BAKI, 12 noyabr - Sputnik. İqlim dəyişikliyi ilə mübarizədə bütün dünya ölkələri öz üzərinə düşəni etməlidir, lakin G20 ölkələri lider olmalıdır. Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş COP29-un açılış mərasimindəki çıxışı zamanı söyləyib.
“Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda, bəşəriyyət bunun əvəzini ödəyəcək", - deyə Baş katib əlavə edib.
BMT rəhbəri bildirib ki,
"Bütün ölkələr töhfə verməlidir. Lakin G20 liderlik etməlidir. Onlar ən böyük imkan və məsuliyyətə malik ən böyük emitentlərdir, texnoloji nou-haularını birləşdirməlidirlər - inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan iqtisadiyyatlara dəstəyi ilə".
Onun sözlərinə görə, qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün dünyanın çox az vaxtı qalıb.
Quterreş hesab edir ki, insanları iqlim böhranının dağıdıcı təsirlərindən qorumaq üçün daha çox iş görülməlidir.
Baş katib vurğulayıb ki, uyğunlaşma ehtiyacları ilə maliyyələşdirmə arasında fərq 2030-cu ilə qədər ildə 359 milyard dollara çata bilər. Onun fikrincə, qlobal temperaturun yüksəlməsini məhdudlaşdırmaq üçün emissiyaları da təcili şəkildə azaltmaq lazımdır:
“Emissiyalar 2030-cu ilə qədər hər il 9% azaldılmalı, 2019-cu illə müqayisədə 43% azaldılmalıdır. Bu o deməkdir ki, onlar bərpa olunan enerji potensialını üç dəfə artırmaq, enerji səmərəliliyini iki dəfə artırmaq və meşələrin qırılmasına son qoymaq kimi qlobal məqsədləri irəli sürərək bütün emissiyaları və bütün iqtisadiyyatı əhatə etməlidir".
O vurğulayıb ki, inkişaf etmiş ölkələr 2025-ci ilə qədər adaptasiya maliyyələşdirməsini ikiqat artıraraq ildə ən azı 40 milyard dollara çatdırmalıdır.
“Öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alsaq, üçüncü prioritet maliyyələşdirmədir. COP29 iqlim maliyyəsi üçün maneələri aradan qaldırmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakıdan əliboş getməməlidir. Razılaşma lazımdır. Bizə hazırda uyğun olan yeni maliyyə hədəfi lazımdır”, - deyə baş katib bildirib.
Quterreş onu da əlavə edib ki, günəş və külək enerjisi demək olar ki, hər yerdə yeni elektrik enerjisinin ən ucuz mənbələrinə çevrilir.
Noyabrın 11-22-də Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Sessiya çərçivəsində noyabrın 12-13-də iqlim dəyişikliyi məsələlərinə dair dünya liderlərinin sammiti təşkil olunub. Burada 80-ə yaxın dövlət və hökumət başçısı iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.