BAKI, 8 iyul — Sputnik. Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, Xidmətin və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb:
Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan hissəsində, dənizin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
"Xəzər dənizində balıqların ölüm səbəbinin müəyyən edilməsi üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib. Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Analizlərin nəticəsindən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova söyləyib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan hissəsində, dənizin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Biologiya elmləri doktoru, professor Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buna səbəb son illər müşahidə olunan iqlim dəyişiklikləridir.
Professor qeyd edib ki, son dörd-beş ildir ki, Xəzərdə balıqların kütləvi ölümü müşahidə olunur:
"Dəniz çəkildikcə dərinlik səviyyəsi də aşağı düşür. Dənizin üst hissəsində, bir metr dərinlikdə su isinir, bu zaman oksigenin miqdarı aşağı düşür. Dəniz balıqları növləri, məsələn, kilkələr, kefallar və s. əsasən iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edirlər. Burada onlar üçün müsbət olmayan bir şəraitlə rastlaşdıqları üçün məhv olurlar. Temperatur 27-28 dərəcədən yüksək olduqda balıqların kütləvi ölüm halları aşkarlanır".
Həmsöhbətimiz bildirib ki, suda oksigenin miqdarı hər litrdə 5-6 mq təşkil etməlidir. Amma su nümunələrində bu rəqəmin hər litr suda 1 mq olduğu aşkarlanıb. Onun sözlərinə görə, bu, daha çox gecədən səhərə doğru müşahidə olunur.