BAKI, 15 dekabr - Sputnik. Gələn həftə Rusiya Dövlət Duması uşaqların veyp, qəlyan və tütün istehlakından qorunması ilə bağlı qanun layihələrini nəzərdən keçirəcək. RİA Novoxti xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Gələn həftə biz uşaqları elektron siqaret, tütün, qəlyan və s. istehlakdan qorumaq üçün qanun layihələrini nəzərdən keçirəcəyik. Onlar sağlamlığa mənfi təsir edir və ciddi xəstəliklərə səbəb ola bilər”, - Volodin Telegram kanalında yazıb.
Duma sədri xatırladıb ki, qanun layihələri tütün və nikotin tərkibli məhsulların, onların istehlakı üçün cihazların və ya onların istehsalı üçün xammalın yetkinlik yaşına çatmayanlara satışına görə məsuliyyətin əhəmiyyətli dərəcədə artırılmasını təklif edir.
“Bu pozuntulara görə inzibati cərimələr bir neçə dəfə - 2 milyon rubla qədər artır. Qanun pozuntusuna təkrar yol verildikdə cinayət məsuliyyəti nəzərdə tutulur (qanun layihəsi dekabrın 10-da birinci oxunuşda qəbul edilib)”, - Dövlət Dumasının sədri qeyd etdi.
O, hesab edir ki, qanunsuz addım atan yetkin şəxslər törətdikləri hüquq pozuntusuna görə məsuliyyətin tam dərəcəsini, həmçinin cəzanın qaçılmazlığını dərk etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.