BAKI, 26 oktyabr - Sputnik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödəyib.
Bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar ödənişlərini müvafiq bankların bankomatlardan əldə edə bilərlər.
Xatırladaq ki, son günlər pensiya və müavinətlərin ödənişinin geckdirilməsi əhali arasında narazılığa səbəb olub. Pensiyaçılar qeyd ediblər ki, neçə illərdir, pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. İndi qrafik dəyişib, pensiyalar gecikir. İndi hər günə 1.20 AZN faiz cərimə hesablanır.
Pensiyaların ödəniş qrafiki niyə dəyişib?
Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin gecikməsi ilə bağlı açıqlama yayıb. DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.
Bu ay isə Bakı və Sumqayıt, Abşeron sakinləri pensiyanı oktyabrın 20-də, bölgələr isə 25-dən tez almayıb. Bu da kreditini pensiya və digər sosial müavinətlə ödəyən vətəndaşlar üçün problem yaradıb. Banklar onlara kredit ödənişini gecikdirdikləri üçün cərimə hesablayıb.