SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq - İlham Əliyev

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.
Sputnik
BAKI, 10 yanvar - Sputnik. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.
Prezident İlham Əliyev bu gün ölkəmiz qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacağını, onu məlumatlandıracağını bildirib.
Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq
"Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur" - İlham Əliyev söyləyib.
Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.
Xocalı soyqırımını törədən canilər ədalət qarşısında cavab verəcəklər
"Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər" - Prezident deyib.
Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərlərinin yer aldığını bildirən dövlətimizin başçısı vurğulayıb. “O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.
SİYASƏT
Prezident İlham Əliyev Fransa ilə münasibətlərin kəskinləşmə səbəblərini açıqladı