BAKI, 11 iyul — Sputnik. Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir. Bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova X BRİKS Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.
"Azərbaycan öz xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək", - spiker bildirib.
Sahibə Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib.
"Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər qurmalı, qarşıdurma ilə mübarizə aparmalıdır. Avropa Parlamentində olduğu kimi, ikili standartlar platformasına çevrilməmək üçün biz səmimi dialoqu təşviq etməliyik", - Sahibə Qafarova qeyd edib.
Milli Məclisin sədri BRİKS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.