövlətin hərbi bazası, yaxud əsgəri qüvvəsi yerləşdirilə bilməz"

BAKI, 21 iyul — Sputnik. "Azərbaycan ərazisində heç bir ölkə hərbi baza yaratmır. Mövcud qanunvericilik buna imkan vermir".

© ANNÜzeyir Cəfərov-hərbi ekspert
Üzeyir Cəfərov-hərbi ekspert - Sputnik Azərbaycan
Üzeyir Cəfərov-hərbi ekspert

Bunu Sputnik-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda hərbi hissə yaratması ilə bağlı mətbuatda dolaşan xəbərlərə münasibət bildirən ekspert, yayılan məlumatı şayiə adlandırıb.

"Dünən axşam ölkə başçısının imzaladığı məlum fərmanla bağlı mediada çox böyük spekulyasiyalar yayılmaqdadır. Guya Azərbaycan ərazisində başqa bir ölkə hərbi baza yaradır, filan. Əslinə qalsa, heç bir hərbi baza yaradılmır. Belə bir şeyin olması haqda fikir söyləyənlər Azərbaycan qanunvericiliyindən bixəbər dostlarımızdır", — Ü. Cəfərov bildirib.

Onun sözlərinə görə, ölkə qanunvericiliyinə, hərbi doktrinaya və Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, Azərbaycan ərazisində hər hansı başqa xarici dövlətin hərbi bazası, yaxud əsgəri qüvvəsi yerləşdirilə bilməz: "Hələlik bu qanuna heç bir dəyişiklik edilməyib. Yəni hüquqi əsas olmadığı halda necə ola bilər ki, Türkiyə Silahlı Qüvvələrinin burda hərbi bazası yaradılsın? Sadəcə məlumatsızlıq, bir qədər də dezinformasiyanın nəticəsidir ki, dünən və bu gün bütün mətbuatda ancaq belə xəbərlər dolaşır".

"Yayılan xəbərlərə nəhayət ki, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı münasibət bildirib. Həqiqətən də Tağıyev qəsəbəsindəki aerodromdan bir terminal türk qardaşlarımız üçün ayrılıb. Ona görə ki, Azərbaycan hərbçilərini beynəlxalq sülhyaratma missiyasına daşıyan "Türk ulduzları" hava qüvvələrinə məxsus təyyarələr həmin qəsəbəyə gəlir, orada uçuş və eniş edir", — mütəxəssis qeyd edib.

"O cümlədən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri zamanı ölkəmizə gələn F-16 və digər təyyarələr öz ləvazimatlarını həmin aerodroma gətirir. Onların saxlanması, qorunması sırf Türkiyə Silahlı Qüvvələri tərəfindən həmin aerodromdakı terminalda həyata keçiriləcək. Xüsusi terminal binasının ayrılması ilə birlikdə Türkiyə Silahlı Qüvvələri bütün məsələləri özləri rahat şəkildə tənzimləyə biləcəklər", — Ü. Cəfərov vurğulayıb.

O, qeyd edib ki, onsuz da Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusu yaranan gündən burada təmsil olunur: "Bu, heç bir hərbi və dövlət sirri deyil. Qardaş ölkənin məhdud sayda zabit və əsgər personalı burada təlimatçı qismində 20 ildən artıqdır ki, təmsil olunur".

Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarələri - Sputnik Azərbaycan
Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrılıb

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin".

Xəbər lenti
0