BAKI, 13 dekabr— Sputnik. Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.
Bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub.
Layihə Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirə olunub.
Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.
Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Məcəllənin 79-cu maddəsi "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri" adlanır.
Onu da əlavə edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb. Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 2019-cu ildən Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştləri tətbiq olunandan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur.
O, qeyd edib ki, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub.