BAKI, 18 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni Prezidenti Donald Trampın tezliklə gəlişi və Rusiya Silahlı Qüvvələrinin daim irəliləməsi ilə bağlı yeni reallığı dərk edə bilmir. Lakin Macarıstanın Yeni il bayramında atəşkəslə bağlı təklifi hələ də qüvvədədir, baxmayaraq ki, Ukrayna bunu rədd edib. "RİA Novosti" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Təəssüf edirəm ki, Macarıstanın sülh missiyasının səylərinə baxmayaraq, Ukrayna rəhbərliyi hələ də masada olan atəşkəs ehtimalını rədd edib", - Siyarto "Facebook"* sosial şəbəkəsində yayımlanan videomüraciətdə bildirib.
Siyasətçinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yaxınlaşması və Rusiya ordusunun hər gün nəzərəçarpacaq dərəcədə irəliləməsi və Aİ ölkələrinin böyük əksəriyyətinin də bu vəziyyəti real olaraq görə bilməməsi eyni dərəcədə üzücüdür.
"Beləliklə, keyfiyyətcə yeni reallıq yaranıb, Avropada isə çoxları özlərini elə aparırlar ki, sanki bu baş verməyib", - Siyarto qeyd edib.
Macarıstanın baş naziri Viktor Orban bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinə RF ilə Ukrayna arasında əsirlərin mübadiləsi və Yeni il atəşkəsi ideyasını bildirib. Bu təklif diplomatik kanallar vasitəsilə Vladimir Zelenskiyə də çatdırılıb, lakin o, Orbanın sözlərinə görə, bu təklifi "rədd edib".
*Meta Rusiyada ekstremist kimi tanınıb və fəaliyyəti qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.