BAKI, 21 aprel - Sputnik. Bakı 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" adına namizədliyini təqdim edib Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında bildirib.
Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında
© Sputnik
Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli öz növbəsində deyib ki, Bakıya 9 fərqli ölkədən nümayəndə heyəti gəlib:
“Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirdi. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.
Xatırladaq ki, aprelin 20-də Gənclər və idman naziri Fərid Qayıbov Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələrini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər.
Görüşdə 2026-cı il Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq titullara ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.