İDMAN

Azərbaycan boksçuları 2023-cü ildə rekord sayda medal qazanıblar

Azərbaycanın boks komandaları ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.
Federasiyadan verilən məlumata görə, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə ediblər.
Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.
Boksçularımız bir il öncə 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdılar.
20.11.23, 16:24
Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekord nəticə göstərib
Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub.
Federasiyadan verilən məlumata görə, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.
Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub.
U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb.
Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.