03:26 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Maliyyə hesabatı
© Sputnik / Murad Orujov

"Belə çıxır ki, müavin öz rəhbərinin fəaliyyətini araşdırmalıdır..."

AZƏRBAYCAN
Qısa URL
7501

Prezident yenə də məmurların sahibkarların işinə müdaxiləsindən danışdı, ekspertlərsə əlavə təkliflər səsləndirirlər: "Biznesə müdaxilə edən qurumları ləğv etmək lazımdır"

BAKI, 13 apr — Sputnik. "Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti yaraltmalıyıq ki, bu, mümkün olmasın. "ASAN xidmət"dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq". 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib: "Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər".

Dövlət başçısı qeyd edib ki, kiçik və orta müəssisələr hər bir iqtisadiyyatın aparıcı qüvvəsidir: "Bu, böyük iqtisadiyyata malik olan ölkələrin təcrübəsində də görünür. Burada kiçik və orta şirkətlər ən həssas vəziyyətdədir. Çünki böyük şirkətlər özlərini müdafiə edə, öz mövqelərini ortaya qoya bilir. Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir və hesab edirəm ki, bu sahədə onlar üçün şəraitin yaradılması məqsədilə inzibati və institusional tədbirlər görülməlidir".

İqtisadçı ekspert Qalib Toğrul Sputnik-ə açıqlamasında bildirib ki, oxşar müdaxilələrin qarşısını almaq üçün apellyasiya şuraları yaradılsa da, onlar problemi həll edə bilmir: "Xüsusilə kiçik və orta sahibkarlıq sahəsində sahibkarların işinə inzibati müdaxilələr çoxdur. Əsasən də belə müdaxilələr yerli icra qurumları tərəfindən olunur. Son vaxtlar bunun aradan qaldırılması ilə bağlı apellyasiya şuraları yaradıldı, amma mən hesab edirəm ki, onlar bu problemin həlli üçün kifayət deyil".

"Çünki apellyasiya şuralarının mahiyyəti "səndən sənə şikayət etmək" kimi bir şeydir. Apellyasiya şuralarının rəhbərləri adətən həmin qurumun müavinləri olur. Belə çıxır ki, müavin öz rəhbərinin fəaliyyəti barədə araşdırma aparıb müəyyən qərarlar qəbul etməlidir. Bu o qədər də real görünmür", —ekspert vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, problemin həlli üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir: "Problemin tam kökündən həll olunduğunu demək, təəssüf ki, mümkün deyil. Çünki hələ də, əsasən regionlarda icra strukturlarının biznesin işinə müdaxiləsi ilə bağlı çoxlu məlumatlar var. Amma keçmiş illərə nisbətən müdaxilələrin həcmi xeyli dərəcədə azalıb".

Onun sözlərinə görə, bunu birdəfəlik həll etmək üçün qanunvericilikdə də dəyişiklik etməyə ehtiyac var: "Yəni ölkədə 14-15 dövlət və hökümət orqanının biznesin işinə müdaxilə etmək səahiyyəti var. O səlahiyyətləri azaltmaq və bəzilərini ümumiyyətlə ləğv etmək lazımdır".

Ekspertlər qeyd ediblər ki, problemin həlli üçün, eləcə də ictimai nəzarəti həyata keçirən qeyri-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməlidir. Onların sözlərinə görə, QHT-lər bu sahədə şəffaflığın artırılması ilə bağlı daha çox iş görə bilərlər və inzibati maneələrin aradan qaldırılması ilə bağlı həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edə bilərlər.

Əlaqədar

İqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib
Struktur islahatları: kimlər gedir, kimlər qalır?
Ekspert: dövlət strukturlarına ayrılan vəsait ciddi ixtisar olunacaq
Vergilər Nazirliyində ciddi kadr və struktur dəyişikliyi baş verib
Teqlər:
inzibati tədbirlər, Qalib Toğrul, islahat, Natiq Cəfərli, cəza

Əsas mövzular