Rusiyada prezident seçkiləri

Hicran Hüseynova: Rusiyadakı prezident seçkiləri çox demokratik formada keçir

Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib.
Sputnik
BAKI, 16 mart — Sputnik. Seçkilər çox yaxşı səviyyədə, demokratik şəraitdə təşkil olunub, sakit keçir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rusiyadakı keçirilən prezident seçkilərilə bağlı jurnalistlərlə danışarkən deyib.
Onun sözlərinə görə, maraqlı bir neçə yenilik var:
"Məsələn, hələ pandemiya dövründə Rusiya elektron formatı yaratmışdı. İndi bu formatın səmərəsini nəzərə alaraq prezient seçkilərində də tətbiq edirlər və yaxşı nəticə verir. Biz bir neçə məntəqədə olmuşuq. İnsanların fəallığı yüksəkdir, heç kimə təzyiq yoxdur. Bir neçə məntəqədə müxalifət problemlər yaradıb. Ancaq bu hadisələr də təmkinlə yola verilib".
H.Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib. Onun sözlərinə görə, hamıya, xüsusilə də Azərbaycan nümayəndə heyətinə diqqət ayrılır:
"Bu da təbiidir. Azərbaycan ilə Rusiya arasında, ölkələrimizin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyətinə olan xüsusi diqqət və qayğı bir daha göstərir ki, ölkəmiz dünya arenasında nüfuza malikdir".
Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlər nəzərdə tutulub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Rusiyada prezident seçkiləri
Hicran Hüseynova Rusiya liberal-demokratlarının seçki qərargahını ziyarət edib