BAKI, 29 iyul — Sputnik. Azərbaycanlı boksçu Əli İsmayılovu əsl fenomen adlandırmaq olar, çünki heç də hər 50 yaşlı idmançıya nəinki yüksək nəticələr nümayiş etdirmək, hətta titullar qazanmaq nəsib olmur.
Amma "Bürünc Əli" (Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı olanda onu belə adlandırırdılar) stereotipləri qıra bilib. Bu yaxınlarda o, Moskvada 33 yaşlı dağıstanlı boksçu Rəsul Maqomedovu ikinci raundda nokaut edərək MDB çempionu titulunu qazanıb.
Veteran 2022-ci ildə yenidən peşəkar boksa qayıdıb və bu müddət ərzində bir çox döyüşlər keçirməyi bacarıb. O, geri dönüşünə Bakıda qələbə ilə başlayıb, ardınca ardıcıl məğlubiyyətlər gəlib. Ancaq uğursuzluqlar təcrübəli idmançını sındırmayıb və o, rinqə çıxmağa davam edib. Bu, sonda ona uğur gətirib. Döyüşün özünə gəldikdə isə, böyük təcrübəsinə baxmayaraq, Əli nəticədən narahat idi.
Maraqlı bir nüans. Küncdəki dağıstanlılar Əli İsmayılovun rusca yaxşı danışdığından şübhələnmədikləri üçün arxayın-arxayın qışqır-bağırla Maqomedova məsləhətlər veriblər.
Boksçu etiraf edib ki, Moskvadakı qələbə onun idmançı üçün yaşının çox olmasına baxmayaraq, karyerasını davam etdirməsi üçün güclü stimullaşdırıcı amil olub. O, Evander Holifild, Corc Forman, Bernard Hopkins və digər əfsanəvi boksçular kimi uğur qazanmaq niyyətindədir.
Onun belə əla idman formasını necə qoruyub saxlamasına gəlincə, bu, ilk növbədə sağlam həyat tərzi və daim əməl etdiyi rejim sayəsindədir.
Boksçu yaxın vaxtlarda Rəsul Maqomedovla revanş görüşünün keçirilə biləcəyini istisna etməyib, həmçinin ən böyük boks təşkilatlarından birinin əsas kəmərini qazanmağa çalışacağını əlavə edib.