NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

TAP genişlənir: qaz kəməri Türkiyə qovşağının bir hissəsi olacaqmı?

Yunanıstan-Türkiyə sərhədindəki birləşmə nöqtəsində TAP-ın genişləndirilməsi üçün infrastruktur işləri planlaşdırılır. Görülən işlər nəticəsində TAP-ın ötürücülük qabiliyyəti 1,2 milyard kubmetr artacaq.
Sputnik
BAKI, 1 sentyabr - Sputnik. Avropanın enerji sektorunda bir çox cəhətdən bu çətin zamanda, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG boru kəməri şirkəti tərəfindən artıq növbəti aydan başlayaraq qaz kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi çərçivəsində infrastruktur işlərinin başlanacağını elan etməsi Brüssel üçün "kiçik də olsa, ümid işığı" yaradıb.
Şirkətdən verilən məlumata görə, Yunanıstan-Türkiyə sərhədində, TAP-ın Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) qoşulduğu məntəqədə işlərin aparılması planlaşdırılır. İnfrastruktur işləri çərçivəsində kəmərin ötürmə qabiliyyətinin ildə 1,2 milyard kubmetr qaz səviyyəsində artırılması nəzərdə tutulub.
Qaz kəmərinin gücünün genişləndirilməsi layihəsi konsorsiuma 132 milyon avroya başa gələcək və bu vəsait TAP AG tərəfindən təmin ediləcək.
TANAP qaz kəməri, arxiv
Vaxtında aparılmış genişlənmə
Qeyd edək ki, bu məlumat rəsmi Kiyevin "Qazprom"la Rusiya qazının Ukrayna qaz kəmərləri vasitəsilə Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi ilə bağlı açıqlaması ilə üst-üstə düşüb.
Belə olan halda, yeni 2025-ci ildən başlayaraq avropalı istehlakçılar soyuq havanın ən pik nöqtəsində ayda, təxminən 1,3 milyard kubmetr Rusiya qazı almağı dayandıracaqlar. Ukrayna rəsmilərinin təkcə bu bəyanatı birjada qazın qiymətini 24 saat ərzində, demək olar ki, 3% - 1 min kubmetr üçün 447 dollara qədər artırıb.
Eyni zamanda, mətbuat yazır ki, Avropa yeni istilik mövsümündə kəskin qiymət artımı və "mavi yanacağın" qismən qıtlığı ilə üzləşə bilər. Belə ki, bu gün Avropanın qaz anbarlarının doluluğu, təxminən 90% təşkil edir ki, bu da şübhəsiz ki, "mavi yanacaq" ehtiyatlarının mövcudluğu baxımından yaxşı göstəricidir. Bununla belə, ekspertlər bildiriblər ki, anbarlar ötən istilik mövsümündən qalan qazla doldurulub – qışın nisbətən mülayim keçməsi və havanın sürətlə istiləşməsi anbarlardan qazın daha ləng çəkilməsinə səbəb olub.
Bununla belə, bu il soyuqlar daha tez gəlsə və keçən illə müqayisədə daha şiddətli olsa, Avropada qaz ehtiyatları istilik mövsümünün sonuna qədər kifayət etməyə bilər.
Bu hesablamalar Rusiyadan qaz nəqlinin mümkün dayandırılmasını nəzərə almır - Rusiya qazı Ukrayna vasitəsilə Avropa bazarına çıxmağı dayandırarsa, Aİ qiymətlərdə kəskin sıçrayış gözləyir ki, bu da ilk növbədə avrozona əhalisinə və sənaye müəssisələrinə təsir edəcək.
TAP Türkiyənin qaz qovşağının bir hissəsi kimi
TAP-ın genişləndirilməsinin bu mərhələsi boru kəmərinin tranzit imkanlarının 20 milyard kubmetrə çatdırılması üzrə ortamüddətli planın tərkib hissəsidir. İldə 1,2 milyard kubmetr qaz əlavə edilməklə genişləndirmənin birinci mərhələsi 2026-cı ildən istifadəyə veriləcək. Həmin ilə qədər TAP çərçivəsində əsas qaz təchizatçısı olan Azərbaycan özünün "mavi yanacağının" Avropa bazarına ixracını 14 milyard kubmetr qaza çatdırmaq niyyətindədir.
Bununla belə, ortamüddətli perspektivdə TAP vasitəsilə qaz nəqletmə gücünün 20 milyard kubmetrə qədər artırılması planları boru kəmərinə yeni qaz mənbələrinin cəlb edilməsi üçün nəzərdə tutulub. Belə ki, illər ərzində Türkmənistan, İraq və başqaları kimi dünya bazarına qaz ixrac edən ölkələr nəzərdən keçirilirdi, lakin lazımi infrastrukturun olmaması və karbohidrogenlərin, məsələn, İraqdan tədarükü ilə bağlı bir sıra çətinliklər səbəbindən TAP çərçivəsində təchizatçı seçmək o qədər də asan deyildi.
Şübhəsiz ki, Qərb maliyyə institutlarının müəyyən investisiyaları və Brüssellə uzunmüddətli müqavilələr əsasında Azərbaycan qaz hasilatını daha sürətlə artıra və TAP-ın genişləndirilmiş gücünü öz qazı ilə doldura bilər. Ancaq bildiyiniz kimi, bu gün Aİ ilə uzunmüddətli müqavilələr üzrə razılaşmaq həmişəkindən qat-qat çətindir və buna görə də TAP-ı tam doldurmaq üçün Türkiyədə qaz qovşağının yaradılması məsələsi aktuallaşır.
"Mənşəyi məlum olmayan" qaz
Türkiyədə qaz qovşağının yaradılmasında əsas məqsəd Türkiyənin qaz anbarlarında müxtəlif mənbələrdən "mavi yanacaq" toplamaq və bu qazın ticarəti üçün birja yaratmaqdır. Beləliklə, müxtəlif mənşələrdən gələn qaz Türkiyə ərazisinə daxil olduqdan sonra mənşəyini itirir və Avropa istehlakçısı üçün sanksiyalaşdırılmayan olur.
Belə olan halda, İran və Rusiyadan gələn "mənşəyi məlum olmayan" qaz Türkiyə ərazisində uğurla satıla və mövcud qaz kəmərləri, o cümlədən TAP vasitəsilə Avropa bazarına çatdırıla bilər.
Üstəlik, belə təchizat sxeminin yaradılması üçün bütün şərait var - Türkiyə hökuməti 2028-ci ilə qədər ölkəni Avropa regionunda üçüncü ən böyük qaz anbarına çevirməyi planlaşdırır. Hazırda ölkənin iki böyük qaz anbarının – "Silivri""Tuz gölü" yeraltı qaz anbarlarının tutumu müvafiq olaraq 4,6 milyard və 1,2 milyard kubmetrdir. Ankaranın planları 2028-ci ilə qədər ölkənin ümumi qaz anbar tutumunu 14,4 milyard kubmetrə çatdırmaqdır.
Belə olan halda, Moskva və Ankara layihənin bütün detallarını razılaşdırdıqdan və müvafiq platformanın yaradılmasına keçdikdən sonra TAP regionda ən böyük qaz qovşağının bir hissəsinə çevrilə və Azərbaycan qazı ilə yanaşı, Avropa bazarını alternativ mənbələrdən "mavi yanacaq"la təmin edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
YAZARLAR
Az kükürdlü neft uğrunda rəqabət – Liviyadan "qara qızıl" tədarükünü kim əvəz edəcək