BAKI, 5 sentyabr — Sputnik. "Satışda Çin istehsalı olan ucuz və keyfiyyətsiz məktəbli formaları var. Valideynlər də qiymətdə iki-üç manat fərq olduğu üçün Çindən gətirilən, mənşəyi naməlum olan məktəbli formalarını alaraq, övladlarının sağlamlığını təhlükəyə atırlar. Heç kəs maraqlanmır ki, uyğunluq sertifikatı olmayan bu keyfiyyətsiz məktəbli formaları ölkəmizə hansı yollarla gətirilir".
Bunu Sputnik Azərbaycan-a müsahibəsində Bakı Tikiş Evinin (BTE) satış satış üzrə müdiri Etibar Əzimov söyləyib.
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığından, valideynlər artıq məktəb bazarlığına başlayıb. BTE-nin satış mağazasında övladı üçün forma seçən Türanə Osmanova Sputnik Azərbaycan-a bildirib ki, satışda hər qiymətə məktəbli forması var.
E.Əzimov isə deyir ki, bəzən valideynlər iki-üç manata görə, uşaqlarının həyatını təhlükəyə atırlar. Onun sözlərinə görə, Çindən ölkəmizə gətirilən məktəbli formaları ucuz olsa da, mənşəyi bilinmir.
BTE səlahiyyətlisi deyir ki, bu il məktəbli formalarının qiyməti də aşağı salınıb:
E.Əzimov hazırda həm qısaqol, həm də uzunqol köynəklərin 12 manata satıldığını söyləyib. Onun sözlərinə görə, Ətəklərin və şalvarların qiyməti isə 20 manatdır.
Satış müdiri deyir ki, jaketləri isə Türkiyədən gətirdiklərindən qiyməti aşağı salmaq mümkün deyil. Məktəbli jaketləri 30 manata təklif olunur. Satış müdiri hər ölçüdə məktəbli formasının olduğunu, tikiş müəssisəsinin təlabatı ödəmək üçün gündəlik iş rejiminə keçdiyini söyləyib. Hazırda Tərtər, Yevlax, Lənkəran, Qəbələ, Bərdə, Masallı, Quba və Şamaxıda məktəbli formalarının satışının təşkil edildiyini söyləyib.
Pərakəndə ticarət obyektlərində isə məktəbli formalarının qiyməti fərqlidir. Çin istehsalı olan məktəbli köynəkləri 7-8-9 manat, Türkiyə istehslalı olanlar 20-25 manatdır. Ətək və şalvarlar isə 11-18 manat arasında dəyişir. Satıcılar qiymətin keyfiyyətə görə dəyişdiyini, Çin istehsalı olan məktəbli formalarına təlabatın daha yüksək olduğunu söylədilər.
Müşahidələrimiz göstərdi ki, bu il məktəbli formalarının qiymətində 20 faiz ucuzlaşma olsa da, bazarda ən çox təlabat Çindən idxal olunan məktəbli formalarınadır. Satıcılar isə bu formaları yerli sexlərdən aldıqlarını, parçaların Çindən gətirildiyini söylədilər. Bildirdilər ki, xammal Çindən gətirilsə də, məktəbli formaları ölkədə sexlərdə tikilərək satışa buraxılır. Satıcılar sexlərdə tikilən məktəbli formalarının materialının pambıq və yun olmadığını təsdiqlədilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında 17 mart 2022-ci il 96 nömrəli qərarına görə, oğlanlar üçün şalvarlar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan tikilməlidir. Köynəklər isə pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) olmalıdır. Jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.