BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda "Qırmızı kitab"a düşmüş quşu ovlayan Qətər vətəndaşı da cəzalandırılıb.
Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 2 330 manat məbləğində cərimələnib.
Qeyd edək ki, bu gün nazirlik Azərbaycanda adı "Qırmızı kitab"a salınan bəzgək quşunu ovlayan Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas barəsində də araşdırma aparıb, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.