BAKI, 29 aprel - Sputnik. Arzum həyata keçdi.
Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın şahmatçısı, Avropa çempionu Ülviyyə Fətəliyeva söyləyib.
27 yaşlı qrossmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə ilk təəssuratlarını bölüşüb: “İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5.
Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.